Nike və TAG Heuer Şarapova ilə müqaviləni dayandırıb

Mariya Şarapova işin təfərrüatları aydınlaşana kimi yarışlardan kənarlaşdırılıb.

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı, Mariya Şarapova işin təfərrüatları aydınlaşana kimi yarışlardan kənarlaşdırılıb.

İdman malları istehsal edən Nike şirkəti tennisçi Mariya Şarapova ilə müqaviləni müvəqqəti olaraq dayandırıb.

“Bizi Mariya Şarapova haqqında məlumat təəccübləndirib və kədərləndirmişdir. Biz araşdırma müddəti ərzində Mariya ilə əlaqələrimizi dayandırmaq qərarına gəlmişik. Biz vəziyyəti izləyəcəyik”, - CNBC televiziya kanalı şirkətin rəsmisinin bəyanatını iqtibas edir.

Bu arada, İsveçrənin TAG Heuer saat şirkəti də dopinq qalmaqalına görə rusiyalı tennisçilə reklam müqaviləsini dayandırmaq qərarını elan edib.

Şirkətdən alınan məlumatda deyilir ki, müqavilənin müddəti 31 dekabr 2015-ci ildə başa çatıb, və TAG Heuer onu uzatmamaq qərarını qəbul edib.

“Biz əməkdaşlığın uzadılmasına dair danışıqlar prosesində idik. Yaranmış situasiya ilə bağlı İsveçrə saat şirkəti danışıqları dayandırmaq və Şarapova ilə müqaviləni uzatmamaq qərarını qəbul edib”, - şirkətin məlumatında deyilir.

Nike – rusiyalı tennisçinin əsas sponsorlarından biridir. Nike və TAG Heuer şirkətlərindən başqa, rusiyalı tennisçinin 6 şirkətlə - Cole Haan, Head, Samsung, Evian və Porsche – fərdi sponsor kontraktları vardır.

Mariya Şarapova yanvarda Avstraliya turnirində dopinq testindən keçmədiyini etiraf edib.

Los Angeles-də keçirilən fövqəladə mətbuat konfransı zamanı Şarapova bəyan edib ki, 10 il ərzində ailə həkimi tərəfindən təyin edilmiş mildronat dərmanını qəbul edirmiş. Son vaxtlaradək bu dərman qadağan olunmamış idi.

Beynəlxalq Tennis Federasiyasından aldığı məktubdan o bilib ki, mildronat dərmanı həmçinin Meldonium adlanır və bu ad altında 2016-cı ilin əvvəlindən qadağan olunmuş preparatlar siyahısına daxil edilib. Nəticədə Şarapovanın dopinq testi müsbət nəticə verib.

İlk öncə Şarapova martın 12-dən, işin təfərrüatları aydınlaşdırılana kimi yarışlardan kənarlaşdırılıb.

“Bu dərman 10 il ərzində qadağa siyahısında olmayıb, və mən onu son 10 il tam leqal olaraq qəbul etmişəm, - deyə Şarapova yanvarın birindən şərtlərin dəyişdiyini və meldoniumun qadağan olunmuş preparata çevrildiyini əlavə edib. – “Mən buna bələd olmamışam”.

O, preparatı qəbul etməkdə günahı başqa kiminsə boynuna atmaqdan imtina edib.

“Mən böyük səhv etmişəm. Bunun nəticələri nə olacağını bilmirəm, lakin karyeramı belə başa vurmaq istəməzdim”, - Los Angeles-də keçirilən mətbuat konfransında Mariya Şarapova deyib.