Tanış olun: Hicarbi və ya hicablı Barbie
Hicablı kukla sosial medianın yeni ulduzuna çevrilib. BBC bu şəkilləri internetə postlamış qadını axtarıb, tapıb və ondan soruşub ki, Hicarbilər müsəlman qızları üçün ilham mənbəyi ola bilərmi?

Şəklin mənbəyi, Hijarbie
Bu ideya Hənifə Adəmin ağlına əzcaçılıq dərəcəsi üçün təhsil alarkən gəlib. O özünə belə bir sual verib ki, “Barbie hicab geyinsə, necə görünərdi?” “Mən bu boşluğu görürdüm. Əvvəllər hicablı kukla görməmişdim – deyir 24 yaşlı hicablı müsəlman qızı, - Əvvəl-əvvəl bununla bağlı nə isə etmək fikrim yoxdu. Mən sadəcə İnstagram postu göndərirdim. Heç ağlıma da gəlmirdi ki, bu, adamların xoşuna gələ bilər”.

Şəklin mənbəyi, Hijarbie
Xanım Adəm plastik oyuncaq kuklanın şəkillərini “Hijarbie” adı ilə post edib və hesab rekord davamçı qazanıb.
Dekabrda göndərdiyi ilk postdan sonra, bir-iki həftənin içində xanım Adəm çox sayda başqa hicablı qadınlardan mesajlar alıb.
Nəticədə hazırda bu hesabın 31 mindən çox izləyicisi var.
Nigeriyanın İlorin əyalətindən olan Adəm belə reaksiyadan təəccüblənib.
“Adamların çoxu əvvəllər belə bir şey görməmişdilər və bu ideya onların xoşuna gəlmişdi, - deyir xanım Adəm, - Çox sayda valideyn istəyir ki, uşaqlarının kuklaları da onlara oxşasın.”

Şəklin mənbəyi, Hijarbie
Hesabının populyarlığı artdıqca xanım Adəm də postladığı fotoların sayını və tikişə həsr etdiyi vaxtı artırıb.
“Geyimləri özüm tikirəm” – deyir.
Amma balaca kuklalara paltar tikməyin öz çətinlikləri var.
“Kuklalar balacadır, ona görə də onlar üçün bir paltarı tikmək bəzən iki saat vaxt alır. Özü də xırda detallar barədə diqqətli olmaq lazımdır” – o deyir.

Şəklin mənbəyi, Hijarbie
Bununla belə, heç də hamı bu ideyanı bəyənməyib.
“Mən bu işə başlayanda gördüm ki, çox sayda insan bu kuklalardan almaq istəyir, amma bəzən islamofobiya ilə də üzləşirdim, - Hənifə Adəm deyir , - Adamlar kuklaları lağa qoyurdular və zarafat edirdilər ki, onların paltarlarının altında bomba var”.
Xanım Adəm ümid edir ki, Hijarbie hicab geyinən qadınlar haqqında bəzi xürafatların aradan qalxmasına kömək edəcək.
“Bəziləri elə düşünürlər ki, hicab geyinən qız zülm altındadır və əslində bu, çox sayda qızın istəmədiyi bir şey olmalıdır. Lakin hicab zülm altında olmaq demək deyil. Əksinə, azadlıq və örtünmək imkanıdır” – deyir Adəm.

Şəklin mənbəyi, Hijarbie
Hazırda “Hijarbi” geniş yayılmış dəbə çevrilir.
Ötən il H&M mağazalar şəbəkəsi hicablı müsəlman qadını əks etdirən reklam kampaniyasına başlayıb.
Yanvar ayında isə italyan moda evi Dolce & Gabbana lüks hicab kolleksiyası istehsal edib.
Yaxşı bəs görəsən Hijarbie kuklasının gələcəyi varmı?
“Mən müsəlman qızları ilhamlandırmaq üçün hesab açmışam. Onlar bu hesaba öz kukla variantlarını göndərə bilərlər” – Adəm deyir.

Şəklin mənbəyi, Hijarbie
O oyuncaq kuklalar və adamlar üçün sadə geyim dəstləri yaratmaq , moda barədə bloq yazmağı davam etdirmək istəyir. “Mən bunu İnstagramda davam etdirmək istərdim, amma bilmirəm ki, vəziyyət beş ildən sonra necə olacaq. Post etdiyim işlərə diqqətlə yanaşmalıyam. Bu sahədə nüfuz və təsir sahibi olmaq istəyirəm” – Hənifə Adəm deyib .




