Stephen Hawkingin məhşər günü üçün 4 ssenarisi

Şəklin mənbəyi, PA
Tanınmış alim, professor Stephen Hawkingin fikrincə, bəşəriyyət özünün yaratdığı silsilə təhlükələr riski qarşısındadır.
O BBC auditoriyası qarşısında oxuduğu mühazirələrdən birində deyib ki, elm və texnologiyanın bundan sonrakı inkişafı “işlərin yeni səbəblərdən düz getməməsi” ilə nəticələnə bilər.
"Hər hansı müəyyən bir ildə Yer planetini izləyən fəlakətin mümkünlüyü kifayət qədər az olsa da, belə bir mümkünlük zaman keçdikcə artır və qarşıdan gələn min ildə və ya on min il ərzində az qala qaçılmaz ola bilər”.
Lakin alim, bundan əvvəl də xəbərdarlıqlar edib. Biz burada, onun fikrincə bəşəriyyətin öz bəlasına səbəb ola biləcək dörd yola nəzər yetirmişik.
Süni zəka

Şəklin mənbəyi, Getty
Professor Hawking inanır ki, düşünən maşınların yaradılması cəhdləri bizim öz varlığımız üçün təhlükə təşkil edir.
2014-cü ildə alim BBC-ə demişdi: “Tam süni zəkanın inkişaf etdirilməsi insan nəslinin axırına çıxa bilər”.
O deyir ki, süni zəkanın indiyədək yaradılmış primitiv formaları çox faydalı olub, lakin təhlükə, insan zəkasına çatan və ya onu ötən nəyinsə yaradılmasından törəyəcək nəticələrdədir.
"Belə süni zəka müstəqil olacaq və özünü getdikcə artan sürətlə təkrar yaradacaq, – deyir alim. - Bioloji təkamülünün aşağı sürəti ilə buxovlanan insan isə rəqabət apara bilməyəck və ram olacaq”.
Professor Hawking süni zəkadan qorxan yeganə şəxs deyil. Hollywood filmlərində belə bir hal daim təhlükə kimi təsvir olunur. Bunlara misal olaraq “Kosmik Odissey” (A Space Oddyssey, 1968), “Ülgüc üstündə qaçan” (Bladerunner, 1982), “Hərb oyunları” (War Games, 1983), “Terminator” və “Mən, Robot” (I, Robot, 2004) filmlərini göstərmək olar.
Nüvə müharibəsi
Lakin əgər maşınlar bizi qırmasalar, biz bunu özümüz də edə bilərik.
"İnsanın ən böyük uğursuzluğu təcavüzdür” – deyib professor Hawking ötən il London Elm Muzeyinin tamaşaçılarına. "Təcavüz, mağara zəmanəsində insanın sağ qalmaq üçün daha çox ərzaq əldə etməsinə, ərazi və ya partnyor ələ keçirməsinə imkan yaradırdısa, bu gün təcavüz bizim hamımızı məhv edə bilər”.
Bu günün kütləvi qırğın silahları Yer üzündəki bütün həyatı silib məhv etməyə qadirdir və bu silahların yayılması ən böyük qlobal narahatlıq mənbəyidir.
“Böyük nüvə müharibəsi bəşəriyyətin və bəlkə də insan nəslinin axırına çıxa bilər” – deyib professor Hawking.
Genetik yolla yetişdirilən viruslar

Şəklin mənbəyi, SPL
Lakin nüvə silahları hələ bəşəriyyətin özünüməhv ixtiralarından ən qorxulusu deyil.
2001-ci ildə alim “The Daily Telegraph” qəzetinə bildirmişdi ki, bəşər övladı öz yaratdığı virus tərəfindən Yer üzündən silinmək təhlükəsi ilə qarşılaşa bilər.
"Uzun perspektivdə mən biologiyadan nigaranam. Nüvə silahları nəhəng qurğular tələb edir, lakin gen mühəndisliyini kiçik laboratoriyada da etmək olar. Siz dünyadakı bütün laboratoriyalara nəzarət edə bilməzsizniz. Təhkükə bundadır ki, bilərəkdən və ya təsadüfdən, biz hamımızı məhv edəcək virusu yetişdirə bilərik” – demişdi professor 2001-ci ildə “The Telegraph” qəzetinə.
"Mən inanmıram ki, insan nəsli gələcək min ilə salamat çıxsın, əgər əlbəttə, kosmik məkana yayılmasa… Bir planetdə həyatı məhv edəcək o qədər hadisələr ola bilər ki…”
“12 Meymun” (12 Monkeys), “Mən əfsanəyəm” (I am Legen), “Meymunlar planetinin yüksəlişi” (Rise of Planet of Apes) və “Şər sakini” (Resident Evil) kimi filmlərin hamısında təhlükə insanın yaratdığı viruslardan qaynaqlanır.
Qlobal istiləşmə

Şəklin mənbəyi, NASA
Professor Hawking Leonardo DiCaprio-nun 2007-ci ildə çəkilmiş “11-ci saat” sənədli filmindəki apokaliptik gələcəyi belə izah edib.
“Bizim fəaliyyətimizin ən ciddi nəticələrindən biri də, qazıntı yanacağının yandırılmasından əmələ gələn karbon qazı səviyyələrinin artmasından törənən qlobal istiləşmədir. Təhlükə, əgər bu artıq baş verməyibsə, temperatur qalxmasının fasiləsiz hala keçməsidir".
Quraqlıq və meşəsizləşmə atmosferə atılan karbon qazının təkrar emalı siklini poza bilər, - deyir alim.
"Bundan əlavə Arktika və Antarktida buz qatının əriməsi günəş enerjisinin təkrar kosmosa əks olunmasını azalda, temperaturun daha da yüksəlməsinə səbəb ola bilər. Biz qlobal istiləşmənin dayanıb-dayanmayacağını bilmirik, lakin ən pis ssenari budur ki, Yer, ona qonşu planet Veneranın vəziyyətinə düşsün. Orada səthin temperaturu 250 dərəcəyə çatır və sulfat turşusu yağışları yağır. Bəşər oğlu belə şəraitdə yaşaya bilməz".




