Zika: Rio-de-Janeyro rəsmiləri Olimpiya Oyunları ilə bağlı planları açıqlayıb

Şəklin mənbəyi, AP
Rio-de-Janeyroda hakimiyyət orqanları bu il keçiriləcək Olimpiya Oyunları zamanı Zika virusun yayılmasının qarşısını almaq üçün planlarını açıqlayıb.
Yeni doğulmuş körpələr arasında ağır fəsadlar yaradan ağcaqanadların yaydığı xəstəlik həm Braziliyada, həm də xaricdə artan narahatlığa səbəb olub.
Olimpiya komplekslərinin müfəttişliyi buralarda ağcaqanadların çoxalma yerlərini məhv etmək üçün Oyunlardan dörd ay əvvəl fəaliyyətə başlayacaq.
Oyunlar zamanı da gündəlik təmizləmələr baş tutacaq.
Lakin dərmanlama yalnız atletlərin və qonaqların sağlamlığında şübhələr yaranarsa aparılacaq.
Braziliyanın Səhiyyə Nazirliyi deyir ki, Oyunların avqustda, havaların sərin və quru olduğu zaman keçiriləcəyindən ağcaqanadların sayı da az olacaq, bu o deməkdir ki, virusa yoluxma halları da azala bilər.
Bundan əvvəl ABŞ-ın səhiyyə qurumu hamilə qadınlara Kolumbiya, Ekvador, El Salvador və Yamayka da daxil olmaqla, Zika hallarının qeydə alındığı 20 ölkəyə getməmək xəbərdarlığı edib.
Virus Braziliyada başlayıb. Braziliya bildirib ki, 4000-ə yaxın körpə "mikrosefaliya" və ya qeyri-adi kiçik başla doğulub.
Zika virusu nədir?
Virus Aedes aegypti adlanan və özündə denge qızdırması və sarı qızdırma törədicilərini gəzdirən ağcaqanadların sancması nəticəsində yayılır.
Virus 1940-ci ildə Afrikada kəşf edilib, lakin Latın Amerikasında indi yayılıb.
Alimlər deyir ki, mikrosefaliya ilə bu virus arasında əlaqələrin olması barədə dəlillər çoxalır.
Virus qızdırma və səpki yaratsa da, bəzi insanlarda heç bir simptomu hiss edilmir.
Virusun müalicəsi yoxdur.
Onunla yeganə mübarizə yolu, sancılmış yeri keyitmək və ağcaqanad sancmasından qorunmaqdır.




