ABŞ və Aİ İran üzərindən sanksiyaları götürürlər

Məhəmməd Cavad Zərif və Federica Mogherini bəyan ediblər ki, birgə hərəkətlər planı qəbul edən tərəflər üzərlərinə götürdükləri öhdəliklərin dürüst yerinə yetirilməsinə çalışıblar

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı, Məhəmməd Cavad Zərif və Federica Mogherini bəyan ediblər ki, birgə hərəkətlər planı qəbul edən tərəflər üzərlərinə götürdükləri öhdəliklərin dürüst yerinə yetirilməsinə çalışıblar

ABŞ və Avropa İttifaqı İrana dair sanksiyaların ləğv edildiyini bəyan ediblər. Bu qərar Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi (MAQATE) tərəfindən Tehranın öz nüvə proqramının demontajı üzrə bütün şərtlərin yerinə yetirildiyi elan edildikdən sonra qəbul olunub.

Dövlət katibi John Kerry bəyan edib ki, söhbət ABŞ-ın İran nüvə proqramının qarşısını almaq səyləri ilə əsaslandırılan sanksiyalardan gedir.

Aİ tərəfindən İrana qarşı tətbiq edilən sanksiyaların ləğv olunması haqqında qərar, gözlənildiyi kimi, dərhal Avropa İttifaqının rəsmi bülletenində dərc olunduqdan sonra qüvvəyə minəcək.

Aİ xarici siyasət üzrə ali komissarı Federica Mogherini həm Aİ, həm də İttifaqa üzv olan ayrı-ayrı ölkə hökumətləri tərəfindən tətbiq edilən sanksiyaların ləğv olunacağını qeyd edib.

“Bir halda ki, İran öz öhdəliklərini yerinə yetirib, bu gün Tehranın nüvə proqramı ilə bağlı beynəlxalq və milli iqtisadi və maliyyə sanksiyaları ləğv olunur”, - Mogherini bəyan edib.

İran xarici işlər naziri Məhəmməd Cavad Zərif qeyd edib ki, yarım il bundan əvvəl beynəlxalq “altılar”la danışıqlar nəticəsində razılaşdırılmış birgə hərəkət planının yerinə yetirilməsi əsnasında bütün tərəflər götürdükləri öhdəlikləri yerinə yetirməyə çalışıblar.

İran və dünyanın altı dövləti - ABŞ, Britaniya, Fransa, Çin, Rusiya və Almaniya (P5+1 qrupu) - arasında 2006-cı ildə başlanmış danışıqlar ötən ilin iyul ayında birgə hərəkətlər planının qəbul olunması ilə yekunlaşıb. Həmin planın yerinə yetirilməsi təqdirdə İran üzərindən BMT Təhlükəsizlik Şurası, ABŞ və Avropa İttifaqı tərəfindən tətbiq edilən iqtisadi və maliyyə sanksiyalarının ləğv edilməsi nəzərdə tutulurdu.