ABŞ lotereyasında $900 milyon cəkpotu udan olmayıb

Şəklin mənbəyi, EPA
ABŞ tarixində ən böyük, 900 milyon dollarlıq (1,41 milyard AZN) lotereya cəkpotunu heç kim udmayıb. Şənbə günü keçirilən Powerball tirajı qalibsiz nəticələnib.
Tirajdan əvvəl lotereya biletlərinin satış yerlərində uzun növbələr müşahidə olunub və uduş məbləği sürətlə artıb.
Beləliklə uduş məbləği çərşənbə günü keçiriləcək tiraja əlavə olunur və növbəti cəkpotun 1,3 milyard dollar (2,04 milyard AZN) olacağı proqnozlaşdırılır.
Şənbə günü keçirilən tirajda udan rəqəmlər 32, 16, 19, 57 və 34, Powerball rəqəmi isə 13 olub.
Powerball lotereyasında ABŞ-ın 50 ştatından 44-ü və daha üç Amerika ərazisi iştirak edir. Tiraj hər çərşənbə və şənbə günləri yerli vaxtla 22:59-da keçirilir.
Qaliblərin iki seçimi olur: bütöv cəkpotu 29 il ərzində, illik ödəmələrlə almaq və ya birdəfəlik, daha kiçik məbləğ almaq. Bu səfər "daha kiçik" məbləğ 558 milyon dollar (874 milyon AZN) olacaqdı.
