Ən böyük müsəlman ölkəsindən ən az cihadçı

İndoneziya dünyanın ən böyük müsəlman əhalisinə malik ölkədir.

Şəklin mənbəyi, Getty

Şəklin alt yazısı, İndoneziya dünyanın ən böyük müsəlman əhalisinə malik ölkədir.

BBC Monitoring-dən Tim Byard-Jones yazır ki, dünyanın ən böyük müsəlman əhalisinə malik İndoneziyanın İslam Dövləti adlanan təşkilata ən az cihad səfərbəri verməsi bir çoxlarını təəccübləndirir.

Məqalədə deyilir ki, bunun əsas səbəbi İndoneziya İslamının mötədilliyi və hökumətin səmərəli antiterror fəaliyyətidir. Lakin ən mühüm amil budur ki, ölkənin siyasi arenası xilafətin yaradılmasına və şəriət qanunlarının tətbiqinə çağıran siyasi təşkilatlar üçün də açıqdır. Başqa sözlərlə, belə açıqlıq zorakı qruplaşmaları səfərbərlik zəminindən məhrum edir.

İslam Dövləti İndoneziyada

Dekabr ayında ölkənin təhlükəsizlik naziri Luhut Pandjaitan İD-ə qoşulmaq niyyəti ilə Yaxın Şərqə səfər edən indoneziyalılara qarşı tədbirlər paketini elan edib. O deyib ki, əcnəbi cihadçı olan hər hansı indoneziyalı ölkə vətəndaşlığından dərhal məhrum ediləcək. Ölkənin təhlükəsizlik idarəsi BİN bildirir ki, hazırda İD-ə qoşulmaq üçün səfər etmiş 700-dək indoneziyalı var.

İndoneziyada istər geri qayıdan cihadçılara, istərsə də İD-ə dəstək ifadə edənlərə təhlükə kimi baxılır. Hazırda hakimiyyət orqanlarının diqqəti Şərqi İndoneziyadakı Mücahidin qrupu üzərinə yönəlib. Bu təşkilata axtarışda olan təhlükəli terror şübhəlisi Santoso başçılıq edir. O bir qədər əvvəl İD-ə sədaqətini elan etmişdi.

İndoneziyanın təhlükəsizlik naziri Luhut Pandjaitan əcnəbi cihadçı olan hər hansı indoneziyalının vətəndaşlıqdan məhrum ediləcəyini bildirib.
Şəklin alt yazısı, İndoneziyanın təhlükəsizlik naziri Luhut Pandjaitan əcnəbi cihadçı olan hər hansı indoneziyalının vətəndaşlıqdan məhrum ediləcəyini bildirib.

İndoneziyada İD-in təsirindən ən dərin narahatlıq keçirən ölkə regional supergüc sayılan Avstraliyadır. Avstraliya İD-in uzaq İndoneziyada xilafət yaradacağından narahat olmasa da, təşkilatın regionda özünə daimi “ayaqyeri” edə biləcəyindən nigarandır.

Densus 88

2002-ci ildə baş vermis Bali basqınından sonra İndoneziya, Densus 88 kimi tanınan xüsusi antiterror bölümü yaradıb.

Bu birləşməyə Qərbin təhlükəsizlik xidmətləri təlim verir. Antiterror bölümü indiyədək səmərəli fəaliyyət göstərə bilib. Məsələn, Bali basqının arxasında durduğu düşünülən Cemaa İslamiyya təşkilatının üzvləri ya həbs olunub, ya da öldürülüblər.

Terror əleyhinə mübarizə aparan Densus 88 xüsusi polis birləşməsinə Qərbin təhlükəsizlik xidmətləri təlim keçir.

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı, Terror əleyhinə mübarizə aparan Densus 88 xüsusi polis birləşməsinə Qərbin təhlükəsizlik xidmətləri təlim keçir.

Elə ötən dekabrda ingilisdilli Jakarta Post qəzetinin yazdığına görə, Densus 88 Milad və Yeni il bayramlarında xristianlara, şiələrə və elə Densus 88-in özünə qarşı terror aktları planlaşdıran 9 şübhəlini həbs edib. Həbslər Yava və Sumatra adalarında həyata keçirilib və həbs edilənlərdən birinin uyğur olduğu xəbər verilir.

İndoneziyada İslam

İndoneziyada İD-ə tərəfdar olanlar hələlik kiçik azlıq təşkil edirlər. İndoneziyanın (eləcə də dünyanın) ən böyük müsəlman təşkilatı - Nahdlatul Ulamanın (NU) 40 milyon üzvü var. 1926-cı ildə yaradılmış bu təşkilat İslamın sufilikdən təsirlənmiş mötədil formasını təbliğ edir. NU islamaqədərki dinlərə və ənənələrə dözümlülük göstərir. Noyabr ayında NU sədri Said Aqil Siraj bütün müsəlmanları İD təlimini rədd etməyə çağırıb.

NU tarixən 1912-ci ildən fəaliyyət göstərən Məhəmmədiyyə təşkilatına cavab olaraq yaradılıb. Məhəmmədiyyə təriqəti Quranın fərdi təfsirinə icazə verir. Bu təşkilatın 29 milyon üzvü var. Məhəmmədiyyə daha çox məktəblər, universitetlət və xəstəxanalarla maraqlanır. Təşkilatın üzvləri özlərini “müasir müsəlman” adlandırır və sufiliyi rədd edirlər.

Belə ağır təşkilatlar arasında mümkün ixtilafların baş verməməsi üçün 1975-ci ildə İndoneziya hökuməti Ruhanilər Şurası təşkil edib. Bu qurum milli maraqlara xidmət edən fətvalar vermək səlahiyyətinə malikdir.

İndoneziyanın (eləcə də dünyanın) ən böyük müsəlman təşkilatı - Nahdlatul Ulamanın (NU) 40 milyon üzvü var.
Şəklin alt yazısı, İndoneziyanın (eləcə də dünyanın) ən böyük müsəlman təşkilatı - Nahdlatul Ulamanın (NU) 40 milyon üzvü var.

2014-cü ilin avqustunda qurumun sədr müavini Maruf Amin mediaya deyib ki, İD xaraktercə antislamidir və onun hərəkətləri şəriətlə qadağan hesab olunmalıdır.

Xilafətə çağırışlar

İndoneziyada bir neçə siyasi partiya geniş islamçı gündəliyə malikdir. Bunlar Vahid İnkişaf Partiyası (PPP) və Firavan Ədalət Partiyasıdır (PKS). Lakin onlarla yanaşı xilafətin qurulmasına və şəriət qanunlarının tətbiqinə çağıran bir sıra radikal qruplaşmalar da var.

İndoneziya Hizbut-Təhriri (İHT) 1953-cü ildə Yerusəlimdə təsis edilmiş beynəlxalq Hizbut-Təhrir təşkilatına daxildir. Hizbut-Təhrir bir sıra ölkələrdə qadağan olunsa da, İndoneziyada sərbəst fəaliyyət gösrtərir. Təşkilat o qədər sərbəstdir ki, hətta 2007-ci ildə “Beynəlxalq Xilafət Konfransı” keçirib. Maraqlıdır ki, İTH İslam Dövləti adlanan təşkilatla eyni siyasi məqsədlərə malik olsa da, Qərbdə geniş yayılmış mülahizələri rədd edir. Təşkilat Qərbin tənqidlərinə cavab olaraq bildirir ki, “kapitalizm müsəlmanlar üçün daha böyük təhlükə təşkil edir” və “Qərb tərəfindən qondarılmış İD-in” xilafət çağırışları ilə heç bir əlaqəsi yoxdur.

İndoneziya Mücahidin Şurası (MMİ) Abu Bakar Baasir tərəfindən təsis edilib. Bu ruhani lider 1972-ci ildə Surakartada əl-Mukmin internat məktəbini yaratmışdı. O Suharto rejimi (1966-98) zamanında, 1978-82-ci illər arasında həbsxanada olub. Baasir sonralar Malayziyaya qaçsa da, Suharto devrildikdən sonra vətənə qayıdıb, lakin 2011-ci ildə cihadçı təlim düşərgəsinə dəstək verdiyinə görə yenidən həbsxanadadır.

İslamı Müdafiə Cəbhəsi 1998-ci ildə Muhammad Rizieq Syihab tərəfindən yaradılıb. Qrupun özfəaliyyəti sayılan “namus və fəzilət eskadronu” dini tolerantlığı təbliğ edən təşkilatların, habelə şiə və Əhmədiyyə müsəlmanlarının, xristianların üzərinə bir neçə zorakı hücumda bulunub. Təşkilat alkoqollu içkilər satan dükanlara da basqınlar edib. Bir neçə üzvünün həbsxanada olmasına baxmayaraq təşkilat İndoneziyada hələ də leqal qaydada fəaliyyət göstərir.