Səudiyyə nüfuzlu şiə ruhanisini edam edib

Şəklin mənbəyi, AP
Səudiyyə Ərəbistanı tanınmış şiə ruhanisi Şeyx Nimr əl-Nimr haqqında çıxardığı ölüm hökmünü icra edib, ölkənin Daxili İşlər Nazirliyi bildirir.
Rəsmi məlumata əsasən ruhani terrorçuluq ittihamı ilə edam cəzasına məhkum edilmiş 47 nəfərdən biri olub.
Şeyx Nimr ölkənin Şərq əyalətində hökumət əleyhinə 2011-ci ildə başlayan etirazların dəstəkçisi olub. Şərq əyalətində şiələrdən ibarət çoxluq mərkəzi hakimiyyət tərəfindən sıxışdırıldığını bildirir.
İki il əvvəl Şeyx əl-Nimr həbs edilərkən yaralanıb. Onun yaxalanması bir neçə gün davam edən iğtişaşlara təkan verib.
Oktyabr ayında şiə ruhanisinə ölüm cəzasının çıxarıldığı təsdiqlənib.
Qardaşının dediyinə görə Şeyx əl-Nimr krallığın işlərinə “xarici müdaxilə”nin təşkili, itaətsizlik və silahlı müqavimətdə müqəssir tanınıb.
Ruhaninin yaxınları onun terrorçuluqla əlaqəsi olmadığını və yalnız dinc çıxışlara dəstək verdiyini bildirirlər.
Bundan əvvəl Səudiyyənin bölgədə əsas rəqibi sayılan İran xəbərdarlıqla çıxış edərək bəyan etmişdi ki, şiə ruhanisinin edamı “Səudiyyə Ərəbistanına baha başa gələ bilər”.
Ər-Riyad İranı ölkənin şərqindəki əhalini narazılığa təşviq etməkdə suçlayır.
Şərq əyalətində etirazlar qonşu Bəhreyndə demokratikləşmə çağırışları ilə 2011-ci ildə başlayan kütləvi çıxışlardan sonra yer alıb. Əhalisinin əksəriyyəti şiə olan Bəhreyn sünni kral ailəsi tərəfindən idarə edilir.
Səudiyyə hakimiyyəti şiələrə qarşı ayrıseçkiliyə yol verdiyi barədə ittihamları rədd edir.




