Səudiyyədə şiə ruhanisinə ölüm cəzası kəsilib

Şəklin mənbəyi, AP
Səudiyyə Ərəbistanındakı məhkəmə tanınmış şiə ruhanisinə ölüm cəzası kəsib, məhkumun qardaşı Twitter vasitəsilə bildirir.
Ötən il məhkəmə qarşısına çıxarılan Şeyx Nimr Baqir al-Nimr “ayrıseçklik salmaq” və “ölkənin bütövlüyünə xələl gətirmək”də ittiham olunur.
Ruhani 2011-ci ildə ölkənin Şərq əyalətində baş verən hökumət əleyhinə kütləvi etirazların dəstəkçisi olub.
İki il əvvəl həbs edilərkən o, polis tərəfindən güllə ilə vurularaq yaralanıb. Bu hadisə günlər ərzində davam edən qanlı iğtişaşlara təkan verib.
Neftlə zəngin Şərq əyalətində əhalinin çoxunu təşkil edən şiələr sünni Kral hakimiyyəti tərəfindən ayrıseçkiliyə məruz qaldıqlarından şikayət edirlər.
Şərq əyalətində etirazlar qonşu Bəhreyndə demokratikləşmə çağırışları ilə 2011-ci ildə başlayan üsyandan sonra yer alıb. Əhalisinin əksəriyyəti şiə olan Bəhreyn dövlət başında olan sünni kral ailəsi tərəfindən idarə edilir.
Ölkədə narazılıq yaratmaqda İranı suçlayan Səudiyyə hakimiyyəti şiələrə qarşı ayrıseçkiliyə yol vermədiyini bildirir.
