"Maaşlarda gender fərqi 118 ilə aradan qalxa bilər"

Şəklin mənbəyi, Reuters
- Müəllif, Naomi Grimley
- Vəzifə, BBC-nin Qlobal məsələlər müxbiri
Dünya İqtisadi Forumunun (DİF) gəldiyi qənaətə görə, kişilər və qadınların maaşlarındakı fərq bu gedişlə yalnız 118 ildən sonra, yəni 2133-cü ildə aradan qalxa bilər.
DİF-in Qlopal Gender Fərqi (Global Gender Gap) hesabatına görə, hazırda qadınlar kişilərin hələ 2006-cı ildə qazandıqları maaşları alırlar.
Hesabatda deyilir ki, fərqin aradan qalxması, daha çox qadının iş yerlərinə daxil olduğu son illərdə bir qədər yavaşlayıb.
Əslində qlobal işçi qüvvəsinin sıralarındakı qadınların sayı son 10 il ərzində 250 milyon nəfər artıb.
Bəzi ölkələrdə universitetlərdə təhsil alan qadınların sayı kişilərdən çox olsa da, bu heç də o demək deyildir ki, sözü gedən nisbət qadınların ixtisaslı işlərə və ya aparıcı postlara təyin edilməsində də əks olunur.
DİF-in hesabatında müxtəlif ölkələrdə qadın və kişilərin dörd sahə üzrə bərabər hüquq və imkanlara malik olub-olmamasına baxılıb: səhiyyə, təhsil, iqtisadiyyatda iştirak və siyasi hakimiyyətdə pay.
Şimali Avropa ölkələri, ümumilikdə gender fərqinin aradan qaldırılması sahəsində 10 il əvvəl olduğu kimi liderdir. Bu ölkələr tam bərabərliyə nail ola bilməsələr də, bu sahədə 145 ölkə arasında İslandiya birinci, Norveç ikinci, Finlandiya üçüncü, İsveç isə dördüncü yerləri tutur.
"Bu ölkələrdə bütün dünya üzrə ən yaxşı ailə siyasətləri yürüdülür, - deyir hesabatın əsas müəlliflərindən Sadiya Zahidi – Onların uşaqlara qayğı sistemi dünyada ən yaxşı sistemdir və onlar atalıq, analıq və ailə məzuniyyəti sahəsində ən yaxşı qanunlara malikdirlər.”
Reytinq cədvəlində ən gözlənilməzi 6-cı yeri tutan Ruandadır. ABŞ və Birləşmiş Krallığı da geridə buraxmış bu Afrika ölkəsinin yaxşı göstəricələri ölkədəki siyasətçi qadınların sayına görədir.
Bu ona görə baş verib ki, Ruandada yer almış soyqırımdan sonra siyasətə daha çox qadının gətirilməsi qərara alınıb. İndi bu ölkədə bütün millət vəkillərinin 64 faizi qadınlardır. Ruandada işçi qadınların sayı da kişilərdən çoxdur.
Zirvələr uğrunda mübarizə
Son on il ərzində ən heyrətamiz dəyişikliklər təhsil sahəsində baş verib. Əslində, hesabata görə, bu sahədə tərsinə bərabərsizlik artır. Dünyanın 98 ölkəsində universitetlərdə təhsil alan qadınların sayı kişilərdən çoxdur.
Xanım Zahidi deyir ki, məsələn, Qətərdə universitetdə təhsil alan qadınların sayı kişilərdən 6 dəfə çoxdur. Barbados və Yamaykada universitetlərə qəbul edilən qadınların sayı kişiləri 2-2,5 dəfə üstələyir.
Daha çox qadın ali təhsil aldıqca, daha çox ailələr bu təhsilin maliyyə bədəlini görmək istəyir. Dünyanın 68 ölkəsində həkimlik, müəllimlik və hüquqşünaslıq kimi ixtisaslı peşələrdə qadınların sayı kişilərdən çoxdur.
Buna baxmayaraq, qadınlar hələ də biznes, siyasət və dövlət işlərində kişilər kimi ən yüksək vəzifələrdə görünmürlər. DİF-in hesablamasına görə, dünyanın yalnız üç ölkəsində lider mövqeyini tutan qadınların sayı kişilərdən çoxdur. Bunlar Filippin, Fici və Kolumbiyadır.

Şəklin mənbəyi, Thinkstock
Bəziləri təəccüblənə bilərlər ki, bu reytinqdə Səudiyyə Ərəbistanının (134) yeri İordaniya və Livandan daha yüksəkdir. Lakin xanım Zahidi bu qənaətdədir ki, Səudiyyədə proseslər hələlik səth altında gedir.
"Bu, əslində son on ildə ən çox tərəqqi etmiş ölkələrdəndir, - deyir Zahidi, - Orada daha çox qadının iş yerlərinə gətirilməsi üçün Əmək Nazirliyinin aydın strategiyası mövcuddur.”
Mədəniyyət dəyişikliyinə çağırış
Lakin qlobal mənzərə gender bərabərliyinə doğru gedən yolun rəvan tərəqqi yolu olmadığını əks etdirir. Bu illər ərzində bir neçə ölkədə geriləmə baş verib. Bunlar İordaniya, Mali, Xorvatiya, Slovakiya Respublikası və Şri lankadır.
Hesabat müəllifləri təəssüflə bildirirlər ki, geriləmə nəzərə çarpacaq dərəcədə, məhz son bir neçə ildə baş verib.
Əldə olan məlumatlara görə, bu gün qadınlar kişilərin on il əvvəl aldıqları maaşı alırlar. Qadınlar üçün qlobal orta maaş ildə 11 min dollar olduğu halda, kişilər orta qlobal hesabla ildə 20 min 500 dollar qazanırlar.
Xanım Zahidi deyir ki, bunu bəlkə də əldə daha çox məlumatın olması ilə izah etmək lazımdır. “Hazırda bu problemə daha böyük diqqət var və bir sıra islahedici tədbirlər həyata keçirilib. Lakin ola bilsin, bu tədbirlər hələlik tam bəhrə verməyib” - deyib xanım Zahidi.
Elə isə gender bərabərliyi uğrunda mübarizənin növbəti mərhələsi nədir?
Xanım Zahidi əmindir ki, daha böyük yanaşma dəyişikliyi, təkcə hökumətlərin və bizneslərin tərkibində yox, həm də ailədə baş verməlidir.
"Biz evdəki əmək bölgüsünün yeni mədəniyyətinə nail ola bilməsək, qadınların çiyinlərindəki əlavə yük qalmaqda davam edəcək, - deyir Zahidi, - Bu isə o deməkdir ki, biz qadınların orta idarəçilikdən yüksək postlaradək işçi qüvvəsinə qoşulmasının indiki intensivliyini saxlaya bilməyəcəyik.”




