İran Suriya müzakirələrinə qoşulur

Şəklin mənbəyi, AP
İranın xarici işlər naziri Mohammad Javad Zarif bu həftə Vyanada Suriya böhranı ətrafında beynəlxalq müzakirələrə qatılacaq, xarici işlər nazirliyinin sözçüsü açıqlayıb.
Suriya prezidenti Bəşər əl-Əsədin müttəfiqi olan İran, ilk dəfədir ki, ABŞ-ın da iştirak etdiyi belə sammitə qoşulur.
Danışıqlarda ABŞ, Rusiya, Səudiyyə Ərəbistanı və Türkiyənin xarici işlər nazirləri iştirak edəcək.
Bundan əvvəl ABŞ bildirib ki, Vyana görüşündə iştirak etmək üçün İrana dəvətnamə göndərilib.
Suriyada Qərbin dəstəklədiyi müxalifət bu hərəkəti qınayıb.
Bu arada, Rusiya bildirib ki, onun hava gəmiləri Suriyada son 24 saat ərzində 118 "terrorçu" hədəflərini bombalayıb.
Rusiyanın müdafiə nazirliyi hadisəni yeni kəşfiyyatın nəticəsi kimi qiymətləndirib.
Əsas müzakirələrin cümə günü keçirilməsi nəzərdə tutulsa da, diplomatlar hazırlıq görüşlərinin cümə axşamından başlayacağını qeyd edir.

Şəklin mənbəyi, Reuters
"Dəvətə yenidən baxdıq və qərara aldıq ki, xarici işlər naziri danışıqlara qoşulsun", sözçü Marzieh Afkham deyib.
Misir və İraq da görüşə dəvəti qəbul edib.
BBC-nin diplomatik məsələlər üzrə müxbiri James Robbins deyir ki, İranın Suriya danışıqlarına qoşulmasına elə də könüllü olmayan ABŞ, indi Tehranın varlığını xoşgörü ilə qarşılayacaq.
İranın Fars xəbər agentliyi deyib ki, çərşənbə axşamı cənab Zarif Vyana danışıqlarında iştirak edib-etməməyi rusiyalı həmkarı Sergey Lavrovla telefonda müzakirə edib.
Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə deyib ki, Rusiya Suriya barədə "dialoqu genişlətmək" istəyib.
İranın son 4 ildə prezident Əsəd hakimiyyətinə hərbi məsləhətçilər və silah verməklə milyardlarla dollar yardım etdiyi güman edilir.
Suriyanın siyasi müxalifəti bildirib ki, İranın danışıqlara daxil olmaqsı vəziyyəti gərginləşdirəcək.
Suriyada niyə müharibə gedir?
Hökumət əleyhinə etirazlar 4 ildir ki, davam edərək dalana girən vətəndaş müharibəsilə nəticələnib. Əsəd hökuməti, İslam Dövləti qruplaşması, çoxsaylı Suriya üsyançıları və kürd döyüşçüləri müxtəlif ərazilərə nəzarət edirlər.
Kimi kimə qarşı vuruşur?
Paytaxt Dəməşq, ölkənin mərkəzi və qərbində yerləşən hökumət qüvvələri, İslam Dövləti qruplaşmasına, ən-Nüsrə cəbhəsinə və ölkənin şimalı ilə şərqindəki daha azsaylı “mötədil” üsyançı qruplarına qarşı vuruşur. Bu qruplar həmçinin bir-birilə vuruşurlar.
İnsan itkilərinin sayı nə qədərdir?
Münaqişədə 250,000 suriyalı öldürülüb və milyondan artıq adam yaralanıb. Daha 11 milyona yaxın insan evlərini tərk etməyə məcbur olub. Onlardan 4 milyonu ölkə xaricinə gedib. Bu rəqəm sayı artmaqda olan Avropaya yollananları da əhatə edir.
Dünya necə reaksiya verib?
İran, Rusiya və Livandakı Hizbullah hərəkatı əl-Əsəd hökumətinə dəstək verir. Türkiyə, Səudiyyə Ərəbistanı və Qətər, ABŞ, Britaniya və Fransa ilə yanaşı sünnilərin çoxluq təşkil etdiyi daha mötədil müxalifəti dəstəkləyirlər. Hesab edilir ki, Hizbullah və İran Suriyada qoşun və zabitlərə malikdir. Bu arada Qərb rəhbərliyilə yaradılmış koalisiya və Rusiya hava zərbələri həyata keçirir.




