Suriya miqrantları Murmanskda niyə velosiped alırlar?

Şəklin mənbəyi, Reuters

    • Müəllif, Nick Holland
    • Vəzifə, BBC, Rusiya-Norveç sərhədi

Yüzlərlə miqrant Rusiya-Norveç sərhədini velosipedlə keçir. Onlar Aralıq Dənizini yan keçərək Avropaya çatmağın daha təhlükəsiz yolunu aşkar ediblər.

Arktikada yerləşən bu sərhədi piyada keçməyə icazə verilmədiyi üçün miqrantlar velosiped alır. Tələbata görə velosiped satışları artmaqdadır.

180 santimetr boyu olan Fahed əlilə dizinə işarə edərək, üzərində sərhədin Norveç tərəfinə keçdiyi velosipedin hündürlüyünü göstərir.

Vaxtaşırı velosipedlər metal tullantıları üzrə qəbul məntəqəsinə göndərilir.
Şəklin alt yazısı, Vaxtaşırı velosipedlər metal tullantıları üzrə qəbul məntəqəsinə göndərilir.

"Uşaq velosipedilə gəlmisiniz?”- deyə soruşuram: "Bəli. Bəli. Uşaq velosipedilə”.

Daha bir siqaret çəkərək, o gülümsəyir. Az-maz ingiliscə danışan Fahed Əlcəzairdəndir. O, Rusiya-Norveç sərhədinin şimal hissəsində rast gəldiyimiz miqrantlardan biridir.

Sərhəddə Avropaya üz tutan onun kimi adamların sayı artmaqdadır. 2014-cü ildə Borisoqlebsk-Sturskuq sərhəd məntəqəsini cəmi 7 mirqant keçib.

Lakin yalnız bu ilin oktyabr ayında sığınacaq ümidilə Avropaya keçənlərin sayı 11 minə çatıb. Əksəriyyət Suriyadandır. Lakin miqrantlar arasında İraq, Əfqanıstan və Livan sakinləri də var.

Onların hamısına sərhədi keçmək üçün velosiped lazımdı. Çünki Rusiya öz sərhədini piyada keçməyə icazə vermir. Norveç qaydalarına görə isə sənədsiz sərnişinləri daşımaq yasaqdır.

"Paket turizmi"

Fahed sərhədyanı Murmansk şəhərində aldığı velosipedinə görə 200 dollar ödədiyini deyir. Bu qiymətə şəhərdən sərhədə kimi səfər də daxildir. Ona görə Fahed “paket turizmi” adlandırdığı sövdələşmədən razı qaldığını deyir.

Oktyabr ayında Rusiya-Norveç sərhədini 1100 adam keçib.
Şəklin alt yazısı, Oktyabr ayında Rusiya-Norveç sərhədini 1100 adam keçib.

O, velosipedi yalnız bir dəfə - 120 metr eni olan sərhəd zolağını keçərkən istifadə edib.

Yəni, dəyəri məsafəyə bölünəndə belə çıxır ki, yolun hər bir metri 1,6 dollara başa gəlib. Hərçənd ki, Fahed Avropaya çatmaq üçün bunun elə də, böyük bir qiymət olmadığını deyir.

Norveçdə sığınacağa müraciət edənləri Kirkenes şəhəri yaxınlığındakı müvəqqəti qəbul mərkəzində yerləşdirirlər. Yeni tikilən mərkəzdə 500 adamı yerləşdirmək olacaq.

Sərhədi piyada keçənlər də olur. Lakin onlar yanında velosiped gəzdirirlər.
Şəklin alt yazısı, Sərhədi piyada keçənlər də olur. Lakin onlar yanında velosiped gəzdirirlər.

Kirkenes şəhərinə miqrantları avtobusla gətirirlər. Onların velosipedləri sərhəddə qalır. Son iki gün ərzində gömrük binasının qarşısında yığılıb qalan 200-dək velosiped görmək olar.

Metal hissələri parıldayan velosipedlər arasında lap təzələri var. Bəzilərinin üzərində hətta zavodda vurulmuş sellofan örtük də qalıb.

Bura sanki velosiped qəbristanlığıdır. Hər iki-üç gündən bir onları toplayıb metal tullantıları üzrə qəbul məntəqəsinə təhvil verirlər.

Sərhəd polisinin rəisi Stein Hansen velosipedlərdən birinin sükanını əlilə əyərək “U” hərfi şəklinə gətirir. Yaxşı olardı ki, velosipedlər bundan sonra da istifadə olunsun, polis rəisi deyir. Lakin Norveç standartlarına uyğun olmayan velosipedlər yola çıxarıla bilməz.

Yol həmişə açıqdır

Kişiləri balaca velosiped sürərkən görmək qəribə mənzərədir. Onlar qırmızı-yaşıl zolaqlı sərhəd sütunlarının yanından keçərək Rusiya ərazisini tərk edirlər.

Kişiləri balaca velosiped sürərkən görmək qəribə mənzərədir
Şəklin alt yazısı, Kişiləri balaca velosiped sürərkən görmək qəribə mənzərədir

Bir neçə metr aralıqda yerləşən sarı sütunlar artıq Norveçdir.

Sərhədi piyada keçməyə qoyulan qadağadan istisnalar da olur. Gözümə qarşı tərəfə keçən əli uşaqlı çütlük dəyir. Belə görünür ki, onların əlində “qiymətli yükü” istisna halına icazə verir.

Lakin onlar sərhədi yeriyərək keçsələr də, yanları ilə velosiped gəzdirirlər. Belə ki, qanuna görə onlar hələ də velosipedçi sayılırlar.

Yerli hakimiyyət sərhədi keçən miqrantların sayının artmaqda olduğunu deyir.

Arktikada iki ölkə arasındakı yol hətta qış aylarında açıq qalır. Bu arada tez-tez baş verən fırtınalar Aralıq Dənizindən keçən miqrasiya marşrutlarını daha da təhlükəli edib.