Miqrant qayıqları Britaniyanın hərbi bazasına gəlib

Şəklin mənbəyi, EPA

    • Müəllif, Katya Adler
    • Vəzifə, Avropa redaktoru, BBC

Britaniya Müdafiə Nazirliyinin məlumatına görə, uşaqlar da daxil olmaqla, dənizə 4 qayıqda çıxmış 140 miqrant Kiprdə yerləşən Kral Hava Qüvvələrinin Akrotiri hərbi bazasına gəlib çıxıblar.

Güman edildiyinə görə, bu, Aralıq dənizində miqrant böhranı başlandıqdan bəri qaçqınların ilk dəfə Britaniya ərazisinə gəlməsi halıdır.

Kipr adasının cənub hissəsində yerləşən bazadan Britaniya hərbi qüvvələri İraqda İD qruplaşması mövgelərinə hava zərbələri endirmək üçün istifadə edib.

"Onların haradan gəldiyi hələlik müəyyən edilməyib", hərbi baza sözçüsü deyib.

Britaniya Müdafiə Nazirliyi qayıqların bazaya çərşənbə günü səhər gəldiyini bildirib.

Yunanıstan və İtaliyadan fərqli olaraq, Avropa İttifaqı üzvü olan Kiprə qaçqın axını indiyədək müşahidə olunmayıb.