İD təbliğatı: balıqçılıq və ifrat zorakılıq

Şəklin mənbəyi, IS image

Londondakı antiekstremizm analitik mərkəzi Qulliam Fondundan Charlie Winter-in gündəlik işi özünü İslam Dövləti adlandıran təşkilatın təbliğat materiallarını öyrənməkdir. O, artıq İD-nin materiallarındakı ağlagəlməz zorakılıqları görməyə bir növ adət edib. Lakin o yazır ki, iyulun 4-də baxdığı bir İD videosu hətta onu da sarsıdıb.

Bu viodeoda Əsədə sadiq əsgərlər olduqları iddia edilən 25 nəfər yeniyetmə uşaqlarla qarşı-qarşıya cərgəyə düzülmüşdülər. Yeniyetmə oğlanlar silahlarını diz çökmüş əsgərlərin peysərlərinə söykəmişdilər. Və bu "qəddar tamaşa" qədim Palmiranın Roma Teatrında icra olunurdu.

“Adətim üzrə zorakılıq səhnəsinə çatanda videonu dayandırdım. Mən artıq İD-in ifrat zorakılığına öyrəncəli olmuşam, lakin bu video fərqli idi. Mənim iş yerinmdə tədqiqat apardığım masanın üstündə gələcək xanımım, atamın və analığımın şəkli var. Bu şəkil 5 il əvvəl, elə həmin Palmira teatrında çəkilib” – yazır Winter.

O vaxt Suriya münaqişəsinin ərəfəsi idi və xeyli adam oranı tərk edirdi. Sonradan Palmira və başqa yerlərdə baş verəcək hadisələr heç kimin ağlına da gəlməzdi.

İyulun 4-də İslam Dövləti qruplaşması qədim Roma teatrında "əl-Əsəd əsgərlərinin edamı" barədə videonu yayımlayıb.

Şəklin mənbəyi, IS image

Şəklin alt yazısı, İyulun 4-də İslam Dövləti qruplaşması qədim Roma teatrında "əl-Əsəd əsgərlərinin edamı" barədə videonu yayımlayıb.

İndi də tədqiqat zamanı Winter tanış yerləri görür. Hələb qalası, Bosra amfiteatrı, heyrətamiz şəkildə yaxşı qalmış Səlibçi qəsri – Krak des Chevaliers.

“Teatr videosuna baxdıqdan sonra günlər ərzində güllələnən adamlar, onları edam edən uşaqlar barədə düşünməkdən özümü saxlaya bilmirdim. Hətta İD-in bu videonu niyə çəkdiyini yaxşı bilsəm də, beynimdəki bir suala mükəmməl, sübutlara əsaslanan cavab tapa bilmirdim” – yazır tədqiqatçı.

Bundan sonra Charlie Winter qərara gəlib ki, o indiyədək apardığı araşdırmalardan başqa bir də çalışıb İD təbliğatçısının beynindəkiləri yaşamağı öyrənsin.

“Biz bilirik ki, ideoloji baxımdan İD-ə bağlı tərəfdarları bu ifrat hərbi və zorakılıq təbliğatı niyə cəlb edir, bəs başqaları necə? – yazır Charlie Winter, - Bəs minlərlə mülki kişinin, qadın və qızın evlərini tərk edib İD xilafətinə üz tutmasına səbəb nədir?”

<bold>Həmçinin oxuyun - <link type="page"><caption> "İslam Dövləti": qadınların cihadı</caption><url href="http://www.bbc.com/azeri/international/2015/08/150823_islamic_state_women" platform="highweb"/></link></bold>

Bundan sonra Winter qərara alıb ki, özünü dolaşdırmamaq üçün İD-in yalnız müəyyən bir dövrə aid təbliğat materiallarını nəzərdən keçirsin. O, tədqiqata, onun təbirincə desək, şəvval ayını cəlb edib, yəni miladi təqvimlə iyulun 17-dən avqustun 15-dək buraxılmış İD materiallarını öyrənib, həmin dövr ərzində, əsasən də Twitterdə İD rəğbətlilərinin ərəbdilli təbliğatını saf-çürük edib.

“Aşkar etdiklərim sarsıdıcı idi, lakin heç də təkcə qəddarlığına görə yox. Cəmi 30 gün ərzində İD-in rəsmi təbliğatçıları 1446 material yaratmış və yaymışdılar: fotooçerklər, videolar, səsli bəyanatlar, radio bülletenləri, mətn icmalları, jurnallar, plakatlar, broşürlər, ilahiyyat traktatları və sair” -yazır Winter.

O aşkar etdiyi materiallar barədə Strateji Əks-terror Kommunikasiyaları Mərkəzinin keçmiş direktoru Alberto Fenandezlə, ABŞ Dövlət Departamentinin İD təbliğatını monitorinq edən xüsusi komandası ilə fikir mübadiləsi edib.

Tədqiqatçını bu materiallar arasında ən çox cəlb edən "utopiya" yaratmaq məqsədi güdən elementlər olub. Burada sosial ədalətə, iqtidsadiyyata, dini paklığa və "xilafətin" daim genişlənməsinə aid çox sayda material var idi.

Məsələn, adi günlərdən biri olan 23 şəvvalda 50-dək təbliğat materialı yayılmışdı. Bunların arasında cihada həsr olunmuş çoxsaylı fraqmentlər var idi. Lakin diqqəti ən çox cəlb edən İD təbliğatında "dinc həyata" həsr olunmuş materialların artması idi.

50 materialdan 32-si "xilafətdəki" vətəndaş həyatına həsr olunmuşdu. Burada Mosulda dulusçuluq emalatxanasını, Fəllucada qəzet paylanmasını, Tel Əfarda asfalt çəkilməsini, Qayarada telefon xətlərinin təmirini, Şərqatda siqaretlərin müsadirə olunub yandırılmasını və hətta Bir əl-Qəsabda dəvə otarılmasını görmək olardı.

Təbliğat materialların məzmunu geniş olub və müntəzəm yenilənib.

Şəklin mənbəyi, IS image

Şəklin alt yazısı, Təbliğat materialların məzmunu geniş olub və müntəzəm yenilənib.

Diqqəti cəlb edən, bir də materiallarda zorakılıq səhnələrinin azlığı idi. Bu, bəlkə də materialların Qurban bayramından dərhal sonrakı dövrə aid olması ilə bağlı idi, amma hər halda İD təbliğatında sosial istiqamətin artması meyli açıq sezilirdi.

Təbliğatçılar sanki göstərməyə çalışırdılar ki, “xilafətsayağı Fitr bayramı misilsizdir”. Materiallarda Suriya və Liviyada yoxsullara nəzir-niyaz paylanması, bayram ovqatı, bazar meydanlarında oynayan şən uşaqlar, yetim uşaqlara, cəbhə xəttindəki döyüşçülərə oyuncaq və şirniyyat hədiyyə edilməsi, çay dəstgahları, şadyanalıq əsas yeri tuturdu.

Lakin Ramazan bayramı uzaqlaşdıqca materiallarda yenə də hərbi mövzular yer almağa başlayırdı, amma bunlar yenə də yemişçilik təsərrüfatları, küçələrin təmizlənməsi, ətraf mühit, sənətkarlıq və sənaye kimi daha yüngül materiallarla müşayiət olunurdu.

Şəkillərdən biri gey şəxsin edamını təsvir edir.

Şəklin mənbəyi, IS image

Şəklin alt yazısı, Şəkillərdən biri gey şəxsin edamını təsvir edir.

Bu zaman nisbət belə idi ki, iki sosial mövzulu materiala bir hərbi və ya dini mövzulu material düşürdü.

Charlie Winter yazır ki, bütün bunlarla yanaşı İslam Dövlətinin “qurbanlaşdırılması” ideyası da daimi bir xətt kimi keçir. Təbliğat materiallarında bəzən “düşmənin raket zərbələrindən” ölmüş və ya şikəst edilmiş uşaqlar, dağıntılar göstərilir və sanki cihadçıların son dərəcə qəddar hərəkətlərinə bunlarla haqq qazandırılır.

Tədiqatçının fikrincə, məhz buna görə də İD-in təbliğat materiallarında zorakılıq səhnələri heç vaxt yox olmur.

Əyləncə parkında uşaqlar - İslam Dövləti təbliğatının daha bir tərkib hissəsi.

Şəklin mənbəyi, IS image

Şəklin alt yazısı, Əyləncə parkında uşaqlar - İslam Dövləti təbliğatının daha bir tərkib hissəsi.

Təkcə şəvval ayının beş günü ərzində Hama əyalətində suriyalı əsgərin güllə ilə öldürülərək qayadan atılması, İraqda “üç casusun” başlarının kəsilməsi səhnələri yayınlanıb.

Charlie Winterin gəldiyi nəticələrdən biri də budur ki, İD-in son təbliğatı xarici cihadçıların cəlb olunmasına deyil, yerli ərəblərə ünvanlanıb.

Bu təbliğatda artıq xarici cihadçıları cəlb edən qardaşlıq və dostluq vədləri çox az yer tutur.

İslam Dövləti qruplaşmasının döyüşçüləri hövuzda.

Şəklin mənbəyi, IS image

Şəklin alt yazısı, İslam Dövləti qruplaşmasının döyüşçüləri hövuzda.

Küfr və başqa “cinayətlər”ə görə ağır cəzalandırmaları - əl və ayaqların kəsilməsini, daşqalaq edilmələri göstərən süjetlətlə yanaşı, “xilafətin gözəl təbiət mənzərələri”, cənnət təsəvvürü yaradan fotooçerklər verilir.

“Özünüzü İD-in zəbt etdiyi şəhərlərdən birinə sakin olan normal mülki şəxsin yerinə qoyun. İnternetə azad girişiniz yoxdur, olanda da bir İD döyüşçüsü başınızın üstünü kəsdirib hər bir hərəkətinizə göz qoyur” – yazır Charlie Winter.

Məişət səhnələri "düşmən məhvi"nin təsvirlərilə yanaşı nümayiş etdirilir.

Şəklin mənbəyi, IS image

Şəklin alt yazısı, Məişət səhnələri "düşmən məhvi"nin təsvirlərilə yanaşı nümayiş etdirilir.

Tədqiqatşı qeyd edir ki, İD-in nəzarətndə olan bütün ərazilərdə informasiya monopoliyası var. Evlərdəki ekranlardan, küçələrdəki səsucaldanlardan yalnız eyni bir ideologiya axır.

Lakin İD-in təbliğatı onun nəzarətində olmayan yerlərdə də işləyir. İnternet və sosial şəbəkələrin əhli bir qayda olaraq özləri üçün virtual mühit yaradırlar. Yəni yalınız onları maraqlandıran xəbər və materialları axtarırlar.

Belə materiallarsa İD-in təbliğat maşınından gəlirsə, onda məqsədinə yetişmiş olur. Belə şəraitdə İD-in aludəçisinə çevrilmək elə də çətin deyildir.

Charlie Winter bu nəticəyə gəlir ki, İD təbliğatına qarşı səmərəli mübarizə, təşkilatın materiallarındakı dərinliyi öyrənmədən aparıla bilməz.