Əylənməyi sevən qızlar və bol seks: Nə üçün bəzi hindli kişilər boşanmağa can atır?
Hindistan boşanmaların sayına görə dünyada sonuncu yerlərdən birini tutur, lakin son vaxtlar ailələrin dağılması adi hala çevrilməyə başlayıb.
Ekspertlər bildirir ki, Hindistanda boşanma ərizələrinin çoxunda zorakılıq və ya hüquqi dildə deyilsə, “qəddarlıq” səbəb kimi göstərilir. Lakin zorakılığın nədən ibarət olması uzun debatlara səbəb olub. Bunu müəyyən etmək, xüsusilə də sözü gedən şəxsin psixoloji travmaya məruz qalıb-qalmamasına görə çətindir.
Ali Məhkəmə bildirir ki, “nikah məsələlərində psixoloji qəddarlığın təyin olunması üçün dəqiq parametrlər” bəlli deyil.
Belə yayğın hüquqi təfsir ucbatından Hindistan məhkəmələri bəzən “qeyri-fiziki zorakılığın” interpretasiyasında cəfəng nəticələrə gəliblər. Atiş Patel bir neçə belə məhkəmə işlərindən söz açır.
Kefpozan

Şəklin mənbəyi, BBC World Service
Ötən həftə Bombeyin ali məhkəməsi ailə məhkəməsinin 2011-ci ildə çıxardığı hökmü ləğv edib. Həmin hökmlə, bir dənizçinin boşanma iddiası təmin edilmişdi. İddiada boşanma istəyinə səbəb kimi zorakılığın başqa halları ilə yanaşı, qadının müntəzəm qaydada qonaqlıqlarda olması göstərilirdi.
Məhkəmə araşdırmışdı ki, 42 yaşlı iddiaçının özü də “qonaqlıqlarından qalmayıb” və məhz buna görə də qadının ona qarşı qəddarlıq və ya zorakılıq tətbiq etməsini söyləmək mümkün deyildir.
“Bu şəxsə qəddarlıq iddiası əsasında boşanma hüququ verilə bilməz” – yeni hökmdə deyilirdi.
Əvvəlki hökmü ləğv edən Bombey hakimi cənab Tahaliyani demişdi: “Müəyyən hədlərdə sosial ünsiyyət müasir cəmiyyətdə yol veriləndir”.
Seks zülmkarı

Şəklin mənbəyi, BBC World Service
Sekssiz nikahlar qlobal boşanmaların əsas səbəbidir. Ötən il Mumbaydan (əvvəlki Bombey) olan bir kişi 2012-ci ildə evləndiyi arvadının həddən artıq seks tələb etməsinə görə boşanmaq istəmişdi.
Press Trust of India xəbər agentliyinin yazdığına görə, bu kişi ərizəsində qadının “ifrat və doyumsuz seks iştahasına” malik olduğunu yazırdı.
O iddia edirdi ki, arvadı onu daim, hətta xəstə olanda da seksə məcbur edib, o imtina edəndə isə gedib başqa kişilərlə yatacağı ilə hədələyib.
Kişi bildirirdi ki, arvadının “qəddar davranışı” və “lovğa, aqressiv, tərs və avtokratik təbiəti” onunla birgə yaşayışı mümkünsüz edir.
Ötən il Mumbay məhkəməsi, qadının məhkəməyə gəlməməsi ilə əlaqədar kişinin iddiasını təmin edib.
Milli qeyrət

Şəklin mənbəyi, BBC World Service
Qəddarlıq zəminində başqa bir boşanma iddiasında ər göstərirdi ki, o arvadının “geyim hissi”ndən iztirab çəkib.
2009-cu ildə evlənmiş bu 30 yaşlarında olan kişi bildirirdi ki, arvadı iş yerində milli hind paltarı yox, köynək və şalvar geyindiyi üçün ona iztirab gətirib.
Ailə məhkəməsi bu iddianı üç il əvvəl təmin etmişdi, amma Bombey ali məhkəməsi həmin hökmü ləğv edib.
Məhkəmə hökmündə deyilirdi: “Boşanma qapılarını bu qədər geniş açmaq olmaz. Yoxsa bütün xasiyyəti düz gəlməyən adamlar boşanmaq istəyə bilər”.
Sızanaq “iztirabı”

Şəklin mənbəyi, BBC World Service
Hindistanda qohumlar tərəfindən razılaşdırılmış nikahlar geniş yayılıb, lakin bir nəfərin boşanma iddiasında göstərdiyi səbəb tamamilə qəribə səslənirdi. O şikayətlənirdi ki, arvadının üzündəki sızanaqlar ona iztirab verir.
O iddia ərizəsində yazırdı ki, arvadının üzündəki səpgi və sızanaqlar onu 1998-ci ildə keçirdikləri bal ayı zamanı cinsi əlaqəyə girməkdən məhrum edib.
2002-ci ildə kişinin xeyrinə hökm çıxarmış Bombey ailə məhkəməsinin qərarında deyilirdi: “qadının çiyrəndirici vəziyyəti əlbəttə qadının özü üçün də faciədir, lakin kişi üçün də travmatik olub”.
Məhkəmə hökmündə daha sonra deyilirdi: “Qadın, dərisinin vəziyyəti barədə əvvəlcədən məlumat verməməklə fırıldağa əl atıb”.
Məhkəmə hətta qadına verilmiş tibb arayışını da nəzərə almamışdı. Həkim arayışında bildirilirdi ki, dəri xəstəlikləri müalicə olunandır və seks həytına mane ola bilməz.
Sızanaqlar rəsmi boşanma səbəbi kimi hüquqi baxımdan qəbul edilməsə də, ölkə əhalisinin 80 faizi üçün icbari olan Hindistan Hindu Nikah Qanununa görə cüzam, yoluxucu zöhrəvi xəstəliklər, o cümlədən HİV virusu və B hepatiti boşanmaya əsas verə bilər.
Abort hara, çay hara?

Şəklin mənbəyi, BBC World Service
Hələ daha əvvəllər, 1985-ci ildə, Allahabad şəhərinin ali məhkəməsi apellyasiya dinləməsi zamanı aşağı instansiya məhkəməsinin qərarını qüvvədə saxlamışdı.
Kişinin iddiasında deyilirdi ki, arvadı onun dostlarına çay verməkdən imtina etməklə ərini alçaldıb, lakin üstəlik həm də ərindən xəbərsiz abort etdirib və bu, boşanma üçün əsas sayıla bilər.
Karikaturaları BBC Hind xidmətindən Kirtiş Bhatt hazırlayıb





