Suriya kürdləri Türkiyəni onlara hücum etməkdə günahlandırır

Türkiyə, Suriya kürdlərini hədəf almadığını israr edir

Şəklin mənbəyi, BBC World Service

Şəklin alt yazısı, Türkiyə, Suriya kürdlərini hədəf almadığını israr edir

Suriyadakı kürd silahlı qüvvələri Türkiyəni onlara hücum etməkdə ittiham edib.

Kürd Xalq Mühafizə Bölmələri (YPG) bildirib ki, Türkiyə Suriyanın şimalındakı Kobani şəhərindəki mövqelərinə tanklarla atəş açıb.

Türkiyə məsələni araşdırdığını bildirib, lakin təkid edib ki, onlar Suriya kürdlərini hədəf almayıblar.

Türkiyə baş naziri bildirib ki, Türkiyənin İslam Dövləti (İD) qruplaşmasıyla döyüşmək üçün Suriyaya qoşun göndərmək planları yoxdur.

Ahmet Davutoğlu deyib ki, sərhəd bölgələrindəki İD mövqelərinə və İraqdakı kürd PKK separatçılarına hava hücumları “oyunu dəyişə bilər”.

Türkiyənin addımları keçən həftə Suruç qəsəbəsində 32 nəfərin ölümü ilə nəticələnmiş hücuma cavab olaraq atılıb.

Türkiyə qoşunları Diyarbakır şəhəri yaxınlığında silahlı hücumun ardından nəzarət məntəqələri yaradıb

Şəklin mənbəyi, BBC World Service

Şəklin alt yazısı, Türkiyə qoşunları Diyarbakır şəhəri yaxınlığında silahlı hücumun ardından nəzarət məntəqələri yaradıb

Türkiyə tankları gecə boyu Suriyanın şimalında kürdlərin nəzarət etdiyi Zur Mağar kəndini atəşə tutub.

Türkiyə NATO ölkələrinin səfirlərini İslam Dövləti (İD) qruplaşması və Kürdüstanın İşçi Partiyası separatçılarına (PKK) qarşı hərbi əməliyyatları müzakirə etmək üçün danışıqlara çağırıb.

Görüş çərşənbə axşamı Brüsseldə baş tutacaq.

Türkiyə Suriyadakı İD döyüşçülərinə qarşı hava hücumları keçirib və son basqınların ardınca PKK-nın şimali İraqdakı mövqelərinə hava reydlərini bərpa edib.

Şəklin mənbəyi, BBC World Service

İyulun 20-də Suriya ilə həmsərhəd Türkiyə ərazisində İD-in törətdiyi güman edilən intiharçı bomba partlayışında 32 nəfər həlak olmuşdu.

Bu bomba partlayışının ardınca PKK, bomba basqınına cavab olaraq iki Türkiyə polisini qətlə yetirmişdi. PKK Türkiyəni İD-lə əlbirlikdə ittiham edir.

Ankara PKK ilə atəşkəsə son qoyub

Türkiyənin İraqın şimalındakı separatçı kürdlərə qarşı hava reydləri faktiki olaraq iki illik atəşkəsə son qoyub.

Türkiyə dövlət mediasının verdiyi məlumata görə, ölkənin hərbi qırıcıları İraqın şimalındakı PKK mövqelərini raket atəşinə tutub.

PKK sözçüsü AFP agentliyinə bildirib ki, Türkiyə qırıcıları Dohukun və Ərbilin şimalında iki mövqeni bombalayıb.

Şənbə günü axşam saatlarında Türkiyənin cənub-şərqində hərbi karvan üzərinə avtomobil partlayışı basqını nəticəsində iki əsgər həlak olub, daha dörd nəfər yaralanıb.

Bazar günü İstanbulda keçirilən etiraz aksiyası əsnasında bir polis nəfəri öldürülüb. Aksiyaçılar ötən cümə təhlükəsizlik qüvvələrinin reydi zamanı bir qadın fəalın həlak olmasına etiraz edirdilər.

"Türkiyənin haqqı"

NATO-nun baş katibi Jens Stoltenberg BBC World telekanalına bildirib ki, Türkiyənin danışıqlar barədə ricası NATO müqaviləsinin 4-cü maddəsinə uyğundur.

Üzv ölkələr belə danışıqları ərazi bütövlüklərinə və təhlükəsizliklərinə təhdid olanda çağırırlar.

NATO-nun baş direktoru Jens Stoltenberg Türkiyənin qərarını "düz və vaxtında verilmiş qərar" sayır

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı, NATO-nun baş direktoru Jens Stoltenberg Türkiyənin qərarını "düz və vaxtında verilmiş qərar" sayır

"Türkiyə belə bir görüş istəyirsə, düşünürəm ki, NATO-nun Türkiyə sərhədlərinin yaxınında, Suriya və İraqda qeyri-stabillik və qarışıqlığı müzakirə etmək üçün düz və vaxtında verilmiş qərardır".

O deyib ki, iki gün əvvəl Türkiyənin baş naziri Ahmet Davutoglu ilə danışıb və Türkiyənin itkiləri ilə bağlı başsağlığı verib və Ankaranın, həm də İŞİD kimi tanınan İslam Dövləti qruplaşmasına və onun terroruna qarşı əməliyyatlarında alyansın dəstəyini ifadə edib.

İD ayrı, PKK ayrı...

PKK məsələsinə gəlincə isə, ABŞ, Türkiyəni və kürd separatçılarını zorakılıqdan çəkinməyə çağırıb. Lakin Vaşinqton bunu da bildirib ki, Türkiyə özünü kürd qiyamçıların hücumlarından qorumaq haqqına malikdir.

İD-ə qarşı beynəlxalq koalisiyada ABŞ prezidentinin xüsusi elçisi Brett McGurk özünün Twitter hesabından yazıb ki, ABŞ hər iki tərəfi gərginliyi azaltmağa və “dinc çözüm prosesinə” sadiq qalmağa çağırır.

O bildirib ki, ABŞ ədalətli və davamlı sülhün tərəfdarıdır.

“Türkiyənin PKK-a qarşı hava zərbələri ilə İŞİD-ə qarşı ABŞ-Türkiyə əməkdaşlığının intensivləşdirilməsi arasında heç bir əlaqə yoxdur”, cənab McGurk yazıb.

BBC-nin İstanbuldakı müxbiri Mark Lowen bildirir ki, Türkiyədə kürd münaqişəsinin baş verdiyi "keçmiş pis günlər "qayıda bilər.

O deyir ki, Türkiyə öz daxilində vətəndaş münaqişəsinə cəlb olunsa, bu onun İD-ə qarşı koalisiyadakı rolunu ciddi mürəkkəbləşdirə və beləliklə, Qərbin cihadçılara qarşı strategiyasını əngəlləyə bilər.