Hollandiya ikinci Avropa Oyunlarını keçirməkdən imtina edib

Şəklin mənbəyi, Getty

Hollandiya 2019-cu ildə Avropa Oyunlarına ev sahibliyi etməkdən imtina edib.

Bu, ikinci Avropa Oyunlarının keçirilməsi üçün ərizə ilə müraciət edən yeganə ölkə idi.

"Bu çox məyusedici xəbərdir, ancaq biz Holland hökumətinə maraq göstərdikləri üçün təşəkkür edirik", Avropa Olimpiya Komitələrinin sədri Patrick Hickey bəyanatında deyib.

Hollandiya hökuməti Oyunları bir şəhərdə keçirmək əvəzinə, müxtəlif şəhər bələdiyyələrinə təkliflərlə müraciət etmişdi.

Məlumatlara görə, bəzi bələdiyyələr maliyyə səbəbindən şəhərlərdə Oyunları keçirməkdən imtina edib.

Bakıda ilk Avropa Oyunlarının açılış mərasimi cümə günü keçiriləcək. Azərbaycan yeni idman komplekslərinin tikintisi üçün milyardlarla dollar xərcləyib.

Bakıda Oyunlar ilk və son ola bilərmi?

"Bu, Avropa Oyunları üçün ciddi zərbədir", BBC-nin İdman redaktoru Ben Sutherland deyir.

Onun fikrincə, təşkilatçılar Hollandiyanın bu qərarından çox narahat olacaqlar. "Çünki bu qərar müsabiqəyə marağın olmadığını göstərir".

İdman redaktorumuz hesab edir ki, Bakıda cümə günü açılacaq Avropa Oyunları ilk və son ola bilər, ancaq "əlbəttə ki, bu müsabiqə ilə bağlı hadisələrin necə inkişaf edəcəyindən asılıdır".

İndi təşkilatçılar daha öncə maraqlarını ifadə etmiş beş ölkəyə müraciət edəcəklər və ümid edəcəklər ki, bu ölkələr fikirlərini dəyişməyib, Ben Sutherland əlavə edir.

Hollandiya niyə istəmir?

Hollandiya hökümətinin əyalət rəhbərləri və böyük şəhərlərin bələdiyyələri ilə keçirdiyi toplantıdan sonra 2-ci Avropa oyunlarının təşkilatçılığının Avropa Olimpiya Komitəsinə geri qaytarılması qərara alınıb.

Yayılan bəyanatda tədbirin Hollandiyada keçirilməsi üçün lazım olan 57.5 milyon avroluq büdcə barədə razılığa gəlinmədiyi bildirilib, Amsterdam şəhərində yaşayan azərbaycanlı İsa Yusibov BBC Azərbaycancaya bildirib.

"Dövlət strukturları yüksək səviyyəli idmançıların marağının olacağına şübhə ilə yanaşmaqla bərabər, xərclərin gəlirləri üstələməsi baş verərsə, bunun hansı orqan tərəfindən qarşılanacağı barədə də Hollandiya Olimpiya komitəsi ilə razılıq əldə edə bilməyiblər", o əlavə edir.

Müzakirədə iştirak edən dövlət strukturları büdcənin daha cazibədar və daha az məbləğlə təşkil oluna biləcək başqa idman tədbirlərini keçirməyi məqbul hesab etdiklərini bildiriblər.