Yves Saint Laurent-ın "qeyri-sağlam, arıq model" reklamı qadağan olunub

Şəklin mənbəyi, bbc
Britaniyanın ASA reklam standartları idarəsi "qeyri-sağlam, arıq model" fotosu təsvir olunmuş Yves Saint Laurent reklamını qadağan edib.
Həmin foto Britaniyanın Elle UK jurnalında dərc edilmişdi.
Reklam olunan fotoda təsvir edilmiş qadın model qabırğalarının sayılması mümkün olan dərəcədə arıq və qeyri-sağlam görünür, ASA bildirib.
ASA bu cür reklamın dərc edilməsinin "məsuliyyətsiz" addım olması barədə şikayətləri dəstəkləyib.
Yves Saint Laurent (YSL) və Elle UK qərara münasibət bildirməyiblər.
ASA bildirib ki, modelin duruşu və üstünə salınan işıq tamaşaçı diqqətini onun [sümükləri çıxan] sinəsinə və baldırı dizi enində olan arıq ayaqlarına yönəldir.
"Həmin model qeyri-sağlam və çəkisi çatışmayan kimi göründüyündən reklam məsuliyyətsiz sayılıb", ASA bildirib.
Arıq və xəstə görünüşlü modellərin reklamının Britaniyada normaya çevrildiyini qeyd edən ABC Anoreksiya və Bulimiya fondu ASA-nın qərarının digər media və moda şirkətləri üçün "örnək" olacağına ümidvar olduğunu bildirib.
Son 3 il ərzində arıqlamaq üçün yeməklərini kəsdiyinə görə sağlamlıqları pozulmuş və Britaniya klinikalarına müraciət edən yeniyetmələrin sayı təxminən 2 dəfə artıb.


