Britaniya İslam Dövlətinə qarşı "daha kəskin mübarizə aparmalıdır"

Şəklin mənbəyi, AP

Birləşmiş Krallığın İslam Dövləti (İD) ifratçılarına qarşı mübarizədə rolu "olduqca məhduddur" və gücləndirilməlidir, Britaniya millət vəkilləri deyib.

Müdafiə Komitəsi aşkar edib ki, Britaniya cihadçı qrupa qarşı hava zərbələrinin 6 faizini həyata keçirib. Komitə Britaniyanın daha fəal olmaması ilə bağlı "təəcüblənib və dərin narahatdır".

Eyni zamanda Komitə İD-ə qarşı mübarizə aparmaq üçün döyüş qüvvələri göndərməyin əleyhinə olduğunu vurğulayıb.

Hökumət deyib ki, hərbi əməliyyatlar, beynəlxalq koalisiyanın "hərtərəfli" fəaliyyətinin bir hissəsidir.

Komitənin hesabatında millət vəkilləri deyiblər ki, İraq və Suriyanın bəzi hissələrində cihadçı dövlətin yaradılması barədə qorxular "ekstremal şəkildə" reallığa çevrilib.

İD bu ölkələrdə böyük ərazilərə nəzarət edir, britaniyalı və digər ölkələrdən olan girovları qəddar şəkildə öldürüb.

Bəyanatda deyilir ki, İD son onilliklər ərzində Orta Şərqdən çıxan dəstələr arasında beynəlxalq təhlükəsizliyə "ən böyük təhlükə" təşkil edir.