Britaniyada antisemitizm ovqatı ən yüksək həddə çatıb

UK

Şəklin mənbəyi, Getty

Şəklin alt yazısı, Britaniyada ötən il antisemit ovqatı zirvəyə çatıb

Britaniyanın “Community Security Trust” fondu ölkədə antisemit təzahürlərinin tarixi maksimuma çatdığını bəyan edib.

Yəhudi təşkilatların təhlükəsizliyinə nəzarət edən fondun hesabatına əsasən ötən il ərzində antisemitizm zəminində baş vermiş insidentlərin sayı 2 dəfə artaraq 1168-ə çatıb.

Fond bu qəbildən olan hadisələrin qeydiyyatını 1984-cü ildən aparır.

"Qəzza sektoru və İsraildə baş vermiş münaqişəyə antisemit ruhlu reaksiya bu cür hadisələrin artımında əsas rol oynayıb", hesabatda vurğulanıb.

Ötən ilin iyul ayında antisemitizm zəminində Britaniyada 314 insident qeydə alınıb – bu isə müşahidələr başlanandan 1 ay ərzində qeydə alınmış insidentlərin ən yüksək göstəricisidir.

Hesabatda qeyd olunduğu kımi, ümumiyyətlə, ötən il ərzində Britaniyada antisemit əhval-ruhiyyəsini gücləndiyi müşahidə edilib.

Antisemitizm zəminində baş vermiş insidentlərin sayında artım ən çox dərəcədə London (139 faiz) və Mançester (79 faiz) şəhərlərinin payına düşüb.