Söz azadlığı uğrunda mübarizə niyə qorxuludur?

Şəklin mənbəyi, ALAMY
Tarixçi Tom Holland “Charlie Hebdo” jurnalına ölümcül basqın ərəfəsində Məhəmməd peyğəmbərin karikaturasını tvit edənlərdən biri olub. Bu yazıda o, azad sözü müdafiə etməyin bəzi çətinliklərindən söz açıb.
Şəhid verən təkcə dinlər deyil. 1766-cı ilin 1 iyulunda Fransanın şimalındakı Abevildə Lefebvre de la Barre adlı bir zadəgan küfrə görə ittiham edilmişdi. Əslində, ona qarşı bir neçə ittiham irəli sürülmüşdü – o xaçı murdarlamaqda, ikonalara tüpürməkdə və Kilsə mərasimi yürüşü onun yanından keçərkən papağını çıxarmamaqda günahlandırılırdı.
Abevilin əsas körpüsündəki xaça qarşı hörmətsizliklə bir yerdə bu cinayətlər onun edama məhkum edilməsi üçün kifayət edirdi. La Barrenin dili kəsildi, boynu vuruldu və ictimai cəllad tərəfindən yandırılmış cəsədinin külü Som çayı üzərinə səpələndi. Onunla birlikdə iş otağından tapılmış bir kitab da yandırılmışdı – məşhur filosof Voltaire-in “Fəlsəfə Lüğəti”.
Oxucusunun başına gələni eşidəndə, Volter dəhşətə gəlmişdi. O, İsveçrədəki sığınacağında “Xürafat dünyaya od vurur” - deyə bəyan etmişdi.

Şəklin mənbəyi, BBC World Service
Bu hadisədən iki əsr yarım ötüb, lakin bu gün də Qərbdə kiminsə dini ehkamı tənqid etdiyinə görə öldürülməsi ideyası adamların əksəriyyətini şoka salır. Voltaire-in uğrunda bütün həyatı boyu kampaniya apardığı azad söz və dözümlülük dəyərləri avropalıların bir qayda olaraq öz sivilizasiyalarının nailiyyəti kimi qiymətləndirdikləri toxunulmaz və müqəddəs bir anlayışa çevrilib.
Voltaire özünün istehzalı təbəssümü ilə hələ də avropalıların müqəddəslərindən sayılır. Dünyəvi idealların xüsusilə qiymətləndirildiyi Fransada, Maarifçiliyin təhlükə qarşısında olduğunu düşünənlər daim onun irsini yada salırlar.
“Charlie Hebdo” jurnalının redaktoru Philippe Val 2008-ci ildə karikaturaçıların dini tabulara sataşmaq hüququnu müdafiə etmək üçün yazdığı kitaba belə bir ad qoymuşdu: “Voltaire, qayıt gəl, bunlar dəli olublar” (Reviens, Voltaire, Ils Sont Devenus Fous). Lakin “dəli olublar” deyəndə, əlbəttə, xristianlar nəzərdə tutulmamışdı.
18 və 21-ci əsrlər arasında Fransanın dini tərkibi köklü şəkildə dəyişib. Söhbət təkcə Katolik Kilsəsinin xəlvətə çəkilmiş qüdrətindən yox, həm də ölkəyə tamamilə fərqli dinə sitayiş edən 6 milyon mühacirin sakin olmasından gedir.
İslam katolisizmdən fərqli olar yəhudilərdən təsviri sənətin qadağanını götürüb. İslam həm də davamçılarının inandıqları kimi Allah kəlamı nazil olmuş Məhəmməd peyğəmbərə insan davranışının nümunəsi kimi baxır. Müsəlman hakimləri isə onun təhqir edilməsinə ənənəvi olaraq imansızlıq, imansızlığa isə cəhənnəmə layiq cinayət kimi baxırlar.
Quranın özündə bunun ölüm cəzasına layiq cinayət olduğuna hökm verən heç nə yoxdur.

Şəklin mənbəyi, Getty
Orada yazılıb: “Allahınızdan verilən həqiqət budur ki, kim istəyirsə qoyun inansın, kim istəmirsə, qoyun inanmasın”. Buna baxmayaraq, Məhəmmədin özünün indi əldə olan ən qədim bioqrafiyası daha cəzalandırıcı ruhda yazılıb. O qədər cəzalandırıcı yazılıb ki, ümumən peyğəmbərin ən qədim tərcümeyi-halının etibarsız olduğunu söyləməkdən çəkinən müsəlman üləmaları da bəzən bu bioqrafiyanın, ümumiyyətlə həqiqiliyini şübhə altına alacaq qədər uzağa gedirlər.
Məhəmməd peyğəmbərin doğma şəhəri Məkkədə yaşamış Asma bint Mərvan adlı bir şairənin taleyinə dair bir hekayət var. Şairə öz şeirləri ilə peyğəmbəri lağa qoyduqdan sonra, deyilənə görə, Məhəmməd qışqırıb: “Mənim canımı bu Mərvan qızının əlindən kim qurtaracaq?” Təbiidir ki, elə həmin gecə şairə öz yatağında peyğəmbərin davamçıları tərəfindən qətlə yetirilib. Etdiyi hərəkət barədə hesabat verən sui-qəsdçiyə şəxsən peyğəmbərin özü təşəkkürünü bildirib. “Sən həm Allaha, həm də onun rəsuluna kömək etdin!” – deyib peyğəmbər.
Voltaire öz pərəstişkarlarına "Ecrasez l'infâme” – “ləyaqətsizliyi əzin” çağırışı edirdi. İslam da belə çağırış edir. Fərq “ləyaqətsizliyin” necə başa düşülməsindədir. 2011-ci ildə Məhəmmədi domba gözlərlərlə, ondan daha əvvəl isə Məsihi “Mən məşhuram, məni burdan qurtarın” televiziya şousunun iştirakçısı kimi və ya Papa Benedicti əlində işlənmiş prezervativlə təsvir etmiş “Charlie Hebdo” karikaturaçıları üçün bu şəxsiyyətlərin toxunulmazlığı, istər siyasətdə olsun , istərsə də dində, hakimiyyət sahiblərinin iddiasıdır.
“Charlie Hebdo” üzərinə qatil hücumu etmiş silahlıların iddiası isə belədir ki, hətta kiçicik tənqiddən belə yüksəkdə duran peyğəmbər lağa qoyulub. Eyni əzmkarlıq və eyni mövqe ilə mühakimə edən iki tərəfin barışması qeyri-mümkündür.

Şəklin mənbəyi, Getty
Bunun ilk simptomu Salman Rushdie məsələsi idi. O vaxtdan bəri bu problem, ara-sıra özünü bildirən küt diş ağrısı kimi heç vaxt tam aradan çəkilməyib. Belə bir inadkar mövqe ilə mənum özüm də 2012-ci ildə Channel 4 televiziya kanalı üçün veriliş hazırlayarkən üzləşmişəm. “Danışılmamış hekayət” proqramında tarixçilər Məhəmməd peyğəmbərin həyatı barədə deyilənlərin nə dərəcədə həqiqət olmasına dair nə düşündüklərini demişdilər. Bu süjet mənə ünvanlanmış ölüm hədələrinə səbəb olmuşdu.
“Charlie Hebdo”dan fərqli olaraq mən sataşmağı qarşıma məqsəd qoymamışam. Mən satirik deyiləm və adətən adamların xətrinə dəyməyi xoşlamıram. Bununla belə, mən inanıram ki, bəzi hüquqları qorumağa dəyər. Bunlardan biri də tarixçilərin dinlərin kökündə duran əfsanələri sual altına almaq hüququdur. Buna görə də mən bu xəbərləri Parisdən alanda, qərara gəldim ki, nəsə etməliyəm, hərçənd başqa vaxtlarda belə bir şeyi heç vaxt etməzdim. Mən Məhəmməd peyğəmbərin “Charlie Hebdo”da dərc olunmuş karikaturasını tvit etdim.
Əksinə, BBC bu məqalə ilə birlikdə karikaturanı dərc etməkdən imtina edib. Hamısı olmasa da, bir çox qurumlar elə belə ediblər. Hərçənd mən yazılmamış qadağana tabe olmaqdan imtina edirəm.
Mən normal halda başqalarına əziz olan inancların məsxərəyə qoyulmamasından məmnunam, lakin bunlar normal hal olmaqdan çox uzaqdır. Mən dünənki tvitimdə də yazmışam ki, “Charlie Hebdo” qatilləri üçün İslam ehtimalən nə qədər əzizdirsə, burada, Qərbdə gülləyə tuş gəlmədən Məhəmməd peyğəmbərin şəklini çəkmək hüququ da bizim üçün o qədər qiymətlidir.
Bizim də öz dəyərlərimiz var və əgər biz bu dəyərləri qorumağa qalxmasaq, onları itirmək riskinə girə bilərik. “l'infâme” məsələsinə gəlincə isə, mən kimin tərəfində olacağıma şübhə etmirəm.
Tom Holland yazıçı, yayımçı və tarixçidir. Onun çap olunmuş son kitabı olan “Qılınc kölgəsində” (In The Shadow of the Sword) İslamın tarixindən bəhs edir. O həmçinin “İslam: Danışılmamış hekayət” adlı sənədli filmin müəllifi və aparıcısı olub.




