Qalmaqallı "The Interview" filmi onlayn rekordları yeniləyib

The Interview (Müsahibə)

Şəklin mənbəyi, Getty

Şəklin alt yazısı, Film dörd gün ərzində $15 milyondan artıq gəlir gətirib

Sony Pictures şirkətinin qalmaqallı The Interview ("Müsahibə") filmi cəmi dörd gün ərzində şirkətin ən uğurlu onlayn filminə çevrilib.

Dekabrın 24-də buraxılan film $15 milyondan (11,8 milyon AZN) artıq gəlir gətirib və dekabrın 27-dək iki milyondan çox adam onu endirib.

Şimali Koreya lideri Kim Jong-una qarşı uydurulmuş sui-qəsd barədə filmin buraxılışı ilk olaraq Sony tərəfindən dayandırılmışdı.

Şimali Koreya filmə görə qəzəblənmişdi və Sony Pictures filmlə bağlı haker hücumuna məruz qalmışdı.

Kinoteatrlara qarşı hücum təhdidlərinə görə Sony filmin buraxılışını dayandırdığını bəyan etmişdi.

Filmdə iki jurnalist Şimali Koreya lideri Kim Jong-undan müsahibə götürmək istəyir, lakin ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi bunu bilib, jurnalistlərə Şimali Koreya liderini öldürməyi tapşırır.

Şimali Koreya Sony şirkətinə haker hücumunun arxasında güya durduğu barədə bütün ittihamları rədd edib.