Sony-ə haker hücumu: Şimali Koreya ABŞ-ı hədələyir

Şəklin mənbəyi, AP
Sony Pictures şirkəti üzərinə kiberhücumlara görə söz müharibəsinin qızışması əsnasında Şimali Koreya Birləşmiş Ştatları təfərrüatları açıqlanmayan hücumlarla hədələyib.
Bu barədə acıqlı bəyanatında Şimali Koreya Ağ Ev, Pentaqon və “bütün ABŞ ərazisinə” basqınlarla hədələyir.
Şimali Koreya öz lideri Kim Jong-un-un ölümünü təsvir edən bədii filmlə əlaqələndirilən kiberhücumların arxasında olması barədə ABŞ-ın iddialarını rədd edir.
Şimali Koreya əvvəllər də ABŞ-a qarşı hədələr səsləndirib.
Son bəyanat Birləşmiş Ştatlar Sony Pictures üzərinə sürəkli hücumlara görə Şimali Koreyanı rəsmən ittiham edəndən bir neçə gün sonra verilib.
“KXDR-in ordusu və xalqı kibermüharibə sahəsi də daxil olmaqla, ABŞ-la bütün müharibə növlərində qarşıdurmaya tam hazırdır” – Koreyanın rəsmi Mərkəzi Xəbərlər Agentliyinin yaydığı uzun bəyanatda deyilir.
“Bizim əks-reaksiyamız Obama tərəfindən elan edilmiş “simmetrik cavab”ın hüdudlarını aşan cəsarətli bir şəkildə Ağ Evi, Pentaqonu və terrorun yuvası olan ABŞ-ın ərazisini hədəfləyəcək” – bəyanatda bildirilir.

Şəklin mənbəyi, fdd
Bəyanat prezident Obamanı Sony üzərinə hücumun arxasında Şimali Koreyanın dayanmasına dair “məsuliyyətsiz bir şəkildə şaiyə düzəltməkdə” ittiham edir.
Daha sonra bildirilir ki, Şimali Koreya Sony hakerlərinin harada olduqlarını bilməsə də, “onların hərəkətini tamamilə ədalətli” hesab edir.
BBC-nin Koreya müxbiri Stephen Evansın təhlili
Şimali Koreya Cənubi Koreya və Birləşmiş Ştatlara qarşı hiddətli ritorikadan tez-tez istifadə edir və bu mənada hiddət dərəcəsində heç bir dəyişiklik olmayıb.
Bu bəyanat həm daxildə, həm də xaricdə olanların istehlakı üçün nəzərdə tutulub.
Bəyanatın sanbalını artıran, onun Şimali Koreyanın ən qüdrətli qurumu olan və Kim Jong un-un rəhbərlik etdiyi Milli Müdafiə Komissiyasından gəlməsidir.
Bəyanatda iki arqument var: “bunu biz etməmişik” və “amma kim edibsə, düz edib”.
Bəyanatda Sony-yə hücumun arxasında Şimali Koreyanın olduğunu göstərən kompüter kodu əlamətlərinə dair FTB-nin arqumentləri barədə təfərrüatlı şərh verilir və bildirilir ki, belə kodlardan geniş istifadə olunur və bu, hücumda Şimali Koreyanın əli olduğunu isbat etmir.
Sony-nin hansı materialları sızdırılıb?

Şəklin mənbəyi, BBC World Service
Haker hücumu nəticəsində hələ ekranlara çıxmamış filmlər və James Bond filminin ssenarisi internetə yüklənib.
Sızdırılan materiallar arasında şirkətin maliyyə sənədləri və prodüselərlə Hollivud fiqurları arasında şəxsi elektron məktublar da var.
Bu hücumun nəticəsi olaraq Sony, Şimali Koreya liderinə sui-qəsdi təsvir edən və “Müsahibə” adlanan komediya filminin ekranlara Milad buraxılışını ləğv edib.
Bu qərar Sony-nin serverlərinə hücum etmiş və məxfi informasiyaları və emailləri sızdırmış qrupun hədələrinin ardınca verilib.
Şimali Koreya hücumların arxasında olduğunu danmış və ABŞ-la birgə araşdırmanın aparılmasını təklif etmişdi.
Lakin prezident Barack Obama bu təklifi rədd etmiş və Şimali Koreyanı yenidən terror sponsorları siyahısına daxil etməklə hədələmiş və bununla da Pxenyanı daha da hiddətləndirmişdi.
Şimali Koreya, 2008-ci ildə Pxenyanın nüvə proqramına dair hazırda dalana dirənmiş danışıqlar başlanarkən bu siyahıdan çıxarılanadək iki onillik ərzində ABŞ-ın terrorizmin dövlət sponsorları siyahısında olub.
Bazar günü CNN-ə müsahibəsində cənab Obama kiberhücuma “müvafiq” cavab veriləcəyini vəd edib.
“Mən tapılmış faktlara nəzər yetirmək üçün gözləyəcəyəm – deyib prezident və əlavə edib ki, o hücumun “müharibə aktı” olduğunu düşünmür.
Bəzi məlumatlara görə, ABŞ Şimali Koreyanın kiberhücumlarının buxovlanması üçün Çinə müraciət edib.
Çin Şimali Koreyanın yaxın müttəfiqidir və Pxenyan üzərində ən böyük nüfuza malik olan ölkə kimi tanınır.
Çinin xarici işlər naziri Wang Yi bazar günü amerikalı həmkarı John Kerry ilə telefon söhbətində olub və bu danışıqlarda Sony qalmaqalı müzakirə edilib.
Cənab Wang Çinin “kiberhücumların və kiberterrorun bütün formalarının əleyhinə olduğunu” bildirsə də, konkret olaraq Şimali Koreyanın adını çəkməyib.
Çin Xarici İşlər Nazirliyinin saytında bazar ertəsi yerləşdirlmiş bəyanatda deyilir ki, Çin “hər hansı ölkənin və ya şəxsin başqa bir ölkənin infrastrukturundan istifadə edərək üçüncü bir ölkə üzərinə kiberhücum etməsininin əleyhinədir”.
Daha sonra keçirilmiş mətbuat konfransında xarici işlər nazirliyinin sözçüsü deyib ki, “Çin qarşılıqlı hörmət və etimad zəminində beynəlxalq birliklə kibertəhlükəsizliyə dair konstruktiv əməkdaşlığa hazırdır”.
Şimali Koreyanın kiberhücumlar üçün Çinin qurğularından istifadə etməsi barədə iddialara şərh verməsi xahişinə cavab olaraq sözçü əlavə edib: “Düşünürəm ki, hər hansı nəticəyə gəlinməsi üçün kifayətedici faktlara və sübutlara ehtiyac var. Çin bu məsələni faktlar əsasında, beynəlxalq və Çin qanunlarına uyğun şəkildə yoluna qoyacaq”.
Müxbirlər bildirirlər ki, hakerlik məsələsi Çin-ABŞ münasibətlərində çox incə məqamdır və hər iki tərəf bir-birini tez-tez kibercasusluqda ittiham edir.
“Müsahibə” saqası

Şəklin mənbəyi, AFP
“Müsahibə” - Interview - filmində cənab Kimlə müsahibə icazəsi almış James Franco və Seth Rogen adlı iki jurnalistdən bəhs olunur. Mərkəzi Kəşfiyyat İdarəsi jurnalistləri Kimə qarşı sui-qəsdə cəlb etmək istəyir.
Sony bildirib ki, filmin nümayişini ləğv etmək qərarını terror hədələrinin ardınca əksər ABŞ kinoteatrlarının bundan imtina etməsindən sonra qəbul edib.
22 noyabr: Sony şirkətinin kompüter sisteminə haker müdaxiləsi baş verir və kino ulduzları barədə pərtlik yaradan elektron məktublar və şəxsi məlumatlar faş olur.
7 dekabr: Şimali Koreya kiberhücumun arxasında olduğu barədə ittihamları rədd edir, lakin bu hücumu “düzgün əməl” adlandırır.
16 dekabr: “Sülhün Keşikçiləri” haker qrupu filmi nümayiş etdirəcək kinoteatrların üzərinə 11 sentyabr basqınlarına bənzər hücum ediləcəyi ilə hədələyir, filmin Nyu York premyerası ləğv olunur.
17 dekabr: ABŞ-ın aparıcı kinoteatr şirkətləri filmi göstərməyəcəklərini bildirirlər və Sony Milad buraxılışını ləğv edir.
19 dekabr: FTB haker hücumunun Şimali Koreya tərəfindən təşkil olunması barədə nəticəyə gəlir. Prezident Obama Sony-nin filmi nümayiş etdirməmək qərarını “səhv” adlandırır.
20 dekabr: Şimali Koreya ABŞ-la birlikdə haker hücumunun araşdırılmasını təklif edir və bu təklif ABŞ tərəfindən rədd olunur.




