Julian Assange Ekvador səfirliyini "tərk edəcək"

Şəklin mənbəyi, BBC World Service
Wikileaks saytının yaradıcısı Julian Assange bəyan edib ki, iki illik sığınaqdan sonra Londondakı Ekvador səfirliyini "bir azdan" tərk edəcək.
Mətbuat konfransında danışan cənab Assange səfirliyi nə vaxt tərk edəcəyini açıqlamasa da deyib ki, getməsi "çox güman ki" Britaniya mətbuatında verilən səbəblərə görə deyil.
Bəzi məlumatlarda deyilib ki, o, xəstələnib və müalicə olunmalıdır.
Ekvadorun xarici işlər naziri Ricardo Patino deyib ki, Ekvador "ona sığınacaq verməyə davam etməyə hazırdır".
43 yaşlı Julian Assange cinsi təcavüz üzrə dindirilmə üçün İsveçə qaytarıla bilər.
O, ittihamları rədd edir və 2012-ci ilin iyun ayında Ekvador səfirliyində sığınacaq alıb.
Wikileaks saytının təsisçisi 2012-ci ilin avqust ayında diplomatik sığınacaq alandan bəri səfirliyin binasında yaşayıb.
Britaniya mətbuatındakı bəzi məlumatlarda deyilib ki, cənab Assange orada qalarkən ürək çatışmazlığından və xroniki ağciyər problemindən əziyyət çəkməyə başlayıb.
Səfirlikdə keçirilən mətbuat konfransında Julian Assange deyib ki, son iki il ərzində səhhəti pisləşib.
O, mətbuatdakı məlumatların onun getməsinə səbəb olmadığını bildirsə də, ətraflı detallar verməyib.




