İraq kəndində yezidilərin "kütləvi qırğını"

Şəklin mənbəyi, REUTERS
Yezidi kəndinə hücum edən cihadçılar qadın və uşaqları özləri ilə aparmaqdan əvvəl ən azı 80 kişini qətlə yetiriblər, İraqdan daxil olan xəbərlərdə göstərilir.
Cümə günü Sincar şəhərindən 45 kilometr aralıqdakı Koço kəndinə soxulan İslam Dövlətinin (İŞİD) döyüşçüləri islamı qəbul etməyən kişilərin öldürüləcəyini deyiblər.
İraq Kürdistanı hakimiyyətinə əsasən kənddə bir saat ərzində atəş səslərinin arası kəsilməyib.
Yüksək rütbəli kürd rəsmisi Xoşyar Zebari deyib ki, kəndi tərk edərkən cihadçı karvanından iki maşın Amerika raketilə məhv edilib.
ABŞ bölgədə hava zərbələrinin endirilməsi barədə məlumatları şərh etməyib.
Pentaqon nümayəndəsi “hərbçilərin təhlükəsizliyi”ni nəzərə alaraq “cari və planlaşdlırılan əməliyyatları”nın şərh edilmədiyini bildirib.
Sünni cihadçıların hücumları humanitar və təhlükəsizlik böhranı yaradaraq təxminən 1.2 milyon adamın didərgin düşməsinə səbəb olub.
