Talibanın bazarlıq sirləri: Dove sabunu, "Secret Love" ətiri...

- Müəllif, Riaz Sohail
- Vəzifə, BBC Urdu
Pakistanda Talibanın nəzarətində olan tayfa ərazilərində hökumət qoşunlarının hücum əməliyyatları əhalinin böyük qismini daha təhlükəsiz yerlərə qaçmağa məcbur edib. Onların arasında bu yaxınlaradək Taliban döyüşçülərini ən yaxşı müştəriləri hesab edən dükançı Rasheed Rehman da var.
“Bağışlayın paltarlarım iy verir, - o deyir, - amma mən bir vaxtlar Miranşahda şah balası kimi yaşayırdım”.
Miranşah Əfqanıstanla həmsərhəd Şimali Vəziristan əyalətinin inzibati mərkəzidir. Rasheed deyir ki, orada, əsas bazarda onun dükanı olub və bu dükanda hər cürə kosmetika, qısa corablar və uzun qadın corabları, bir az da elektrik malları satarmış.
O deyir ki, günə 100-115 min rupilik (1600 dollardan çox) alver edərmiş və ən pullu müştəriləri də Taliban döyüşçüləri olublar. Rasheedin sözlərinə görə döyüşçülər hər gəlişlərində xeyli mal alarmışlar və qiymət üstündə heç çənə-boğaz etməzmişlər.
“Onlar daha çox xarici və ya brendli ətirlərə, bir də bədən dezodorantlarına üstünlük verirdi. Güclü iyi olan ətirləri xoşlayırdılar” – deyir keçmiş dükançı.
Rasheed Taliban döyüşçülərinin sevdikləri malları almaq üçün İslamabada və Lahora səfərlər edərmiş.
“Pakistan mallarını bəyənmirdilər” – Rasheed deyir.

Şəklin mənbəyi, Getty
Onların öz qadınları üçün tez-tez aldıqları “Secret Love” və Rasasinin “Blue Lady” ətirləri idi.
Taliban döyüşçüləri həm də tez-tez “Head and Shoulders” və ya “Clear” şampunları və Dove sabunlarını alardılar.
Alt paltarlarına gəlincə, ağ rəngli xoşlayırdılar - uzunbalaq və ya “Y” şəkilli qısalarını.
İndi Rasheed parfümeriya malları almaq üçün heç yerə səfər etmir. O yer qazır.

Şəklin mənbəyi, Getty
O Miranşahı hava bombardmanları başlananda tərk edib. Rasheed Şimali Vəziristanı tərk etmiş başqa 800 min qaçqın kimi hökumət düşərgəsində yaşamaqdansa, bir evə qonaq düşməyi daha münasib sayıb.
O güzaran üçün şəhərin ətrafında adda-budda kol-kos bitən boz çöllərdəki tikinti sahəsində fəhlə işləyir. 20 yaşlarında, arıq və qürurlu adamdır.
Miranşahdan olan başqa bir dükançı - Sohail Masih dərzidir və o da təsdiq edir ki, bazarda ən yaxşı müştəriləri hər gəlişlərində 2000-3000 rupi xərcləyən Taliban əsgərləri olublar. Bu, əksər insanlar üçün iki həftənin qazancıdır.
“Onlar mənim dükanıma qara pəncərəli ağ maşınlarda gəlirdilər və ciblərindən qalaq-qalaq pulları çıxarmaqdan çəkinmirdilər” – dərzi qeyd edir.
“Onlar elə şeylər alırdılar ki, mənim kimi adamlar bunu heç ağıllarına da gətirə bilməzdilər” – Soheil deyir.
“Deyirlər ki, Taliban döyüşçüləri nələrin baş verəcəyini əvvəlcədən bildiyindən, öz elektrik mallarını dəyər-dəyməzinə satmağa başlayıblar”…
Talibanın bahalı zövqü ətrafdakılara da təsir edirmiş.
Rasheed Rehman BBC müxbirinin Sony kamerasına diqqətlə baxıb deyir: “Mənim dükanımda bundan əla kameralar olardı”…




