ABŞ-a birbaşa uçan reyslərdə təhlükəsizlik tədbirləri sərtləşdirilir

Şəklin mənbəyi, .

ABŞ-ın Daxili Təhlükəsizlik Nazirliyi xarici hava limanlarında ABŞ-a birbaşa uçan reyslərdə təhlükəsizlik tədbirlərinin sərtləşdirilməsi planlarını açıqlayıb.

Britaniyanın Nəqliyyat Nazirliyinin nümayəndəsi BBC-ə bildirib ki, təhlükəsizlik qaydaları Britaniya hava limanlarında da sərtləşdiriləcək.

Bundan əvvəl, ABŞ mediası bildirib ki, "Əl-Qaidə" silahlıları Suriya və Yəməndə indiyə qədər tətbiq edilən təhlükəsizlik qaydaları ilə tapılmayan yeni partlayıcı qurğu üzərində çalışır.

ABŞ-ın Daxili Təhlükəsizlik Nazirliyi bəyan edib ki, yeni təhlükəsizlik qaydaları yaxın günlərdə tətbiq ediləcək.

Məlumatda bu addımın səbəbi və hansı ölkələrdə tətbiqi barədə məlumat verilmir.

Məcburi tədbirlər

Hələlik yeni qaydaların müvəqqəti və ya həmişəlik, həmçinin ABŞ hava limanlarında da tətbiqi bilinmir.

"Əlimizdən gələni edəcəyik ki, belə məcburi addımlar səyahətçilər üçün narahatlıq yaratmasın", ABŞ-ın Daxili Təhlükəsizlik Nazirliyindən Jay Johnson bildirib.

"Biz əlimizdəki məlumatları xarici müttəfiqlərimizlə bölüşürük, eləcə də avia sənaye nümayəndələri ilə məsləhətləşmələr aparırıq", o əlavə edib.

Johnson güman edir ki, yeni qaydalar səyahət zamanı gecikmələr yaratmayacaq.

Amerika hökümətindən anonim qalmaq istəyən bir məmur Reuters agentliyinə deyib ki, əsas diqqət Avropadan Amerikaya gələn hava reyslərə yönəldiləcək.

İstisna deyil ki, Avropa ölkələrindən gələn sərnişinləri əlavə yoxlamalar gözləyir. Ən azından onların ayaqqabıları və elektrik cihazları yoxlanılacaq.