Vəzifədə irəli getmək üçün nədən çəkinməli

Şəklin mənbəyi, Thinkstock
Yəqin ki, işə düzəlmək üçün müsahibə zamanı müvəffəq olmaqdan yaxud dolaşdırıcı suallara düzgün cavab verməyi bacarmaqdan bəhs edən kitablarınız artıq rəfə sığmır. Lakin bilirsinizmi, belə hallarda qətiyyən nə etmək lazım deyil?
Çətin ki, rəfə düzülmüş kitablarınız düzgün əl sıxmaq, müsahibə zamanı heç bir halda barəsində danışmağa dəyməz mövzular və daim inləməmək haqqındadır. Onda, mənsəbə çatmaq üçün nədən çəkinmək lazımdır mövzusunda bir neçə məşhur biznesmenin LinkedIn-də çap etdikləri qeydləri sizin üçün maraqlı olar.
Həmin məqalələrdən sitatlar təqdim edirik.
James Caan, Hamilton Bradshaw Group-un icraçı direktoru
Məlumdur ki, “yeni iş axtardığınız zaman izdihamdan seçilməyiniz çox vacibdir”, - öz “Müsahibə zamanı nə demək olmaz” kiçik məqaləsində Caah yazır. Lakin biz bilirikmi ki, heç bir halda nə demək olmaz?
“Çox yayılmış ifadələr var ki, onlardan qacınmaq lazımdır”, - Caan yazır və onlardan bir neçəsini sadalayır.
- “Bilmirəm. Çətin sual qarşısında aciz görünməmək üçün qabaqcadan hazırlaşmaq lazımdır. Müsahibədən əvvəl bir qədər vaxt sərf edin, peşman olmazsınız. Siz potensial işverən barəsində hər şeyi bilməli və öz barənizdə anketin istənilən sualına dair cavab verməyə hazır olmalısınız, - Caan izah edir. – Əlbəttə, cavabını bilmədiyiniz suallar da olur. Sakit olun, sualı bələd olduğunuz sahəyə çəkməyə çalışın və unutmayın ki, indicə yeni informasiya almısınız”.
- “İndiki iş yerim xoşuma gəlmir. Cari iş yerinizdə hər şey doğurdan da pis olsa da, müsahibəni problemlər haqqında söhbətə çevirmək lazım deyil, - Caan yazır. – Siz yalnız ona nail olarsınız ki, potensial işverən: sizinlə yola getmək çətindir – qərarına gələr”.
Bernard Marr, Advanced Performance Institute-un icraçı direktoru
Tanış olmadığınız adamla işlə bağlı ilk dəfə görüşəndə nə baş verir? Düzdür, bir-birinizin əlini sıxırsınız.
Biznesdə əl sıxmanın xüsusi əhəmiyyəti var. “Pis əl sıxma yöndəmsizlik doğura bilər və ilk təəssüratı korlayar”, - Marr öz “Düzgün olmayan altı əl sıxma tərzi” məqaləsində yazır.

Şəklin mənbəyi, Thinkstock
Marr-dan bir neçə misal.
- “Tərli ovuc. Bəzi adamların əlinin içi təbii səbəblərdən tərləyir. Əsəbiləşəndə isə, hamının başına gələ bilər, - o yazır. – Bu hal, stress vəziyyətində, məsələn, müsahibə zamanı əl sıxmanı çətinləşdirir. Bununla belə, əl sıxma zamanı ovucun tərli olmasına bəraət qazandırıla bilməz”.
- “Süst əl. Salamlaşdığınız adamın əlini kifayət qədər möhkəm sıxmamaq və onu bilək hərəkəti ilə silkələməmək böyük səhv olar, - Marr tövsiyə edir. – Bu, “Mən özümə əmin deyiləm” yaxud “Mən zəifəm” siqnalı kimi qəbul olunur”.
- “Təmasdan qaçmaq. Əl verdiyi adamın gözlərinə baxmamaq və əlini həddən tez çəkmək... bu, adamın özünə kifayət qədər əmin olmadığını, cəsarətsizliyini yaxud onun heç də sizinlə görüşüb əlinizi sıxmaq istəmədiyini göstərir”, - Marr xəbərdar edir.
Scott Case, Main Street Genome-un həmtəsisçisi və icraçı direktoru
Çoxları karyerasının əvvəlindən təxminən on il sonra böhranla üzləşir. “Siz 30-35 yaşındasınız. Yaxşı işiniz var, şəxsi həyatınız öz qaydasındadır, lakin nə isə çatışmır. Enmə yoxdur, lakin yüksəliş də baş vermir”, - Case öz “Bəsdir daim inləmək” məqaləsində yazır.
“İş yerində hamını qane edirsiniz, lakin irəliləmə yoxdur, - Case yazır. – Siz niyə irəli getmirsiniz? Niyə istədiyiniz işlə məşğul olmursunuz?”
Case-in daim rast gəldiyi bir neçə bəraət təqdim edirik.
- “Mən həddən çox məşğulam. Elə bilirsiniz başqaları məşğul deyil?, - Case yazır. – Bir vaxt bütün əldən buraxılan imkanlar üçün peşman olarsınız. Şans gəlibsə, bütün başqa işləri bir yana atmaq lazımdır”.
- “Mən tənbələm. Mənim qarşımda heç vaxt belə təmizə çıxmaq istəyən olmayıb, lakin bəziləri üçün bu, böyük problemdir, - Case qeyd edir. – Tənbəlliyə son qoymaq vaxtıdır. Heç nə öz-özünə əlinizin içinə düşməyəcək. İmkanları yaratmaq lazımdır”.
- “İndi vaxtı münasib deyil. Münasib məqam heç vaxt olmayacaq. Evlənmək üçün, işdən azad olmaq üçün, mənzil almaq üçün ya şirkət açmaq üçün yarayan məqam heç vaxt olmur. Hamımızın payına sutkada 24 saat düşür, lakin onların necə keçirilməsi bizim özümüzdən asılıdır, - Case yazır. – Tamamilə yarayan məqam indidir”.




