"Dostlar" serialı haqqında 10 maraqlı fakt

Friends

Şəklin mənbəyi, Getty

Şəklin alt yazısı, David Schwimmer, Matt LeBlanc, Jennifer Aniston, Lisa Kudrow və Matthew Perry-ni 1994-cü ildə ABŞ-da çox az adam tanıyırdı

Ola bilsin, siz də onlar üçün bir qədər darıxmısınız. Axı tarixdə ən uğurlu teleserialın son epizodu düz 10 il əvvəl efirə çıxıb. Ən azı Britaniyada.

Bir-birlərinə vurulan, ayrılan, iş yeri tapan, işdən çıxan, müflisləşən, uşağa qalan 20 yaşlarında olan Nyu York gənclərini 10 mövsüm ərzində seyr etdikdən sonra biz nəhayət Chandler, Joey, Ross, Rachel, Monica və Phoebe ilə vidalaşdıq.

Demək olar, biz də onlardan müvəqqəti "ayrıldıq".

O vaxtdan bəri onları birləşdirəcək daha bir seriyanın çəkildiyi barədə şaiyələr gerçək olmadı. Çünki serialda xoş qılıqlı, amma bir az kütbeyin Joey Tribbiani-ni oynayan Matt LeBlanc demişkən, “bu şou, kolleci bitirdikdən sonra, hələ ailə qayğıları və başqa münasibətlər başlanmazdan əvvəl ömrün çox qısa bir kəsimini göstərirdi və həmin dövrdə dostlar insana əsl dayaq olur”.

“Elə onun tilsimi də bundadır – bu şou hamıya aid idi” – deyə əlavə edir aktyor.

On ildə çox şey dəyişib. Məsələn, sonuncu hissə Britaniyada ABŞ premyerasından üç həftə sonra göstərilib və o vaxt internet onun qaçaq surətləri və spoylerləri ilə doldurulmamışdı.

Serialın pərəstişkarları onun bütün incəliklərini bildirdilər. Bununla belə, daha 10 məqam var ki, bunları, çox güman bilmirsiniz:

1) Serialın əsas musiqi leytmotivi REM qrupunun Shiny Happy People mahnısı olmalıydı.

Bu mahnıdan pilot variantda istifadə edilmişdi. O vaxt serialın özünü “Bizim kimi dostlar” (Friends Like Us) adlandırmaq planlaşdırılmışdı. Lakin sonradan kompozisiyanı “I'll Be There For You” mahnısı ilə əvəz etdilər. Onun həmmüəllifləri, teleşounun yaradıcıları Marta Kauffman və David Crane idilər, mahının ifaçısı isə “The Rembrandts” qrupu oldu.

Jennifer Aniston, Winona Ryder

Şəklin mənbəyi, Getty

Şəklin alt yazısı, Dostlar”da tez-tez tanınmış şəxsiyyətlər görünürdülər. (Fotoda Jennifer Aniston və Winona Ryder)

Əvvəlcə mahnı cəmi bir dəqiqə səslənirdi, lakin sonradan hansısa DJ radioda bu parçanı bir-birinə qoşaraq üç dəfə oxutdu və qrup anladı ki, onun tammetrajlı variantını hazırlamağın zamanı gəlib.

“Səs yazısının üzərinə qoyduğumuz titul da mahnını yenidən işləməyi və yenidən yazmağı tələb edirdi” – deyir aparıcı vokalçı Phil Solem.

Mahnı ABŞ hit-paradında birinci yerə qalxdı, Britaniyada isə o üçüncü yerdə idi. Bu mahnının 600 min nüsxəsi satıldı, lakin bundan sonra qrup bir dənə də olsun hit yarada bilmədi. Zirvə uğrunda daha bir cəhd - This House Is Not A Home mahnısı onlara Britaniyada yalnız 58-ci yerə çıxmaq imkanı yaratdı.

2) David Schwimmer, Matt LeBlanc, Jennifer Aniston, Lisa Kudrow və Matthew Perry 1994-cü ildə ABŞ-da o qədər az tanınırdılar ki, serialı qəzetlərdə Courteney Cox-la reklam edirdilər. Reklamlarda onun “Ailə bağları” komediyasındakı rolundan danışılır və o, Bruce Springsteen-in videosunda epizodik şəkildə görünürdü.

Əslində, Joey və Monica lap əvvəldən serialın əsas cütü kimi nəzərdə tutulmuşdular.

Shounun müəllifi Marta Kauffman bunu belə izah edirdi: "Sadəcə olaraq onlar bizə ən seksual obraz kimi görünürdülər”.

3) Matt LeBlanc sınaq çəkilişinə gələndə cibində vur-tut 11 dolları vardı.

Burnu bir balaca cızılmışdı, beləki elə o ərəfədə sərxoş vəziyyətdə yıxılarkən üzü unitaza dəymişdi.

Courteney Cox, Jennifer Aniston

Şəklin mənbəyi, BBC World Service

Şəklin alt yazısı, Courteney Cox və Jennifer Aniston çəkliş meydançasından kənarda da dostluq edirdilər

Onlara ilk maaş verilən kimi Monica-nı oynayan Courteney Cox bu hadisəni “Porsche” avtomobili almaqla qeyd etdi. LeBlanc isə yaxşıca nahar edə bildi.

“Mən "Dostlar"a dəvət ediləndə artıq üç başqa serial üçün sınaqdan keçə bilməmişdim. Mən bu rol üçün seçiləndə, cibimdə cəmi 11 dollar pulum var idi. Sınaqda Joey-nin rolunu 6 dəfə oxumalı oldum. Hələ bilinmirdi ki, məni götürəcəklər, yoxsa yox.

4) Gunther obrazı sözsüz olmalı idi. Əslində bu personajın ikinci seriyayadək heç adı da yox idi.

Aktyor James Michael Tyler-ə bu rolu ona görə vermişdilər ki, o yaxınlıqdakı kafedə işləyirdi və qəhvə maşını ilə davranmağı bacarırdı.

O ilk mövsümlər ərzində həmin kafedəki işini də tərk etməmişdi.

“Mənim bir neçə iş yerim olmuşdu. Lakin “Dosrtlar” çəkiləndə mən Los Ancelesdəki “Burjua donuzu” (Bourgeois Pig ) adlı kafedə işləyirdim” – deyə nəql edir Tyler.

“Mən orda barmen idim, lakin o vaxtlar “Dostlar”da rejissor köməkçisi kimi çalışan bir nəfər mənə xırda-para işlər verirdi. O mənə zəng etmişdi və demişdi: “Qulaq as, sən kafedə işləyirsən, burda bizim təzə layihəmizdə də kafe var. Cəmisi 6 hissədir. “Dostlar” adlanır. Məncə həftədə bir dəfə sənin üçün maraqlı olar. Orda mənə gərək ki, günə 45 dollar ödəyirdilər” – deyə xatırlayırdı aktyor.

5) Courteney Cox və Jennifer Aniston 10 il ərzində özləri üçün eyni naharı sifariş edirdilər – Cobb salatını.

Cox sonralar, serial sona yaxınlaşanda, 2004-cü ildə Oprah Winfrey-ə müsahibəsində Cox belə bir etiraf etmişdi: “Mən bu salatdan cana doymuşdum, amma sifariş edəndə “mənə də ondan” demək daha rahat idi"…

Lakin bundan daha da sonra Los Angeles Times qəzetinə müsahibəsində o, başqa bir etiraf da etmişdi: “Bu ümumiyyətlə, Cobb salatı da deyildi.

Friends

Şəklin mənbəyi, Getty

Şəklin alt yazısı, Serialın son hissələrində aktyorlar hər seriya üçün milyon dollar maaş almağa başlamışdılar

"Jennifer bu salata hindtoyuğu əti və bir də nələrsə qatırdı. Salatı kamilləşdirməyə çalışırdı. Amma bir yeməyi 10 il hər gün yeyirsənsə, onun dadından nə demək olar?” – deyə xatırlayırdı Cox.

6) Monicanın qapısındakı məşhur gözlük əvvəlcə güzgüdən idi, lakin sonralar çəkiliş qrupundan kimsə onu təsadüfən sındırdı.

Dekor rəssamı Greg Grande dedi ki, “elə belə də pis deyil” və qapı yerində qaldı.

“Onlar X nəslinə mənsub cavan, hər bir sent üçün mübarizə aparan çılğın adamlar idilər. Onlar özləri üçün mebelləri də çərçi bazarından alırdılar” – deyir Greg Grande.

Jennifer Aniston, David Schwimmer

Şəklin mənbəyi, Getty

Şəklin alt yazısı, Hər bir seriyanın istehsalı 10 milyon dollara başa gəlirdi

"Ən maraqlısı da budur ki, indi adamlar baxıb deyirlər: “Belə də qüsur olar? Amma əgər dekorasiyanın hər bir parçasına ayrılıqda baxılsa, aydın olar ki, hər bir şey öz yerindədir. Monica-nın evi belə yaranmışdı” – deyir rəssam.

7) Bruce Willis üç seriyada pulsuz çəkilmişdi. Daha doğrusu, qonorarını Matthew Perry ilə mərcdə uduzmuşdu.

Matthew demişdi ki, “Tam 9 yard” filmi Amerika kinoprokatının qalibi olacaq və oldu da.

Qonorar xeyriyyə fonduna köçürüldü.

8) NBC teleşirkəti təkcə sonuncu seriyanın nümayişindən 70 milyon dollar qazanmışdı.

Bu seriyanın arasında gedən reklamların hər bir 30 saniyəsinin qiyməti iki milyon dollar idi. Bu, rekord qazanc və əyələncə şousu üçün rekord gəlir idi.

Bruce Willis, David Schwimmer

Şəklin mənbəyi, BBC World Service

Şəklin alt yazısı, Bruce Willis (fotoda David Schwimmer ilə) Matthew Perry-yə mərcdə uduzduqdan sonra serialda pulsuz çəkilməyə məcbur olmuşdu

Aparıcı aktyorlara əntiqə maaş verirdilər. Danışıqlar “ulduzlar” qrupunun adından aparılırdı və serialın sonlarında onlar hər bir hissə üçün milyon dollaradək məvacib alırdılar.

Hər bir seriyanın qiymətini 10 milyon dollara da elə bu çatdırmışdı. Bu orta seriala verilən qiymətdən 20 dəfə çox idi.

9) Dişi meymun Marcel-in əsl adı Katie idi. O bundan əvvəl artıq Petersenin “Epidemiya” adlı Hollivud filmində çəkilmişdi.

10) Aktyorlar da serial başa çatandan sonra tamaşaçılar qədər xiffət çəkirdilər.

“Adam lap dəli olurdu. Biz kərpic divara çırpılmış Çin çinisinə bənzəyirdik. Qırıntılarımnız qaçılmaz iztirab istiqamətində uçurdu” – deyə Jennifer Aniston çəkilişin sonuncu həftəsini yada salırdı.

“Bundan sonra çiling-çiling olub milyon qəlpəyə parçalanacaqdıq. İtki mən düşündüyümdən də ağır idi” – deyir Lisa Kudrow.

David Schwimmer, Matt LeBlanc, Matthew Perry

Şəklin mənbəyi, BBC World Service

Şəklin alt yazısı, Serial onda çəkilənlərin hamısına məşhurluq qazandırdı

Matt LeBlanc xatirələrində daha az sentimental idi. O deyirdi ki, Joey Tribbiani onun həyatının üçdə birini əlindən alıb.

2004-cü ilin yanvarında çəkilmiş sonuncu seriyada 6 dostun hamısı Nyu Yorku tərk edir. Onlardan hər biri öz həyatının yeni fəslinə başlayır.

“Biz inanırıq ki, adamlar onlardan ayrılarkən çox da kədərlənməyəcəklər və dostların gələcək taleyi yaxşı olacaq” – deyirdi Kauffman.

Sonuncu səhnə Warner Bros studiyasının 24 nömrəlli meydançasında çəkilmişdi.

“Dostlar”-ın çəkilişi artıq ikinci mövsümdən orada aparılırdı. Çəkiliş başa çatandan sonra meydançanın adı “Dostlar” oldu.