BMT: iqlim dəyişikliyinin ciddi nəticələri dünyanı təhdid edir

climate1

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı, İqlimin dəyişməsi daşqınlar təhlükəsini artırır

İqlimin dəyişməsi, çox ehtimal ki, “ciddi, hər yerdə və dönməz” olacaq, BMT-nin məruzəsində deyilir.

İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Ekspertlər Qrupunun (İDHEQ) Yaponiyada keçirilən toplanışında iştirak edən alimlərin və siyasətçilərin sözlərinə görə, bu, sözügedən mövzuda ən müfəssəl məruzədir.

İDHEQ nümayəndələri bəyan edirlər ki, məruzədə iqlim dəyişikliyinin konkret nəticələrinin təkzibedilməz sübutları ehtiva olunur.

Daha çox təbiətin ekosistemləri zərər çəkəcək, lakin iqlimin dəyişməsinin insanlara da təsiri olacaq.

Atmosfer temperaturunun artması insanların səhhətinə təhlükə yaradır. Bu, eləcə də kənd təsərrüfatına zərər vuracaq və planetimizin bir çox regionlarında yaşayış şəraitlərinə mənfi təsir edəcək.

BMT-nin məruzəsinin mətni Yokohamada bir neçə gün qızğın mübahisələrdən sonra elan edilib.

Təkzibedilməz dəlillər

Sənəddə qeyd olunur ki, İDHEQ-in 2007-ci ildə çap olunmuş əvvəlki məruzəsindən sonra iqlim dəyişikliyinə dair elmi sübutların sayı ikiqat artıb.

Məruzənin müəllifləri iqlim dəyişikliyinin artıq bütün qitələrdə və okeanlarda ekosistemlərə və insanların məskunlaşması mühitinə təsiri olduğunu qeyd edirlər.

İDHEQ sədri Rajendra Pachauri bəyan edib ki, “İqlim dəyişikliyi planetdə yaşayan hər kəsə təsir edəcək”.

Hesabatın müəlliflərindən biri, doktor Saleemul Huq deyib ki, iqlim dəyişikliyinin bunun həqiqətən baş verdiyinin danılmaz dəlilləri mövcuddur.

Dünya Meteoroloji Təşkilatının baş katibi Michel Jarraud deyib ki, əvvəllər insanlar “bilməməzlikdən” Yerin iqliminə ziyan vura bilərdilər, indi daha bilməməzliklə pərdələnmək mümkün deyil.

Məruzədə iqlim dəyişikliyinin qısamüddətli perspektivdə ciddi nəticələri qeyd olunur.

Havanın temperaturunun Selsi üzrə 2 dərəcə artması halında, Unikal ekosistemlər, məsələn, Arktikada dəniz buzu, yaxud daha isti dənizlərdə mərcan rifləri ciddi təhlükəyə uğraya bilər.

Bundan başqa, temperaturun qalxması okeanların oksidləşməsinə gətirir, bu isə mərcanlar və bir çox balıq növləri üçün təhlükə yaradır.

Quruda heyvanlar və bitkilər ya şimala, ya da yaylalara sarı köçməyə başlayarlar.

İnsanların həyatı

climate2

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı, İstiləşmə ərzaq təhlükəsizliyinə təsir edəcək

İqlimin dəyişməsi həmçinin insanların yaşayış tərzinə ciddi təsir edə bilər.

Ən əsas problemlərdən biri ərzaq təhlükəsizliyi ola bilər. Bəzi proqnozlara görə, 2050-ci ildə qarğıdalı, düyü və buğda məhsullarının 25 faizədək azalacağı gözlənilir.

2050-ci ildən sonra Yer üzündə əhalinin sayının 9 milyarda çatacağı halda, taxıl məhsullarının bundan da çox azalacağı ehtimal olunur.

Bir çox balıq növləri şimal sularına köçəcək, bu isə tropik regionların sakinlərinin ərzaq təhlükəsizliyində əksini tapacaq.

Tropiklərin bəzi hissələrində və Antarktikada, balıq ovu 50 faizədək düşə bilər.

Bir çox yaşayış regionlarında sellər güclənəcək, çox isti hava səbəbindən ölüm hallarının sayı artacaq.

Məruzə müəllifləri həmçinin iqlim dəyişikliyi səbəbindən məcburi miqrasiya ilə bağlı və həm miqrasiya, həm də su və ərzaq resurslarının bölünməsində dəyişiklik nəticəsində dövlətlər arasında mümkün münaqişələr təhlükəsini qeyd edirlər.

İqlim dəyişikliyindən əsasən yoxsul ölkələr zərər çəkəcək, lakin daşqınlar və quraqlıq riskinin artması səbəbindən inkişaf etmiş ölkələr də zərərdən qaçınmaycaqlar.

Sellərdən və quraqlıqdan sonra bərpaetmə işləri milyardlarla dollara başa gələcək.

Məruzənin müəllifləri həmçinin yazırlar ki, insanlar iqlim dəyişikliyinə uyğunlaşmalı olacaqlar.

Bunun haqqını kim ödəyəcək sualını cavablandıran Yokohama danışıqlarında Braziliyanı təmsil edən doktor Jose Marengo deyib ki, “bu məsələ İDHEQ-in səlahiyyətləri xaricindədir”.