Lenin heykəllərinin durduğu beş ağlasığmaz yer

Kiyevdə avrointeqrasiya tərəfdarları paytaxtın mərkəzində onilliklər ərzində ucalan Leninin abidəsini durduğu kürsüdən çəkərək yerə atıblar.

Beləliklə Ukrayna paytaxtı Lenin heykəlindən məhrum oldu. Lakin dünyanın bir sıra digər yerlərində Leninə heykəl və abidələr hələ durmaqdadır.

1. Seattle şəhəri, ABŞ

Seattle şəhərinin həndəvərindəki Fremont qəsəbəsində Lenin abidəsi 1990-cı illərdə ucaldılıb. Bu abidənin ucaldılmasına ingilis dili müəllimi Lewis Carpenter köməklik edib. Heykəl qəlyanaltı obyektlərinin əhatəsində ucalır və vaxtaşırı bayram işıqları və rəngbərəng parçalarla bəzədilir.

2. Antarktika

1958-cü ilin dekabrında Sovet alimləri Antarktikada ABŞ tərəfindən Amundsen-Scott stansiyasının yaradılmasına cavab olaraq, cənub qütbün ən ucqar nöqtəsində Sovet elmi-tədqiqat stansiyasını qurublar. Stansiyanın önündə isə Leninin plastikdən tökülmüş büstünü ucaltmışdılar.

3. Islington, London, Britaniya

2-ci Dünya Müharibəsi dövründə London şəhərinin Finsbury rayon bələdiyyəsi Lenin büstünün hazırlanmasını sifariş verir. Leninin büstü ötən əsrin əvvəlində Rusiya inqilab rəhbərinin yaşadığı əraziyə yaxın yerdə ucaldılır - Holford Square meydanında.

Büstün hazırlanması və Londonda ucaldılması Sovet İttifaqının Britaniya ilə Nasist Almaniyası əleyhinə ittifaqının yaradılması şərəfinə sifariş edilmişdi.

Lenin heykəli mühacirətdə olan rusiyalı arxitektor Berthold Lubetkin tərəfindən yaradılıb.

Sonrakı dövrlərdə Lenin heykəlinə qarşı vandalizm aktları baş verdiyi üçün Lenin büstü İslington müzeyinə köçürülüb.

4. Tarhankut, Ukrayna

Kiyevdən uzaqda olmayan Krımda, Tarhankut məntəqəsində Lenin büstü "sualtı muzeydə" qərarlaşıb. Həmin "sualtı muzeydə", deyilənə görə, bir sıra digər keçmiş Sovet liderlərinin heykəllərinə də rast gəlmək mümükündür.

5. Cavriago, Italiya

Leninin bu büstü isə İtaliyanın Bologna şəhərinin Cavriago meydanında ucalır. Bu heykəl Qərbi Avropa şəhərlərinin ictimai yerlərində ucaldılan Leninin nadir abidələrindən biridir.

1920-ci ildə şəhərin administrasiyası Vladimir Leninə fəxri vətəndaş adı verərək elə həmin dövrlərdə də Rusiya inqilabı liderinin büstünü şəhər meydanında ucaltmışdı.