İran nüvə danışıqlarında qarşı tərəfdən yeni yanaşmanın sərgilənməsini istəyir

Mohammed Javad Zarif
Şəklin alt yazısı, Mohammed Javad Zarif:"İran xalqını istənilən şərtlərə getməyə məcbur etmək mümükün deyil".

İranın XİN rəhbəri və eyni zamanda nüvə danışıqlarında nümayəndə heyətinin başçısı opponent ölkələri qarşıda gələn danışıqlarda yeni təkliflərlə çıxış etməyə çağırıb.

Mohammed Javad Zarif bunu İranın nüvə proqramına dair danışıqların növbəti raundunun gözlənildiyi kimi oktyabrın 15-də başlayacağı ərəfəsində bildirib.

İranın Xarici İşlər naziri Mohammed Javad Zarif deyib ki ölkə prezidenti Həsən Rohaninin seçilməsinə qədər təqdim olunmuş təkliflər artıq "tarixə çevrilib" və indi "yeni yanaşmanın" nümayiş etdirilməsinə ehtiyac duyulur.

İran TV-ə danışan XİN rəhbəri vurğulayıb kı, "danışıqlarda iştirak edən dövlətlər İran xalqının istənilən şərtlərə gedəcəyini düşünməməlidirlər".

Bu arada İran rəsmiləri ölkənin nüvə obyektlərində iddia edildiyinə görə, "təxribat törətməyə" hazırlaşan 4 nəfər şəxsin saxlandığını bildirib.