Dubayın yeni dəbi: ili 150 min dollarlıq Britaniya eşikağaları

Eşikağası

“Yeni varlanmışlar” Britaniyanın protokol mədəniyyətinə heyrandırlar və hətta dvoretskiləri hazırlayan şirkətlər yaradırlar.

Ola bilsin ki, Britaniyanın özündə dvoretskilər (azərbaycanca eşikağaları) keçmişin qalığı sayılsın, lakin bir sıra, xüsusilə də inkişaf etməkdə olan ölkələrdə onlara böyük ehtiyac yaranıb.

Əgər yazıçı P. G. Wodehouse-un qəhrəmanı olan butler Jeeves Ərəbistan yarımadasında işə dəvət olunsaydı, yəqin ki, özünü evində kimi hiss edərdi.

Əbu-Dabi Londonun dəbdəbəli Meyfeyr məhəlləsindən çox da fərqlənmir və əgər sən peşəkar eşikağasısansa, işini rahatca görəcəksən: geyim qaydalarına riayət edəcəksən və hansısa centlmeni həddən artıq qır-saqqız xalalardan qoruyacaqsan.

Britaniyada təlim görmüş qulluqçuları, xüsusən də butlerləri daha çox xaricdəki supervarlılar işə götürürlər. İndi Dubayda onlar ən son dəbdir.

“Daunton Abbatlığı” serialında olduğu kimi, onlar adətən zəngin evlərin aşağı mərtəbələrində yaşayırlar, lakin serialın qəhrəmanlarından fərqli olaraq ağlasığmaz məvacib alırlar.

Manqustlar üçün dayə

Sara Westin Rahmani Londondakı Eşikağaları Bürosunun və Evdarlıq Akademiyasının təsisçisi və direktorudur.

Bu yaxınlarda o, öz tələbələrindən birini Birləşmiş Ərəb Əmirliklərində məvacibi ildə 158 min dollar olan işə düzəldib.

37 yaşlı Dillon ordudan üç il əvvəl tərxis olunub, sonra isə eşikağası sənətinin incəliklərinə yiyələnib və 2011-ci ildə Palm Jumeyra süni arxipelaqına yollanıb.

“Mən orda işə başlayanda maaşım ildə 55 min dollar idi, - deyir Dillon, - amma qalan bütün xərclərimi ödəyirdilər. İndi maaşım 70 min dollara qalxıb. Amma işim də çoxdur”.

“Mən hər iki həftədən bir başqa yerə köçürəm və həftədə 7 gün, sutkada 24 saat telefon zənglərinə cavab verməliyəm. İşim, sahibim üçün paltarlarını hazırlamaq, bilet sifariş etmək və onun sifariş etdiyi malları alıb gətirməkdir. Mən həmçinin nəzarət etməliyəm ki, sahibim qızmar havalarda yaxşı görünsün və kifayət qədər maye qəbul etsin” – deyir Dillon.

Bu işin yaxşı cəhəti günəşli havalar və vergisiz maaşla bitmir. Hər il avqust və sentyabrda Dillonun tətilidir və o Britaniyadakı ailəsi ilə birlikdə ola bilər. O həmişə şəxsi təyyarə ilə səfər edir və dəbdəbəli evdə yaşayır. Hələ ağanın kefi yaxşı olanda, mükafat da alır.

Lakin hərdən o, ən gözlənilməz işləri də görməli olur.

“Ən ağlagəlməz tapşırıq iki manqust balası üçün dayə axtarışı idi, - deyir Dillon, - iki kiçik xəzdərilini sahibimin ailəsi xilas etmişdi. Axırı ki, onalrı yaxşı bir zooparka düzəldə bildim. Sonra isə Avropaya göndərildilər”.

Bu tənha adamların işidir

Dubayda işləyən başqa bir eşikağası – Adam mənim telefon zəngimə Avropadan cavab verdi. O öz sahiblərinin 20 metr uzunluğunda olan yaxtasında idi.

“İndi bizim göyərtəmizdə yalnız məşhurlar və superVİP-lər olur, - deyir Adam, - onların çox qəribə şıltaqları və ricaları var. Keçən həftə məni xüsusi təyyarə ilə İsveçrə dağlarına göndərdilər ki, yalnız orada tapılan qəhvəni alıb gətirim”.

“Bir dəfə Dubayda qonaqlığı ləngitməli oldular ki, Avropadan xüsusi şüşədən hazırlanmış qab-qacaq gəlib çıxsın. Nədi-nədi çox vacib bir xanım adı farfor qabdan yemək istəmirdi” – deyir eşikağası.

Adam öz işini və əlbərttə ki, ildə 142 min dollarlıq maaşını çox sevir. Amma əlavə edir ki, bu işə görə bütün əvvəlki həyatı ilə üzülüşməli olub.

“Mənim ailəm var, - deyir Adam, lakin mən onları yalnız işləməyəndə görə bilirəm. Bu tənha adamlara yaraşan işdir”.

Yeni varlıların protokol sevgisi

Görəsən, nə üçün Britaniyada təlim görmüş qulluqçulara bu qədər böyük ehtiyac var?

“Britaniyada sinifli sistemin, ev qulluqçularının, etiketin, böyük ənənələrin bütöv bir tarixi var" – deyir Sara Rahmani.

Onun fikrincə, yeni varlılar və eləcə də bütün dünya Britaniya ənənəsinin bir parçası olan protokola məftundur.

Xanım Rahmani deyir ki, yenicə pullanmışlar özlərini mühüm insanlar kimi təqdim etmək istəyirlər.

William Hanson isə bütün dünya boyunca yayılmış ev qulluqçularının müəllimidir.

O həmçnin bu yaxınlarda Dubayda ofis açmış “The English Manner” (İngilis maneraları) şirkətində etikadan dərs deyir.

Hanson deyir ki, mədəniyyətlərin bir qazanda qaynaması müsbət bir haldır, lakin iş qulluqçuya gələndə, Britaniya yanaşması ən mükəmməlidir.

Hanson həmçinin bildirir ki, adamlar köhnə İngiltərəyə vurğundurlar. Ola bilsin ki, Britaniya batlerlərinin dəbə minməsində “Daunton Abbatlığı” serialındakı Carson obrazı da böyük rol oynayıb. Lakin İngiltərə də, qulluqçu işi də Oscar Wilde zəmanəsindən bu yana çox dəyişib.

O deyir ki, indi qulluqçunun vəzifəsi təkcə şərabın dekantasiyası – çöküntüdən ayrılması üçün şüşədən xüsusi qrafinlərə süzülməsi və ya gümüş qaşıq-çəngəlin pardaxlanması deyil.

“İndi bu iş cədvəl tərtib etməyi, çoxsaylı daşınmaz əmlaka baxılması kimi mürəkkəb işdir” – deyir Hanson.

16 cür qaşığı tanımalısan. Çay qaşığı, şəkər qaşığı deyil.

Lakin bu, həm də pullu və maraqlı işdir.

Ağa hara, sən də ora. Bütün dünyanı gəzirsən.