Qədim avropalılar yeməklərinə ədva qatarmışlar
Avropalılar ağızlarının dadını ən azı 6 min il bundan əvvəl bilirmişlər. Onların öz yeməklərinə ədvalı bitkli qatdığı aşkar edilib.

Danimarka və Almaniya ərazisindəki qazıntı işləri zamanı tapılmış saxsı qırıntılarının üzərində aptek sarımsağı və ya sarımsaq otu (Alliaria petiolata) kimi tanınan bitkinin izləri müəyyənləşdirilib.
Həmin saxsı qab qırıntılarında həmçinin ət və balıq piyləri də aşkar olunub.
Alimlər “Plos One” elmi jurnalında yazırlar ki, sarımsaq otunun qida əhəmiyyəti yoxdur və ondan yalnız ədva kimi istifadə edildiyini güman etmək olar.
Britaniyadakı York Universitetindən doktor Haylay Saul bildirir ki, bu, Qərbi Baltika ərazisində ədvadan istifadənin ən qədim tarixi hesab oluna bilər.
Sarımsaq otunun izləri aşkar edilmiş saxsı qabların yaşı 5800-6150 il arasındadır.
Qədim saxsı məmulatlarında bitkilərin izləri “fitolit” (daşlaşmış bitki) deyilən kvars şəklində aşkar olunur.
Bu son tapıntı yığımçı icmaların yalnız qida əhəmiyyətli bitkiləri topladıqları barədə geniş yayılmış elmi inamı əsassız edir.
Doktor Saul inanır ki, bu tapıntı əslində artıq “mətbəx” anlayışının çox qədimlərdə formalaşmağa başladığını söyləməyə imkan verir.
Alim deyir ki, böyük bir ehtimalla qədim aşpazlar bitkinin toxumlarını əzməklə ədva əldə edirmişlər.
Belə olmasaydı bitkinin izləri yox, öz qalıqları tapılardı.
Məqalədə qeyd olunur ki, bu, Avropada ədvadan ilk istifadəni göstərən faktdır, lakin ədva Yaxın Şərqdə daha qədim vaxtlardan geniş yayılmış ola bilərdi.
İsraildəki bir mağarada 23 min il yaşı olan keşniş toxumları aşkar edilib, lakin ondan ədva kimi istifadə olunub-olmadığını tam dəqiqiliklə demək mümkün deyildir.
Bununla belə, Avropada ədva kimi istifadə olunduğu güman edilən sarımsaq otundan başqa hər hansı fərqli bitkidən istifadənin nişanələri tapılmayıb.




