Azərbaycan mediası Qəddafinin ölümü haqqında

Şəklin mənbəyi, RIA Novosti
Qəddafinin ölümünü yerli istifadəçilər sosial şəbəkələrində ən çox "Polkovnikə heç kim yazmır" və "Polkovniki heç kim gözləmir" cümlələri ilə xatırlayıb.
Cümə axşamı günü gecədən etibarən müxtəlif yaş fərqindən olan insanlar Qəddafinin ölüm xəbərini yaymaqla məşğul olub.
Hadisə 20 oktyabrda Aztvinin milli top 5 trendində 1, 2 və 4-cü yerlərdə olub.
#Каддафи, #Gaddafi və #Qəddafi kimi teqlənib.
Bugün isə I və IV yerlərdədir.
NizamiTurk adlı tvitterçi "Bir diktator Qəddafi qədər uzun ömür sürə bilər, amma Qəddafi kimi, Mübarək kimi ədalətdən qaça bilməz" yazıb.
Razi Nurullayev isə mediada yayımlanmış xəbərdən cümlə ilə statusunu yeniləyib: "Polkovnik Müəmmar Qəddafi Sirt şəhərində həbs edilib. Onu kiçik bir deşikdə gizləndiyi yerdə tapıblar. Məni öldürməyin deyə yalvarırmış".
Qəddafinin şəkili
Qəddafinin ölüm anında mobil telefonla çəkilmiş şəkli isə Tvitterdə ən çox baxılan şəkildir.
Facebook-dan Samir Kazımlı "Qəzzafi öldürüldü. Azərbaycanda etiraz askiyalarının keçirilməsi üçün ən uyğun gün bax belə gün idi" yazıb öz statusuna.
Politoloq Ərəstun Oruclu öz Facebook statusunda Qəddafinin ölümünə üzülənlərə etirazını bildirib. " Ay millət, inanın, bizi şərləyib həbsə atanlar, seçkilərimizi saxtalaşdıranlar, evlərimizi dağıdanlar, dövlətimizi talayanlar, haqqımızı yeyənlər, millətimizi didərgin salanlar bu səddamların, qəddafilərin yanında suçsuz uşaqlardılar. Kimlərə görə göz yaşı axıdırsınız???, yazıb.
Anar Bayramov deyir ki, bu üzülmə Qəddafinin müsəlman olması ilə əlaqədardır.
Aygün Muradxanlı Türkiyənin Hürriyyət qəzetinin başlığını statusa çıxarıb.
"42 illik iktidar kanalizasyonda son buldu".
"Diktatorun sonu"
Yerli mətbuatdan Musavat, Azadlıq və Ekspressdə, müvafiq olaraq, "Doğma şəhəri Qəzzafiyə məzar oldu", "Diktatorun sonu" və "Qəddafi öldürüldü, Liviya xalqı diktatorun cəsədini küçələrdı sürüdü" deyə ölüm xəbəri manşetə çıxarılıb.
Zerkalo qəzeti ilk səhifədə Qəddafinin yaradan ölməsi barədə kiçik xəbər yayıb.
Xalq Qəzeti isə VI səhifədə "Liviyanın keçmiş lideri Müəmmar Qəddafi öldürülmüşdür" deyə kiçik xəbər verib.
Azərbaycan qəzeti isə xəbərə son səhifədə yer tapıb. Yeni Azərbaycan isə ölüm haqda heç xəbərləməyib.
İctimai TV-kanal rəsmi vebsaytında təkcə xəbərləməklə kifayətlənməyib. "Fransa və Böyük Britaniya Liviya nefti uğrunda rəqabətə girib" başlığı ilə "Müəmmar Qəddafinın ölüm xəbəri yayılan kimi qərb dövlətləri Liviyanın sərvətlərini bölüşdürməyə başlayıb. Mətbuatda yayılan məlumatlara əsasən, Böyük Britaniya, Fransa, ABŞ, İtaliya və Qətər artıq yeni hökumətlə müqavilələr bağlamağa hazırlaşdığını" yazıb.
AzTV-nin saytında isə Qəddafinin ölümü xəbər lentinə belə düşməyib.




