Dağıntılar altından çıxarılan qadın: "Qurban olum, məni özəl xəstəxanaya aparmayın, pulum yoxdur"

Türkiyədə bazar ertəsi səhərə yaxın baş vermiş zəlzələdə indiyədək minlərlə insan olüb, yaralanıb, eləcə də minlərlə bina dağılıb.

Türkiyə hökuməti zəlzələdən dərhal sonra dördüncü səviyyəli həyəcan siqnalı verib ki, bu da beynəlxalq yardım tələbi deməkdir. Prezident Recep Tayyip Erdoğan bu zəlzələni "əsrin fəlakəti" adlandırıb.

Bir çox ölkələr hazırda Türkiyəyə yardım resursları göndərməkdə davam edir. Təhlilçilər hesab edir ki, hava şəraiti axtarış-xilasetmə işlərini çətinləşdirir.

"Məni özəl xəstəxanaya aparmayın, pulum yoxdur"

Hatayın Antakya rayonunda axtarış-xilasetmə qrupları zəlzələdən 138 saat sonra dağıntılar altından 51 yaşlı Emine Doğunu çıxarıb.

DHA-nın məlumatına görə, Eminə Doğu onu xəstəxanaya apararkən təcili tibbi yardımın həkimi Orhan Eroğluna "Qurban olum, məni özəl xəstəxanaya aparmayın, pulum yoxdur" deyib.

Bunun üzərinə Orhan Eroğlu "Sənə qurban olum. Bütün özəl şeyləri sənə fəda edəcəm... 150 saat, səni belə gördüm, ölsəm də peşman olmayacağam" deyib.

BBC Hələbdə zəlzələnin yaratdığı dağıntıların şahidi olub

Assaf Abboud

Zəlzələdən əvvəl illərlə davam edən vətəndaş müharibəsinin fəsadlarının öhdəsindən gəlməyə çalışan Suriyanın Hələb şəhəri ancaq dağıntılardan ibarətdir.

BBC Suriya hökumətinin nəzarətində olan və zəlzələdə 400-dən çox insanın öldüyü bu şəhərə daxil olan ilk beynəlxalq yayımçı oldu.Suriya hökumətinin icazəsi ilə şəhərin zəlzələdən zərər çəkmiş hissələrini gəzdik. Zərər çəkmiş məhəllələrə girərkən 12 ildir davam edən vətəndaş müharibəsinin təsiri ilə zəlzələnin səbəb olduğu dağıntıları ayırd etmək çətin idi.

Biz şəhər sakinlərini yorğan-döşəyə bürünmüş, dağıntılarla əhatə olunmuş soyuq meydanlarda gördük.Şəhərin şərqindəki Əl-Şaar məhəlləsində beton qıranların səsi uçmuş mənzillər arasında əks-səda verirdi.

Bir qadın bizə üz tutub dedi: "Biz o binanın birinci mərtəbəsində yaşayan birini tanıyırıq. Onun evdən çıxmağa vaxtı yox idi. O, içəridə olarkən ev uçub. O, həyat yoldaşı və uşaqları ilə birlikdə dünyasını dəyişib".O, qızlarından yalnız birinin dağıntılar altından çıxarıldığını və xəstəxanada olduğunu deyir.

Zəlzələ onsuz da böhran içində olan ölkəyə daha böyük dağıntılar gətirib.Hökumətin və üsyançıların nəzarəti altında olan bölgələrdə ölənlərin ümumi sayı 4000-ə yaxınlaşarkən, 7000 nəfər yaralanıb və ya xəbər yoxdur.

Hələbin böyük hissəsi 2011-ci ildə başlayan vətəndaş müharibəsində dağıdılıb.Bəzi hissələrinin yenidən qurulması səylərinə baxmayaraq, şəhər hələ də Rusiyanın dəstəklədiyi Suriya hökuməti ilə üsyançı qruplar arasında müharibənin izlərini daşıyır.İndi xilasedicilər zəlzələdən sağ çıxa biləcək daha çox binanı uçmasından qorxaraq sökməli olurlar.

Bir nəfər dedi: "Yanımdakı iki bina uçdu. Hər birində 30-a yaxın mənzil var idi və hər mənzildə ən azı beş nəfər yaşayırdı".Dağıntılar altında 60-70 nəfər var və cəmi 4-5 nəfər çıxıb"Sağ qalan binaların uça biləcəyi ilə bağlı narahatlıqlar səbəbindən xilasetmə işlərini həyata keçirmək də çətindir.

Bir zabit bizə dedi ki, "Gördüyünüz kimi, insanları xilas etməyə çalışarkən binalar titrəyir. Beynəlxalq təhlükəsizlik qaydalarına görə, bu baş verməməlidir. Buna görə də sakinləri təxliyə etdik", - o deyir."Sığınacaqlarda çoxlu insan var. Onların bir çoxu binaları təhlükəsiz olmadığı üçün təxliyə edilib", - o əlavə edir.

Zəlzələdən ən çox zərər çəkən şəhərin şərqində yaşayan minlərlə insan hazırda təxliyə edilib.

İllərlə davam edən müharibə və dağıdıcı zəlzələdən sonra bu insanları bundan sonra nəyin gözlədiyi məlum deyil.

Türkiyədəki zəlzələdə "ailəmin 120-dən çox üzvünü itirmişəm"

Edinburg-da yaşayan Şahin Fırat deyib ki, bazar ertəsi Türkiyədə baş verən dağıdıcı zəlzələdə ailəsinin 120-dən çox üzvünü itirib.

Şahin Fırat Türk Şotlandiya Ticarət Palatasının prezidentidir və Şotlandiyanın paytaxtında zəlzələ ilə bağlı müraciətlərin və ianələrin koordinasiyası ilə məşğuldur.

"Mən yalnız ailəmdən 120-dən çox insanı itirdim - əmioğlularım, bibilərim, əmilərim, bacım uşaqları... və həmçinin kəndimdən, qonşularımdan olanlar" - o, BBC Radiosunun "Sabahın xeyir, Şotlandiya" proqramına deyib.

Cənab Fırat bildirib ki, "Onlar Adıyamanda, şəhərin mərkəzində olublar. Bütün Türkiyədə vəziyyət həqiqətən pisdir. Mən qardaşımdan və şəhərimdəki başqalarından az-az xəbərlər alıram. Biz olanların cəmi 20 faizini görürük".

"Hamı maşında və ya küçədə qalır. Benzin tapanda isinmək üçün maşında qalırlar. Başqa vaxt yağış yağmasa, odun və ya kağız tapmağa çalışırlar ki, od qalasınlar. Hər gün daha da pis olur. Bu, müharibədə olduğu kimi fövqəladə vəziyyətdir. Bu günə qədər paltar, yemək, təmizlik məhsulları yığırdıq. Amma indi onlara özlərini evlə təmin etmək üçün pul lazımdır", - Fırat Türk deyib.

Dağıntılar altında doğulan körpənin "vəziyyəyi yaxşıdır"

Türkiyədə baş vermiş və Suriyada da dağıntılara səbəb olmuş zəlzələdən sonra bu ölkədəki dağıntılardan birinin altında dünyaya gələn körpəni övladlığa götürmək üçün minlərlə insan müraciət edib.

Ölkənin şimal-şərqindəki Afrin şəhərinin Cinderes qəsəbəsində dünyaya gələn Aya (möcüzə) anasına göbək bağıyla bağlı vəziyyətdə tapılıb.

Valideynləri və 4 bacı-qardaşı həlak olmuş Aya hazırda xəstəxanadadır.

"Körpə bura bazar ertəsi, çox pis vəziyyətdə gətirilib, bədənində şişlər və qançırlar vardı, üşümüşdü, çətin nəfəs alırdı", - Ayanı müayinə etmiş pediatr Hani Marouf belə deyib.

Hazırda körpənin vəziyyətinin yaxşı olduğu bildirilir.

Ayanı dağıntılar altından ailənin uzaq qohumu Halil əl-Suvaydi çıxarıb və sonra da xəstəxanaya aparıb.

Sosial şəbəkələrdə minlərlə insan bu körpəni övladlığa götürmək istədiyini yazıb. Küveyt televiziyasının aparıcısı isə bunları canlı yayımda deyib: "Hüquqi baxımdan mümkün olarsa, mən bu körpəyə qulluq etməyə və övladlığa götürməyə hazıram".

Xəstəxananın müdiri Attiah Xalid bildirib ki, onlara dünyanın hər yerindən Ayanı övladlığa götürmək istəyən insanlar zəng edir.

O buna icazə verməyəcəyini, "uzaq qohumları qayıdana qədər körpəyə öz övladı kimi baxacağını" deyib.

Hazırda Xalidin həyat yoldaşı öz körpəsiylə birlikdə Ayanı da əmizdirir.

Cinderesdə insanlar hələ də dağıntılar altında qalmış yaxınlarını axtarırlar.

Qəsəbədəki jurnalistlərdən Məhəmməd əl-Adnan BBC-yə vəziyyətin ağır olduğunu, dağıntılar altında çox sayda insan qaldığını, tikililərin 90 faizinin dağıldığı şəhərə bu günə qədər ancaq bölgə əhalisindən kömək gəldyini bildirib.

Suriyada zəlzələ nəticəsində 3000 nəfərin həlak olduğu açıqlanıb. Bu statistikaya müxalifətin nəzarətindəki bölgələrdə ölənlərin sayı daxil deyil.

"Ölü sayı çoxdur"

Hatayda BBC-yə danışan həkimlər Mehmet ilə Selda iş karyeralarının ən çətin günlərini yaşadıqlarını deyirlər.

BBC-nin İskenderundakı müxbiri Alice Cuddy ilə söhbət edən tibb işçiləri Seldanın işlədiyi xəstəxana da daxil olmaqla, həmin ərazidə çox sayda binanın tamamilə dağıldığını bildiriblər.

Selda çərşənbə axşamını zəlzələdə həyatını itirənlərin "ölüm sənədlərini dolduraraq" keçirdiyini və daha sonra başqa bir xəstəxanada yaralı insanları müalicə etmək üçün işlədiyini qeyd edib.

Mehmet zəlzələ zamanı əzilən və ya yaralanan xəstələrin kütləvi şəkildə tibb mərkəzlərinə gəldiyini vurğulayıb.

"Çox sayda sümük qırığı, boyun qırılması, baş yaralanması hallarına rast gəlirik. Ölü sayı da çoxdur", - Mehmet deyib.

"Covid-in pis olduğunu düşünürdük, həmin vaxt gecə-gündüz işlədik və çox sayda ölüm oldu. Amma belə bir vəziyyəti daha əvvəl heç görmədim", - türkiyəli həkim əlavə edib.

Suriyanın müharibədən zərər çəkmiş Hələb şəhəri Türkiyənin cənubunda da dağıntılara səbəb olan ölümcül zəlzələnin ağır yükünü daşıyan bölgələr arasındadır. Suriya ərazisində axtarış-xilasetmə işlərini "Ağ Dəbilqəlilər" adlandırılan xilasedicilər həyata keçirir.

"Xilasedicilər daha çox cəsəd torbası tələb edirlər"

Böyük Britaniyadan olan "İslami Yardım" xeyriyyə cəmiyyətinin işçisi Salah Aboulgasem humanitar məsələlərdə insanlara kömək etmək üçün Türkiyənin cənub-şərqində yerləşən Gaziantepə gəlib.

"Bir çox müharibə zonalarında və fəlakət bölgələrində olsam da, burada gördüklərim sözün əsl mənasında ən sarsıdıcı məqamlardır", - o bildirib.

Salah Aboulgasem ilk 72 saat ərzində "bacardıqca daha çox insanı xilas etməyə çalışdığını" deyib.

"Bu, həqiqətən də zamana qarşı yarışmaq idi", - o söyləyib.

"Xilasedicilər daha çox cəsəd torbası tələb edirlər, çünki onların dağıntılar altından çıxardıqları cansız bədənlərin sayı çoxdur", - xeyriyyə işçisi əlavə edib.

BBC Radio 5 Live-a danışan Salah Aboulgasem Suriyadakı həmkarlarından da tük ürpədici xəbərlər aldığını deyir. O bildirib ki, Suriyada zəlzələ nəticəsində vəfat etmiş şəxslərin hamısını çatdırıb basdırmaq üçün artıq kütləvi məzarlıqlar qazılır.

"Zəlzələ vergisi"nin istifadəsi ilə bağlı qəzəb artır

Zəlzələnin yaratdığı böyük dağıntılardan sonra 20 ildən çoxdur Türkiyə hökumətinin əhalidən yığdığı "zəlzələ vergisi" ətrafında yaranan şübhələr əhali arasında qəzəbi artırır.

Bu müddət ərzində həmin vergidən yığılan təxminən 88 milyard lirə (4.6 milyard dollar) fəlakətlərin qarşısının alınması və fövqəladə xidmətin keyfiyyətinin yüksəldilməsinə xərclənməli idi.

"Zəlzələ vergisi" 1999-cu ildə Türkiyənin şimal-qərbində 17 min insanın ölümünə səbəb olan zəlzələdən sonra yığılmağa başlanılıb.

Hökumətin "xüsusi kommunikasiya vergisi", sadə vətəndaşların isə "zəlzələ vergisi" adlandırdığı ödəniş ətrafında yaranan suallar ölkədə zəlzələ baş verən bütün tarixlərdə gündəmə gəlib. BBC Türkcənin yazdığına görə, hökumət "zəlzələ vergisi"nin necə xərclənməsi ilə bağlı heç vaxt ictimaiyyətə açıqlama verməyib.

"1999-cu ildən bəri bizdən yığılan vergilər hara gedib?", - 61 yaşlı Celal Deniz AFP agentliyinə müsahibəsində deyib. Onun qardaşı və qardaşı uşaqları hələ də dağıntılar altındadır.

"Bu, xilasetmə cəhdi deyil, çünki burada heç kimin sağ olmadığını bilirlər"

Anna Foster

BBC News

Burada - Maraşdakı mənzərə, episentrə çatana qədər səyahət zamanı müşahidə olunan hər hansı digər ərazidən daha viranədir.

Gecəni bir yaşayış binasının yanında keçirtdim. Bu, əvvəllər hər mərtəbəsində dörd mənzil olan doqquz mərtəbəli bir blok idi. İndi isə sadəcə bir yığıntı, bükülmüş metal və şüşə qırıqlarından ibarət dağıntıdır.

Bu, artıq xilasetmə cəhdi deyil, bu, bərpa cəhdidir, çünki burada heç kimin sağ olmadığını bilirlər.

Onların bu dağıntının böyük hissələrini çıxartmaq üçün istifadə etdikləri böyük bir buldozer var.

Xilasedicilər cəsədləri diqqətlə örtüyə sarıyır və səkidə gözləyən yaxınlarına verirlər.

Meyitlər metal tabutlara qoyulub aparılmazdan əvvəl ölənlərin yaxınlarına vidalaşmaq şansı verirlər.

Yerli vaxtla saat 02:30 radələrində, xilasetmə işləri dayandıqdan sonra üç qohum gəlib onları dağıntıların altından özləri çıxartmağa çalışıblar - nəticəsiz cəhd.

Bu hadisə bir çox ailəni, bir çox adamı şəxsən "vurub".

"Onlar kömək istəyir və əzab içində qışqırırlar"

Quentin Sommerville

BBC News

Adanada gecə boyu işləyən ağır texnikaların, eləcə də dağılmış binaları və böyük beton plitələri işıqlandıran fanarların yaratdığı səhnələr Türkiyənin cənub regionu boyu müşahidə edilir.

Arabir iş dayanır və dağıntılar arasından sağ qalan kimsə tapılan zaman Allahu Əkbər səsləri yüksəlir. Ölən şəxslərin cansız bədəni çıxarıldıqda da eyni səslər eşidilir.

Burada yerli və beynəlxalq dəstəklə həyata keçirilən xilasetmə tədbirləri davam etdirilir. Livandan gələn və içərisində yanğınsöndürən və tibb işçiləri olan təyyarəm Adana hava limanına çatanda artıq aeroport minlərlə rumıniyalı və isveçli xilasedicilərlə dolu idi.

Şəhər evsizlərlə doludur. Onlar evlərini itirənlər və afterşoklardan sonra mənzillərinə qayıtmağa ehtiyat edənlərdir. İlk zəlzələ gecəyarısı yerli vaxtla 03:20-də baş verib. Titrəmə oldu və 90 saniyə davam etdi, sanki heç bitməyəcəkdi. Lakin bu, həm də zəruri əşyaları götürüb təhlükəsiz şəkildə evi tərk etmək üçün yaranan yeganə an idi. Bəziləri ayaqqabısız, palto və telefon adapteri olmadan çölə çıxmışdılar. Həftəsonuna kimi havanın şaxtalı keçəcəyi gözlənilir.

Türkiyə üçün bu fəlakətli olsa da, Suriyanın şimalında vəziyyət daha dəhşətlidir. Sərhədlər ciddi şəkildə nəzarət altında qalmaqdadır və hər hansı beynəlxalq yardım, hətta kiçik yüngül texnika belə yoxdur.

Sərhəd ərazilərdə yaşayan 1.7 milyon məcburi köçkün deyir ki, yaşayışları onsuz da pis idi və indi də zəlzələ baş verdi. Suriya Prezidenti Bashar Al-Assad-in terror hakimiyyətindən canlarını qurtaran və öz ölkələrində qaçqın olan insanlar illərdir ki, müvəqqəti çadırlarda və yarımtikili binalarda yaşayırlar.

Jindires, Hələb, Bania və İdlibdə bütün şəhər dağılıb. Orada insanlar yardım istəyir və əzab içində qışqırırlar.

Lakin onların səslərinə cavab verən demək olar ki, heç kəs yoxdur. Ökənin şimalında 10 ildən çoxdur davam edən müharibə nəticəsində insanlar hər şeylərini itiriblər. Bu dəhşətli zəlzələ isə onların itkilərini ən pik həddə çatdırdı.

Şaxtalı hava şəraiti xilasetmə işlərinə mane ola bilər

Simon King

BBC-nin hava xəbərlərinin aparıcısı və meteorologist

Türkiyənin cənubunda və Suriyanın şimalında müşahidə edilən güclü yağış və qardan sonra həftəboyu hava ümumiyyətlə quraq və günəşli olacaq.

Ölkənin bəzi yerlərində çərşənbə axşamı qar yağması mümkündür, lakin şaxtalı hava şəraiti narahatlığı daha da artırır.

Zəlzələnin ilk baş verdiyi Gaziantep-də gün ərzində 4-6 dərəcə isti olacaq, lakin axşam isə temperatur -7 dərəcəyə düşəcək. Dağlara yaxın kənd və qəsəbələrdə isə temperatur gecə saatlarında -15 dərəcədən də aşağı ola bilər.

Suriyada temperatur bu qədər aşağı olmasa da, gün ərzində temperaturun 10-11 dərəcə isti, gecə isə -3 dərəcəyədək düşəcəyi bildirilir.

Xəbər verdiyimiz kimi növbəti təkanlardan qorxaraq evlərinə getməyən insanlar küçələrdə yandırdıqları ocaqların ətrafında toplanmağa məcbur olub.

Maraş şəhərinə gedən yolda hərəkət dayanıb

Anna Foster

BBC News

Türkiyənin zəlzələ episentrinə yaxın Maraş şəhərinə gedən yolda çərşənbə axşamı səhər saatlarından etibarən hərəkət dayanıb.

Maşınlar arabir irəliyə gedir, onların qırmızı əyləc işıqları isə yaş yolu işıqlandırırdı. Türkiyənin bu cənub ərazisinə çox az sayda xilasedici gəlib.

İçərisi mütəxəssislər və təchizatlarla dolu maşınla şəhərə gedən bir axtarış-xilasetmə qrupu BBC-yə bildirib ki, onlar dağıntılar altında qalan şəxsləri axtarmağa hazır olsalar da, hadisə yerinə çatanadək vəziyyətin necə dəyişəcəyini bilmirlər.

Türkiyənin Dağıntı və Fövqəladə Hallar Agentliyinin sonuncu bəyanatında qeyd olunub ki, dağılmış 4700-dən çox binanın altından 8 min nəfər xilas olunub.

Afterşokların davam etməsi ilə paralel, bəzi ərazilərdə xilasedicilər yalın əlləri ilə dağıntıların arasını qazırlar. Lakin şaxtalı hava axtarış işlərinə mane olur.

Zəlzələ Suriyaya yeni böhran gətirir

Lyse Doucet

Baş beynəlxalq müxbir

Suriya ölkənin artıq parçalandığı, on ildən çox davam edən müharibənin yıxdığı, hökumətin və üsyançıların nəzarətində olan ərazilərə parçalandığı bir vaxtda təbiətin qüdrətli gücü ilə də sarsıldı.Ən çox təsirlənən bölgələrdən biri Türkiyə sərhədi boyunca şimalda müxalifətin nəzarətində olan son anklav olan İdlibdir.

Hətta bu fəlakətdən əvvəl də yardımların çatması üçün dünyanın ən çətin yerlərindən biri idi: Türkiyə sərhədində Bab əl-Havadan keçən yalnız bir kiçik keçid var.

Bu, ölkənin əksər ərazilərinə nəzarət edən Suriya hökuməti və onun Rusiya adlı müttəfiqi tərəfindən icazə verilən yeganə həyat xəttidir.

İndi Suriyanın bu bölgəsində onsuz da səfalət içində yaşayan, şaxtalı qış havasında, köhnəlmiş müvəqqəti sığınacaqlarda daldalanan təxminən dörd milyon insanın daha çox yardıma, özü də təcili ehtiyacı var. Beynəlxalq Xilasetmə Komitəsindən Mark Kaye siyasətin yardımdan kənarda saxlanması üçün müraciət etdi:

"Beynəlxalq ictimaiyyət burada həmrəylik nümayiş etdirməlidir və bu, vacib bir xatırlatmadır, bilirsiniz ki, bu, böhran içərisində bir böhrandır.Məhz bu həftə biz dondurucu temperaturun bölgəyə yaxınlaşacağı barədə xəbərdarlıq edirdik".

Suriya hökuməti də kömək üçün müraciət edir - Suriyanın hər tərəfi müharibə nəticəsində yoxsul və tükənmiş vəziyyətdədir.

İndi Prezident Bəşər Əsəd heç bir siyasətdən xəbəri olmayan güclü təbiət qüvvəsinə qarşı ona kömək etmək üçün düşmənlərini dəstəklədiyinə görə tez-tez qınadığı Qərb ölkələrinə və qonşularına müraciət etməli ola bilər.

Nə baş verib?

Türkiyənin Kahramanmaraş şəhərində bazar ertəsi səhərə yaxın 7.4 bal gücündə birinci (AFAD daha sonra bu rəqəmin 7.7 olduğunu açıqlayıb) zəlzələ baş verib.

Zəlzələ, həmçinin Hatay, Qaziantep, Osmaniye, Adıyaman, Adana, Malatya, Şanlıurfa, Diyarbəkir və Kilis şəhərlərində də ölüm və dağıntılara səbəb olub.

Hökumət zəlzələdən dərhal sonra dördüncü səviyyəli həyəcan siqnalı verib ki, bu da beynəlxalq yardım tələbi deməkdir.

Türkiyədə baş vermiş ölümcül zəlzələyə görə Prezident Recep Tayyip Erdoğan ölkədə 7 günlük matəm elan edib.