Türkiyə zəlzələsi: həlak olan azərbaycanlı tələbələrin nəşi sabah Azərbaycana gətiriləcək

Türkiyə və Suriyada baş verən dağıdıcı zəlzələdən bir həftə keçir.

Bəzi yerlərdə xilasedicilər dağıntılar altında sağ qalanların axtarışıyla bağlı əməliyyatları dayandırmağa başlayırlar.

Bazar ertəsi axşam saatlarına olan məlumata görə, Türkiyədə və Suriyada zəlzələdən ölənlərin sayı 40 mini keçib.

Türkiyənin Fəlakət və Fövqəladə Halların İdarəedilməsi Agentliyinin (AFAD) çərşənbə günü açıqladığı məlumata görə, Türkiyədə fevralın 6-da baş vermiş dağıdıcı zəlzələdən ölənlərin sayı 35 min 400-ü ötüb.

Suriyanın şimal-qərbində isə BMT-nin məlumatına görə, ölənlərin sayı 5800-dən çoxdur.

Ədliyyə Nazirliyi: “Ekspertiza aparıldıqdan sonra dağıntılar təmizlənir”

Türkiyənin Ədliyyə Nazirliyi Twitter hesabında yaydığı açıqlamada bildirib ki, “ekspertiza işləri və nümunələrin götürülməsi Respublika Baş Prokurorluğunun nəzarəti altında sürətli şəkildə həyata keçirilir, ekspertiza aparıldıqdan sonra dağıntılar təmizlənir”.

Nazirlik açıqlamanın bəzi kütləvi informasiya vasitələrində yayılan “dəlillər götürülmədən dağıntılar təmizlənir” iddiasına cavab olaraq yaydıqlarını qeyd edib.

Qurum bu məqsədlə 500-ə yaxın prokurorluq əməkdaşının zəlzələ bölgələrinə göndərildiyini deyib.

Açıqlamada nümunə götürmə işlərinin Adana, Diyarbakır, Şanlıurfa, Gaziantep, Kilis əyalətləri ilə yanaşı Hatayın Reyhanlı bölgəsində də tamamlandığı bildirilir.

"Təcili sökülməli olan 50 min 500-dən çox bina var"

Türkiyənin Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi naziri Murat Kurum zəlzələnin baş verdiyi bölgələrdə təbii fəlakət zamanı qəzalı vəziyyətə düşən binaların müəyyənləşdirilməsi istiqamətində işlərin davam etdiyini bildirib.

Onun sözlərinə görə bugünədək 387 mindən çox binada yoxlamalar aparılıb.

Türkiyəli nazir deyib ki, indiyədək aparılan araşdırmalara görə təcili sökülməli olan 50 min 500-dən çox bina müəyyənləşdirilib.

Dövlət rəsmisi 280 minə yaxın binanın isə az qəzalı və ya ümumiyyətlə qəzasız vəziyyətdə olduğunu qeyd edib.

Zəlzələdə 10 Azərbaycan vətəndaşı həlak olub

Türkiyədə zəlzələdə həlak olmuş Azərbaycan vətəndaşlarının sayı 10-a çatıb. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi bildirib.

Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Ayxan Hacızadə BBC News Azərbaycancaya deyib ki, “hazırlıq işləri görülür və nəzərdə tutulub ki, sabah azərbaycanlı tələbələrin cənazələri ölkəyə gətirilsin”.

Fevralın 6-da Türkiyənin Kahramanmaraş bölgəsində baş verən iki ardıcıl zəlzələdən sonra Malatyada ali təhsil alan dörd azərbaycanlı tələbə - Şahin Vəliyev, Hümam İsmayıllı, Samir Quliyev və Gündüz Nəzərzadə itkin idi.

XİN ötən gün Şahin Vəliyevin meyitinin tapılması barədə məlumat yayıb, bu gün isə daha üç tələbə barədə məlumat verilib.

Bundan başqa zəlzələdə azərbaycanlı 73 yaşlı Lida Qocayevanın da həlak olduğu bildirilib.

Bununla Türkiyədə zəlzələdə həlak olmuş Azərbaycan vətəndaşlarının sayı 10-a çatıb.

Ötən gün XİN elan edib ki, fevralın 6-dan bəri 513 nəfər Azərbaycan vətəndaşı və onların yaxın ailə üzvləri olan xarici ölkə vətəndaşları zəlzələ bölgəsindən Azərbaycana təxliyə olunub.

Zəlzələnin baş verdiyi Kahramanmaraş, Hatay, Adana, Malatya, Adıyaman, Qaziantep, Şanlıurfa, Osmaniyə, Kilis və Diyarbakırda təxliyə prosesi davam etməkdədir, qurum açıqlayıb.

Türkiyə və Suriyada zəlzələdən ümumi 7 milyondan çox uşaq zərər çəkib

Bu zəlzələdə həlak olanların sayı Türkiyədə 1939-cu il zəlzələsində ölənlərin sayından çoxdur və bu, təbii fəlakət Türkiyənin müasir tarixinin ən dağıdıcısı hesab edilir.

Suriyada üsyançıların anklavında və hökumətin nəzarətində olan ərazilərdə ölənlərin ümumi sayı 5800 nəfərə çatıb.

UNICEF-in sözçüsü James Elder jurnalistlərə açıqlamasında deyib ki, "Türkiyədə iki zəlzələdən zərər çəkmiş 10 əyalətdə yaşayan uşaqların ümumi sayı 4,6 milyon nəfər olub. Suriyada isə 2,5 milyon uşaq zərər çəkib".

Türkiyənin Kahramanmaraş bölgəsində xilasedicilər dağıntıların altında 200 saata yaxın qalmış iki kişini xilas edə biliblər.

Kahramanmaraşın başqa bir bölgəsində xilasedicilər zəlzələdən və sonrakı təkanlardan sağ çıxmış hesab olunan bir ailənin üç üzvünü - nənə, ana və qızı tapmağa çalışırlar.

Türkiyə mediası xəbər verir ki, xilasedicilər hələ də dağıntılar altında həyat əlamətlərinin tapıldığı bir neçə yerdə sağ qalanları tapmağa ümid edirlər.

Türkiyə prezidenti Ərdoğanın çərşənbə axşamı verdiyi məlumata görə, xilasetmə işlərində ümumilikdə 249 min insan iştirak edir.

Türkiyə Sahibkarlıq və İşgüzar Konfederasiyanın həftə sonu açıqladığı hesabatda zəlzələnin iqtisadi ziyanı 84,1 milyard dollar olaraq qiymətləndirilib.

Zəlzələdə 6 Azərbaycan vətəndaşı həlak olub

Türkiyədə zəlzələdə həlak olmuş Azərbaycan vətəndaşlarının sayı 6-a çatıb. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyini məlumat yayıb.

Haqqında məlumat verilən 2001-ci il təvəllüdlü şəxsin cəsədi Malatya şəhərində tapılıb.

XİN bildirib ki, fevralın 6-dan bəri 513 nəfər Azərbaycan vətəndaşı və onların yaxın ailə üzvləri olan xarici ölkə vətəndaşları zəlzələ bölgəsindən Azərbaycana təxliyə olunub.

Zəlzələnin baş verdiyi Kahramanmaraş, Hatay, Adana, Malatya, Adıyaman, Qaziantep, Şanlıurfa, Osmaniyə, Kilis və Diyarbakırda təxliyə prosesi davam etməkdədir, qurum açıqlayıb.

Türkiyə və Suriya: ərzaq ehtiyatları tükənmək üzrədir

BMT zəlzələnin təsir etdiyi ərazidə 800 mindən çox insanın normal qidalanmadan məhrum olduğunu bildirir.

Hər iki ölkədə ərzaq ehtiyatları tükənmək üzrədir. Hazırda Türkiyənin cənubundakı Adana şəhərində olan yardım təşkilatı işçilərindən birinin BBC-yə bildirdiyinə görə, insanların ehtiyac duyduğu əşyaların siyahısı böyükdür və o cümlədən, alt paltarı, çadır və аdyal əldə etmək çox çətindir.

Türkiyə hökuməti dağıntılar zamanı ailəsini itirən və ya ailəsindən ayrı düşən uşaqların kimliyini müəyyənləşdirmək istiqamətində də araşdırmalara başlayıb.

Suriya hökuməti isə ölkəsinə yardımların çatdırılması üçün əlavə iki sərhəd buraxılış məntəqəsinin açılmasına razılıq verib, BMT-nin sözçüsü Stephane Dujarric bildirib.

Hatayda 201 və 202-ci saatlarda dağıntılar altından iki qadın xilas edilib

Kahramanmaraş mərkəzli zəlzələlərdən sonra Hatayda 201 və 202-ci saatlarda dağıntılar altından iki qadın xilas edilib.

Anadolu Agentliyinin məlumatına görə, Hatayın Antakya bölgəsində Cebrail Mahallesindəki binaların birinin dağıntılarından 26 yaşlı Emine Akgül 201-ci saatda xilas edilib.

Xilasetmə işlərini Türkiyənin Zonquldak bölgəyəsindən zəlzələ olan yerə gedən mədənçilər və digər axtarış-xilasetmə qrupları həyata keçirib.

Müəllimə olduğu bildirilən Emine Akgül təcili yardımla xəstəxanaya aparılıb.

Demirören Xəbər Agentliyi həmçinin Hatayda dağılmış binalardan birinin altından Dima Dabul adlı 40 yaşlı qadının sağ çıxarıldığını bildirib.

Zəlzələdən ötən 202 saat sonrakı xilasetmə əməliyyatını Tokatdan gələn AFAD qrupu həyata keçirib.

Fevralın 8-də sosial şəbəkədən Emine Akgülün xilas edilməsi üçün çağırış edilib.

198-ci saatda 3 nəfər xilas edilib

198-ci saatda Kahramanmaraşda Salman Zülkadiroğlu bulvarında Pınar Mənzilinin dağıntıları altından daha 2 nəfər xilas edilib.

Adıyamanda 18 yaşlı Məhəmməd Cafer Çətin 198-ci saatda dağıntılar altından çıxarılıb.

Hatay: ermənilərin yaşadığı Vakıflıda zəlzələdə insan itkisi olmayıb

Türkiyədə Osmanlı dövründə qurulan, əhalisi etnik erməni olan və Hatayın Samandağ mahalına 5 kilometr uzaqlıqda yerləşən, 35 ev və 130 nəfərlik Vakıflıda zəlzələ zamanı ölən və yaralanan olmayıb, yalnız kəndin simvollarından biri olan Məryəm Ana kilsəsinin çöl divarları qismən zədələnib.

Vakıflının zəlzələdə insan itkisinin baş vermədiyi nadir yerlərdən biri olduğunu deyən muxtar Berç Kartun davamlı yeraltı təkanlara görə, axşam saatlarında çadırlarda qaldıqlarını bildirib.

Kahramanmaraşda baş verən zəlzələlər nəticəsində kənd məktəbi, bəzi pansionatlar və evlərə ziyan dəyib.

Vakıflı sakinləri çörək pulunu turizmdən və sitrus meyvələrinin satışından qazanırlar.

BMT: Suriya hökuməti əlavə iki sərhəd qapısının açılmasını qəbul edib

Birləşmiş Millətlər Təşkilatı (BMT) Suriya hökumətinin ötən həftə baş verən dağıdıcı zəlzələlərdən sonra ölkəyə daha çox yardımın gəlməsi üçün əlavə iki sərhəd qapısının açılmasına razılıq verdiyini bildirib.

BMT Baş katibi Antonio Guterres-in sözçüsü BBC-yə deyib ki, “[sərhəd qapısının açılması] böyük fərq yaradacaq. Bugünədək sadəcə bir sərhəd qapısından istifadə edirdik”.

Bir çox suriyalı vətəndaş müharibəsi yaşayan ölkəyə kifayət qədər yardım göstərilməməsinə görə qəzəbli idi.

Bəşər Əsəd hökuməti isə xilasetmə zamanı yaşanan çətinliklərə görə Qərbin Suriyaya qarşı tətbiq etdiyi embarqoları səbəb göstərib.

Lakin beynəlxalq yardım təşkilatları əsas maneə kimi Suriyadakı iqtidarın pis idarəetməsini və ölkənin bütün regionları ilə maraqlanmamasını göstərir.

Zəlzələ zamanı Suriyada indiyə qədər 5 min 700 nəfərin öldüyü bildirilir.

Yardım təşkilatları zəlzələ nəticəsində Türkiyədə 1 milyondan çox insanın evsiz qaldığını, Suriyada isə bu rəqəmin daha çox ola biləcəyini deyir.

BMT Suriya lideri Əsəd ilə Şamda reallaşdırılan görüşmələrdən sonra Türkiyə sərhədindəki Bab əl-Salam və Əl-Rae sərhəd qapılarının açılacağını qeyd edib.

Müxalifət qüvvələrinin nəzarətində olan sərhəd keçid məntəqələrinin ilkin mərhələdə üç ay müddətinə açıq qalacağı bildirilib.

“Ümid edirəm, razılaşma istifadə ehtiyacı bitənədək qüvvədə qalacaq. Bu keçidlərdən mümkün olduğu qədər tez bir zamanda istifadə etməyə başlayacağıq”, - Guterres-in sözçüsü Stephane Dujarric vurğulayıb.

Lakin BMT rəsmisi sərhəd buraxılış məntəqələrinin dəqiq nə zaman açılacağı barədə məlumat verməyib.

Dujarric sərhəd qapılarının açılması ilə bağlı Suriyanın icazəsini almaqda yaşanan gecikmələrə də haqq qazandırıb.

“BMT ilə əlaqəli olmayan təşkilatların da bu qapını istifadə etdiklərini bilirik. Biz məlum parametrlər çərçivəsində hərəkət etmək məcburiyyətindəyik, BMT-nin təbiəti belədir”, - sözçü əlavə edib.

Suriya lideri Əsəd isə bu məsələ ilə bağlı heç bir açıqlama verməyib.

Zəlzələdən sonrakı ilk günlərdə Suriya hökumətinin nəzarətində olan bölgələrə Rusiya, İran və BƏƏ kimi ölkələrdən müəyyən yardımlar göndərilib.

Lakin müxaliflərin nəzarətində olan ölkənin şimal-qərb bölgələrinə isə yardım edilməyib.

Bunun səbəbi isə bu ərazilərə beynəlxalq humanitar yardımın Türkiyə tərəfdən açıq olan tək sərhəd qapısı üzərindən ya da Suriya hökumətinin nəzarətində olan bölgələrdən göndərilə bilməsidir.

Türkiyədə “291 uşağın kimliyi müəyyənləşməyib"

Türkiyənin Ailə və Sosial Xidmətlər naziri Derya Yanık bildirib ki, dövlət himayəsinə götürülən 291 uşağın adını müəyyənləşdirmək hələlik mümkün olmayıb.

"Hazırda nazirlikdə qeydiyyatda olan 1362 uşaq var. Xəstəxanada olan uşaqların sayı 792, nazirliyin qurumları tərəfindən himayəyə alınan uşaq sayı isə 201 nəfərdir. Onlardan 1071-nin adı müəyyənləşsə də, 291-nin kimliyini dəqiqləşdirmək mümkün olmayıb. Lakin bu istiqamətdə işləri davam etdiririk”, - nazir Yanık bildirib.

Uşaqların ailələri tapılmadan və ya adları bilinmədən hər hansı addım atılmayacağını diqqətə çatdıran Derya Yanık övladlığa götürmə və qəyyumluq kimi məsələlərin də gözdən keçiriləcəyini deyib.

“Nazirlik olaraq bütün uşaqlara baxmaq imkanımız var. Uşaqlara baxım məsuliyyətini vətəndaşlarımızın üzərinə qoymaq kimi bir niyyətimiz yoxdur”, - nazir qeyd edib.

Nazir Yanık əlavə edib ki, uşaqların adları bilindikdən sonra onlar nazirlik sistemi içərisində qeydiyyatda olan qoruyucu ailələrə veriləcək.

“Bu uşaqları qoruyucu ailələr sisteminə daxil olmuş, qoruyucu ailə ola bilmə imkanları təsdiqlənmiş ailələrə verə bilərik. Lakin ilk olaraq bu uşaqların ailələrinin olub-olmadığını və ailələrinə qaytarılmağın mümkün olub-olmadığını müəyyənləşdirməyimiz lazımdır. Bu isə müəyyən vaxt tələb edir. Uşaqlar etibarlı əllərdədir. Uşaqlar bu millətin əmanətidir və bu əmanətə gözümüz kimi baxacağıq”, - Derya Yanık bildirib.

ÜST: "26 milyon insan zərər görüb"

Beynəlxalq səhiyyə qurumunun hesablamalarına əsasən Türkiyə və Suriyada zəlzələdən ən azı 26 milyon insan zərər görüb.

Şənbə günü Türkiyənin zəlzələdən zərər görən ərazilərinə səfər edən BMT Baş katibinin humanitar məsələlər üzrə müavini Martin Griffiths təbii fəlakət zamanı həyatını itirənlərin sayının mövcud rəqəmdən "ən azı iki dəfə çox" olacağını bildirib.

Türkiyədə zəlzələnin təsirinə məruz qalan 10 vilayətdə məktəblər martın 1-dək işləməyəcək.

Ölkənin qalan 71 vilayətində isə məktəblərin fəaliyyəti fevralın 20-dən davam etdiriləcək.

6 fevral zəlzələsi Türkiyədə ən qədim məscidi dağıdıb

Kahramanmaraş zəlzələsi Türkiyədə ən qədim məscid olan Habib-i Neccar məscidini dağıdıb.

14 əsrlik tarixi olan bu məscid 6 fevral zəlzələsi nəticəsində uçub.

Müasir Türkiyə hüdudları daxilində, Antakyada yerləşən Habib-i Neccar məscidi 638-ci ildə inşa edilib. Zəlzələdən sonra məscid binasının yalnız divarları salamat qalıb.

50 yaşlı Havva Pamukçunun sözlərinə görə, bir vaxtlar bu məsciddəki “bir qutuda Məhəmməd Peyğəmbərin saqqalının bir hissəsi qorunub saxlanmışdı".

"Ürəyim parça-parça olub", - Havva Pamukçu əlavə edib.

Niderland axtarış-xilasetmə qrupu Türkiyədəki fəaliyyətini yekunlaşdırıb: “Zəlzələdə heç vaxt bu qədər insan xilas etməmişdik”

Bir həftədən artıqdır ki, Hatayda işləyən və dağıntılar altından 12 insan və 1 iti xilas edən Niderland Şəhər Axtarış və Xilasetmə Qrupu fəaliyyətini yekunlaşdırıb.

Qrupun rəhbəri Job Kramer deyib ki, dağıntlar altından xilas edilən insanların sayı gözlədiklərindən çoxdur. Onun sözlərinə görə, bu rəqəm 10 minləri keçən ölü sayı ilə ziddiyyət təşkil edir.

“Amma 12 nəfər bizim üçün çox böyük rəqəmdir, biz heç bir zəlzələdə bu qədər çox insan xilas etməmişdik”, - o, əlavə edib.

65 nəfərdən və 8 xüsusi təlim görmüş itdən ibarət Niderland qrupu bu gün Hataydan Adanaya gedəcək, cümə axşamı günü isə onlar ölkələrinə dönəcəklər.

Türk həkimləri dağıntıların yığışdırılması zamanı zəhərli maddələrdən qorunmağı tövsiyə edib

Türk Təbiblər Birliyi (TTB) zəlzələ bölgəsində axtarış-xilasetmə və dağıntıların yığışdırılması işləri zamanı yarana biləcək sağlamlıq problemləri ilə bağlı xəbərdarlıq səciyyəli məlumat paylaşıb.

TBB havaya uçan kanserogen lif, asbest və zəhərli tozlarlın ərazidəki sakinlər üçün ciddi sağlamlıq problemi yarada biləcəyi, sonrakı illərdə xərçəng də daxil, ciddi xəstəliklərə səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.

Bununla bağlı TBB bir sıra profilaktiki tədbirlərin görülməsini tövsiyə edib. O cümlədən, təmizləmə işlərinin peşəkar qruplar tərəfindən aparılması, tozun tüstüyə qarışmasına yol verilməməsi, tozun təsirini azaltmaq üçün suvarmanın aparılması, ekskavator çalovundan qazıntının təsadüfi tökülməsinə yol verilməməsi kimi tədbirlər məsləhət görülüb.

Həmçinin TTB dağıntıların yığışdırılmasında iştirak edənlərə “FFP2” və ya “FFP3” tipli maskalardan istifadə etməyi məsləhət görərərk, adi tibbi maskaların qeyd olunmuş maddələrdən qorumadığını bildirib.

Kahramanmaraş zəlzələsi: Türkiyədə dağıntılar altından 177 saat sonra iki nəfər xilas edilib

177 saat sonra Hatayın mərkəzi Antakya rayonunda 26 yaşlı Derya Akdoğan dağıntılar altından xilas edilib.

Axtarış-xilasetmə işləri Antakya şəhərinin Cebrail məhəlləsinin Mimar Sinan küçəsində yerləşən Korkmaz yaşayış binasının dağıntıları altında aparılarkən, xilasedicilər dağıntıların altından səs gəldiyini eşidiblər. Bundan sonra axtarış qrupları işi sürətləndirib, Anadolu agentliyi xəbər verib.

Adıyamanda isə xilasedicilər zəlzələrdən 178 saat sonra Miray adlı 6 yaşlı uşağı Alitaş məhəlləsindəki Bozbey yaşayış binasının dağıntıları altından çıxarıblar.

Derya Akdoğan və Miray xəstəxanaya yerləşdirilib.

Zəlzələ nəticəsində ziyan dəyən Hatay hava limanına ilk təyyarə enib

Episentri Kahramanmaraşda olan zəlzələ nəticəsində zərər görən və uçuş zolaq xətti yararsız hala düşən Hatay hava limanı görülən tədbirlərdən sonra uçuşa yararlı vəziyyətə gətirilib.

Təmir-bərpa işlərindən sonra İstanbul aeroportundan gələn Türk Hava Yollarına (THY) məxsus yardım daşıyan təyyarə Hataya ilk eniş edib.

Təyyarə İstanbula qayıdarkən həmin ərazidə zəlzələdən zərər görən bəzi insanların təxliyəsini həyata keçirəcək.

Hatay şəhərinin bələdiyyə sədri Lütfü Savaş zəlzələnin vurduğu zərər və insan itkisi ilə bağlı sosial media hesabında bazar günü yazdığı açıqlamada 7 min 60 nəfərin öldüyünü deyib.

Şəhər rəsmisinin sözlərinə görə, ərazidəki 340 mindən çox tikilidən 2 min 700-dən çoxu dağılıb, 9 mindən çox bina isə “ağır qəzalı” vəziyyətdədir.

Yunanıstanın xarici işlər naziri: “Münasibətlərimizi yaxşılaşdırmaq üçün fəlakətləri gözləməyə ehtiyac yoxdur”

Türkiyədə zəlzələdən zərər çəkmiş zonaya baş çəkən Yunanıstanın xarici işlər naziri Nikos Dendias və Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu yunan axtarış-xilasetmə qruplarını ziyarət ediblər.

Bu gün Antakyada xarici işlər naziri Mövlud Çavuşoğlu ilə mətbuat konfransı keçirən Nikos Dendias, "münasibətlərimizi yaxşılaşdırmaq üçün fəlakətləri gözləmək lazım deyil" deyib.

Yunanistan hökumətinin bu günə qədər 80 ton dərman və axtarış-xilasetmə qrupu göndərdiyini söyləyən Dendias, bu günə qədər Avropadan gələn heyətlərin 205 nəfəri dağıntılar altından çıxardığını söyləyib.

"Bu çətin prosesdə Yunanıstan həm ikitərəfli münasibətlərdə, həm də Avropa İttifaqı çərçivəsində Türkiyəyə dəstək olmaq üçün əlindən gələni edəcək", Dendias bildirib.

Yunanıstanın xarici işlər naziri Dendias zəlzələ zonasını ziyarət edən ilk Avropa naziridir.

Türkiyənin xarici işlər naziri Çavuşoğlu, Yunanıstanın zəlzələdən sonra yardım təklif edən ilk ölkələrdən biri olduğunu söyləyərək yunan xalqına həmrəyliyinə görə təşəkkürünü bildirib.

Yunanıstanın xarici işlər naziri Nikos Dendias bu gün Adanaya gəlib və xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşüb.

Bu arada Yunanıstanın ən şərq adası Meis-dən Türkiyənin Kaş limanına humanitar yardım gəmisi çatıb.

Turist gəmisində göndərilən humanitar yardım bağlamalarında "Əəziz qonşularımız. Sizim evlərinizlə birlikdə bizim də ürəyimiz yıxıldı. Eyni dünyanı, eyni havanı, eyni günəşi paylaşdığımız qardaşlarımıza əlimizdən nə gəlirsə... Meis adasının sakinləri" ifadələri yazılıb.

Azərbaycan Türkiyədəki zəlzələ bölgəsində ikinci səhra xəstəxanası qurur

Bazar günü Azərbaycanın Türkiyənin zəlzələdən zərər görmüş bölgəsinə göndərdiyi ikinci səhra xəstəxanası bölgəyə çatıb, Azərtac bildirib.

Mobil xəstəxana Türkiyəyə təyyarə ilə göndərilib və İncirlik hava limanına eniş edib.

Bundan başqa Azərbaycan ordusunun Mühəndis Qoşunlarının təminatından Türkiyənin zəlzələ olan bölgəsinə yüksək gərginlikli generatorlar göndərilib.

“Fasiləsiz elektrik enerjisinin təminatı məqsədilə göndərilən generatorlar nəqliyyat vasitəsilə Türkiyəyə yola salınıb”, - Azərbaycan Müdafiə Nazirliyi elan edib.

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, Türkiyənin Kahramanmaraş bölgəsində işləyən Azərbaycan xilasediciləri 51 nəfəri dağıntılar altından sağ çıxarıblar.

Qurum bildirib ki, xilasedicilər indiyə kimi dağıntılar altından 518 nəfərin cəsədini çıxara biliblər.

Almaniya ölkədə qohumları olan zəlzələdə zərərçəkənlərə üç aylıq viza verəcək, Britaniyada viza üçün petisiya başladılıb

Almaniyanın daxili işlər naziri Nancy Faeser Türkiyə və Suriyadan olan zəlzələdə zərərçəkmişlərə üç aylıq viza verəcəklərini açıqlayıb.

Alamniyanın Bild qəzetinə müsahibəsində Nancy Faeser deyib ki, “Bu təcili yardımdır. Biz türklərin və suriyalıların bürokratiya ilə üzləşmədən yaxın qohumlarını Almaniyaya gətirmələrini təmin etmək istəyirik”.

Fransanın AFP xəbər agentliyinin məlumatına görə, Almaniyada 2,9 milyon türk əsilli insan yaşayır və onların yarıdan çoxu Türkiyə vətəndaşıdır.

Ölkədəki suriyalıların sayının 924 min nəfər olduğu təxmin edilir.

Böyük Britaniyanın da oxşar addım atması üçün petisiya başladılıb.

Ötən il Rusiyanın Ukraynaya hücumundan sonra Britaniyadakı ukraynalılara qohumlarını gətirmək hüququ verən Böyük Britaniyadan Türkiyədəki zəlzələdən zərər çəkənlərin yaxınlarına da oxşar hüququn verilməsi tələb edilib.

Fevralın 12-i Bakı vaxtı ilə səhər saat 10:00-a olan məlumata görə, iki gün əvvəl başlayan petisiyaya 66 770 nəfər imza atıb.

İmzaların sayı 100 minə çatarsa, bu kampaniyanın Britaniya parlamentində müzakirəyə çıxarılması mümkündür.

35 ildən sonra Türkiyənin Ermənistanla sərhəd qapısı açılıb

Türkiyənin İğdır vilayətində yerləşən Əlican sərhəd-keçid məntəqəsi 35 ildən sonra Ermənistandan gələn yardımı qəbul etmək üçün açılıb.

Türkiyədə bazar ertəsi günü baş vermiş zəlzələdən sonra bu ölkəyə beynəlxalq yardımlar gəlməkdə davam edir.

Türkiyənin Ermənistan üzrə xüsusi nümayəndəsi, səfir Serdar Kılıç Twitter hesabında bunları yazıb:

“Zəlzələdən dərhal sonra 28 nəfərlik axtarış-xilasetmə qrupu və texniki avadanlıqdan əlavə, 5 TIR yükü 100 ton ərzaq, dərman və sudan ibarət təcili yardım paketi Əlican Sərhəd Qapısından keçərərk Adıyamana doğru istiqamət alıb”.

Cənab Kılıç Ermənistanın Türkiyədəki xüsusi nümayəndəsi Ruben Rubinyana da təşəkkür edib.

Ermənistan parlamentinin sədr müavini olan Rubinyan da humanitar yardım aparan yük maşınlarının Ermənistan-Türkiyə sərhədini keçərək zəlzələ bölgəsinə doğru yola düşdüyünü bildirib və “Kömək edə bildiyim üçün xoşbəxtəm” deyib.

TRT-nin məlumatına görə, Alican Sərhəd Qapısı sonuncu dəfə 1988-ci ildə Ermənistanda baş vermiş zəlzələdən sonra Türk Qızıl Ayparasının zəlzələ bölgəsinə yardım göndərməsi üçün istifadə edilib.

Son 20 ildə iki ölkənin yaxınlaşması zamanı bu sərhəd-keçid məntəqəsinin açılması zaman-zaman gündəmə gəlib və bunun Ermənistan iqtisadiyyatına böyük töhfə verə biləcəyi bildirilib.

Avstriya ordusu Türkiyədə axtarış-xilasetmə işlərini dayandırıb

Avstriyanın ardınca Almaniya da Türkiyənin zəlzələ bölgəsində axtarış-xilasetmə əməliyyatlarının dayandırıb.

AFP-nin xəbərinə görə, Almaniyadan bölgəyə gedən ISAR təbii fəlakətlə mübarizə üzrə qeyri-hökumət təşkilatının sözçüsü Stefan Heine həm özlərinin, həm də Almaniya Texniki Yardım Federal Agentliyinin (TSW) təhlükəsizlik problemləri səbəbindən işi dayandırdıqlarını bildirib.

"Hatayda təhlükəsizlik vəziyyəti son bir neçə saatda kəskin şəkildə dəyişdi" deyən Heine qruplar arasında toqquşmaların və silahların istifadəsi ilə bağlı xəbərlər aldıqlarını söylədi.

Heine Türkiyə səlahiyyətliləri ətraf mühitin yenidən təhlükəsiz olduğunu bildirənə qədər düşərgələrində qalacaqlarını açıqladı.

Avstriya ordusu da bir neçə saat əvvəl bölgədəki təhlükəsizlik problemləri səbəbindən axtarış-xilasetmə işlərini dayandırdığını elan etmişdi.

Avstriya ordusu "sahədəki təhlükəsizlik problemləri" səbəbilə zəlzələdən zərər çəkmiş bölgələrdə axtarış-xilasetmə işlərini dayandırdığını bildirib.

Bu barədə Avstriya Müdafiə Nazirliyinin sözçüsü Michael Bauer öz Twitter hesabında məlumat verib.

AFP-yə danışan Bauer "bəzi qruplar arasında toqquşmalar olub" demiş, lakin təfərrüata varmamışdı.

Bauer-in sözlərinə görə, Avstriya Ordusunun Fövqəladə Hallara Yardım Bölməsinin sahədə 82 əsgəri var.

Sözçü bu əsgərlərin Hatay bölgəsinin cənubundakı digər beynəlxalq yardım təşkilatlarının da istifadə etdiyi düşərgəyə geri çəkildiyini və bu məsələylə bağlı rəsmilərin qərarını gözlədiklərini bildirib.

Zəlzələdən zərər çəkmiş şəhərlərə səfəri çərçivəsində Diyarbakır-a gedən Prezident Recep Tayyip Erdoğan Diyarbakır-da 7-si tamamilə dağılmış 320 binanın yararsız hala düşdüyünü deyib. Erdoğan bölgədə xaricdən gələnlər də daxil olmaqla 160 min personalın çalışdığını qeyd edib.

O, axtarış-xilasetmə işlərinin tamamlandığı yerlərdə olan qrupların Kahramanmaraş, Hatay və Adıyamana köçürüləcəyini bildirib.

Türkiyə Prezidenti "dövlətimizin bütün imkanlarını səfərbər etmişik. Bizə inanın, inanın. Biz vətəndaşlarımızı çətinlikdə, yoxsulluqda küçədə qoymamışıq və qoymayacağıq" deyib.

Bölgədə fövqəladə vəziyyətin elan edilməsini xatırladan Erdoğan, "talan və adam oğurluğu edənlər bilməlidirlər ki, dövlətin etibarlı əli onların kürəyindədir" deyə sözlərinə davam edib.

AFAD isə indiyədək ümumilikdə 91 mindən çox zəlzələdən zərər görmüş şəxsin digər bölgələrə köçürüldüyünü açıqlayıb.

Suriyada isə hökumətin və üsyançıların nəzarətində olan ərazilərdə ölənlərin sayı, təxminən, 4000-ə çatıb, 7000-dən çox adam yaralanıb və ya barələrində xəbər yoxdur.

BMT təbii fəlakətin miqyasının hələ də tam aydınlaşmamasından, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) isə xəstəliklərin yayılacağından narahatdır.

Bərpa-quruculuq işlərində də Türkiyənin yanında olacağıq”.

Azərbaycan zəlzələdən sonra “bərpa-quruculuq işlərində də Türkiyənin yanında olacaq”.

Bu gün Türkiyənin zəlzələdən zərər çəkmiş ərazilərini ziyarət etmək məqsədilə Kahramanmaraş şəhərinə səfəri zamanı Azərbaycan XİN başçısı Ceyhun Bayramov belə deyib.

Cənab Bayramov vurğulayıb ki, “zəlzələdən irəli gələrək hər məqamın özünün prioritetləri var”.

“Hazırda əsas prioritet insanları xilas etmək, yaralılara kömək göstərməkdir və növbəti mərhələdə bu bölgələrin hamısını yenidən həyata qaytarmaq olacaq. Bununla bağlı olaraq Prezident Rəcəb Tayyib Ərdoğan artıq bir zaman mesajı da verdi ki, bir il ərzində Türkiyə bunun öhdəsindən gələcək”, o əlavə edib.

Azərbaycan xarici siyasət idarəsinin rəhbəri, həmçinin, “biz əminik ki, qüdrətli Türkiyə dövləti bunun öhdəsindən gələcək” deyib.

“Azərbaycan dövləti adından Prezident İlham Əliyev bunu artıq bəyan edib ki, biz ilk dəqiqələrdən, ilk saatlardan türkiyəli bacı və qardaşlarımızın yanında olmağımızla bərabər, bütün bu proseslərdə, o cümlədən bərpa-quruculuq işlərində də Türkiyənin yanında olacağıq”, - o vurğulayıb.

Universitetlərdə distant təhsil

Recep Tayyip Erdoğan Diyarbakır-a səfəri zamanı, həmçinin, universitetlərdə təhsilin yaya qədər distant şəkildə davam etdiriləcəyini, tələbə yataqxanalarının isə zəlzələdən zərər çəkənlərə ayrılacağını da açıqlayıb.

Bundan başqa, o bildirib ki, zəlzələ bölgəsindəki 13 min əsgərin çağırışı təxirə salınıb.

"Zəlzələ bölgəsində yaşayan və ya bu vilayətlərdə qeydiyyatda olan 13 mindən çox əsgərin mart və aprel çağırışları may ayına təxirə salınıb", - Erdoğan bildirib.

Türkiyə Prezidentinin köməkçisi Fuat Oktay, təxminən, 1 milyon 50 min insan müvəqqəti sığınacaqlarda qaldığını açıqlayıb.

Prezident Recep Tayyip Erdoğan çadırda qalmaq istəməyənlərə 1 il müddətinə kirayə pulu veriləcəyini bildirib.

NATO Türkiyəyə müvəqqəti qalmaq üçün resurslar göndərəcəyini bildirib.

Xilasedicilər hələ də dağıntılar altında sağ qalanları axtarırlar, lakin zəlzələdən təxminən 100 saat keçdikdən sonra ümidlər azalır.

Dondurucu hava hazırda sığınacaq, su və yeməksiz qalan minlərlə xilas olmuş insanın həyatını təhlükə altına alır.

Türkiyə Prezidenti zəlzələni "əsrin fəlakəti" adlandırıb.

Böyük beynəlxalq yardım səyləri sürətlənir.

Cümə axşamı günü Dünya Bankı əsas infrastrukturun bərpası və zəlzələlərdən zərər çəkənlərə dəstək üçün Türkiyəyə 1,78 milyard dollar yardım ayırıb.

BMT Suriyada üsyançıların nəzarətində olan bölgələrə yardımı “mümkün qədər tez çatdırmağa çalışır”

BMT Baş katibinin sözçüsü Suriyada bazar ertəsi baş vermiş zəlzələ nəticəsində dağılmış bölgələrə yardımı çatdırmaq üçün “bütün siyasəti bir kənara qoymağın” vaxtının yetişdiyini bildirib.

Stéphane Dujarric bildirib ki, BMT Suriyada hökumətin və üsyançıların nəzarətində olan ərazilərə "yardımı çatdırmaq üçün bütün tərəflərlə işləyir" və "siyasi mənada kimisə barmaqla işarələməkdə maraqlı deyil".

Bu, Suriya dövlət mediasının bildirdiyinə görə, ölkənin üsyançıların nəzarətində olan bölgələrinə təcili yardımın çatdırılmasına hökumətin icazə verməsindən sonraya təsadüf edib.

Dujarric BBC Radio 4 verilişində bildirib ki, BMT yardım işçiləri üsyançıların nəzarətində olan ərazilərə "mümkün qədər tez bir zamanda” daha çox yardım çatdırmağa çalışırlar. O, əlavə edib ki, təşkilat Suriyada "üsyançıların və ya hökümətin nəzarətində olan ərazilərdə insanların yaşamasından asılı olmayaraq Suriya xalqının yanındadır".

Suriyanın şimal-qərbində üsyançıların nəzarətində olan ərazilərdə BMT-nin yardım əməliyyatının Ağ Dəbilqəlilər xilasetmə qrupu tərəfindən tənqid olunmasına cavab verərək, Dujarrik onların məyus olduqlarını etiraf edib.

"Əgər mən dağıntıların ortasında olsaydım və icma fəlakətə məruz qalsaydı, mən də narazı və tənqidçi olardım, çünki hər kəs yardımın daha tez çatdırılmasını gözləyir”,- Dujarrik deyib.

"Suriya xalqının nə əzab çəkdiyindən xəbərdarıq ", -deyən BMT rəsmisi qeyd edib ki, xilasetmə işləri davam edərkən vacib olan məsələ "həmrəylikdir".

"Daha mürəkkəb fövqəladə vəziyyəti təsəvvür etmək çətindir", BMT rəsmisi Suriyadakı hazırkı vəziyyət barədə deyib.

Stephane Dujarric bildirib ki, bu cür yüz ildə bir dəfə olan zəlzələ “12 ildir ki, münaqişənin gedtiyi və hazırkı fövqəladə vəziyyətindən əvvəl də humanitar böhran yaşadığı və dörd milyon insanının humanitar yardıma ehtiyacının olduğu bir ölkədə baş verib.

“Yollar və körpülər də daxil, bir çox infrastruktur ya dağılıb, ya da zədələnib”, - Dujarric deyib .

"Üstəlik, təhlükəsizliklə bağlı vəziyyət çox çətindir, elə rayonlar var ki, ora çatmaq üçün hökumətlə və üsyançılarla danışıqlar aparmalıyıq. Və bütün bunlar qışın ortasında baş verir."

O əlavə edib ki, fəlakət nəticəsində BMT də bölgədə işləyən iki əməkdaşını itirib.

“Türkiyənin cənubunda və Suriyanın şimal-qərbində mövcud olan humanitar struktur və işçilərimiz də zəlzələlərin təsirinə məruz qalıblar”, - BMT Baş katibinin sözçüsü qeyd edib.

Türkiyənin Ədliyyə Nazirliyi Zəlzələ Cinayətləri İstintaq İdarələrinin yaradılmasını istəyib

Türkiyənin Ədliyyə Nazirliyi zəlzələdən zərər çəkmiş əyalətlərdə dağılmış binalara görə Zəlzələ Cinayətləri İstintaq İdarələrinin yaradılmasını istəyib.

Qurum zəlzələdən zərər çəkmiş bölgələrdəki Baş Prokurorluqlara məktublar göndərərək, dağılmış tikililər üçün Zəlzələ Cinayətləri İstintaq İdarələrinin yaradılmasını, cinayəti törədən şəxslərin qaçıb dəlilləri yox etməsi ehtimalına qarşı müdafiə tədbirlərinin görülməsini xahiş edib.

Məktubda, həmçinin, binaların uçması nəticəsində ölən və yaralananlarla bağlı Baş Prokurorluqlar tərəfindən aparılacaq araşdırmalarda operativliyin və standartın təmin edilməsinə diqqət çəkilib.

Araşdırmalar çərçivəsində Zəlzələ Cinayətləri İstintaq İdarələrinin yaradılması və bu idarəyə baxacaq prokurorlara başqa iş verilməməsi tələb olunub.

Bundan əlavə, uçmuş binaların podratçıları, texniki məsul və tədqiqatçıları, eləcə də digər məsul şəxslərinin müəyyən edilməsi istiqamətində işlər aparılacaq, məsuliyyət daşıdığı müəyyən edilən şəxslər barəsində dərhal zəruri araşdırmalar aparılacaq, bu şəxslərin dəlilləri yox etmə ehtimalına qarşı zəruri mühafizə tədbirləri görüləcək.

Sübutların toplanması xilasetmə işləri nəzərə alınmaqla əlaqələli şəkildə həyata keçiriləcək.

Sübutlar dəqiq və tam şəkildə toplanacaq, mövzu ilə bağlı hesabat hazırlamaq üçün ekspertlərdən ibarət ekspert komissiyası yaradılacaq.

Hollandiya liqalarında bu həftə keçiriləcək oyunlarda zəlzələ qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək

Həftəsonu Hollandiyanın peşəkar futbol liqalarında keçiriləcək oyunlar öncəsi Türkiyə və Suriyanın zəlzələ qurbanları bir dəqiqəlik sükutla yad ediləcək.

Hollandiya Futbol Federasiyasının (KNVB) təklifinə uyğun olaraq, Hollandiya Super Liqası (Eredivisie), Hollandiya 1-ci və 2-ci Liqası və Qadınlar Liqasının bütün komandaları zəlzələ qurbanlarının xatirəsini yad etməyə qərar verib.

Federasiya və çoxlu aktiv türk oyunçusu olan futbol komandaları zəlzələdən zərər çəkənlərə milli yardım kampaniyasına diqqət çəkmək istəyir.

"Qalatasaray"ın keçmiş baş məşqçisi Işıtan Günə məxsus Hollandiya Super Liqası (Eredivisie) komandalarından Fortuna Sittard bu axşam FC Emmen matçında milli yardım xətti "Giro555"-in adı yazılmış qara forma ilə oynayacaq.

Formalar matçdan sonra hərrac yolu ilə satılacaq və əldə olunan gəlir də zəlzələdən zərərçəkənlərə bağışlanacaq.

Burak Yılmaz, Doğan Ərdoğan Fortuna Sittard komandasında oynayır.

Cümə axşamı axşam oynanılacaq FC Twente - Ajax və ADO Den Haag - Go Ahead Eagles Hollandiya Kuboku matçlarında zəlzələ qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək.

Hatayda çökən binalardan birinin podratçısı ölkədən çıxmağa cəhd edərkən saxlanılıb

Hatayda zəlzələdə çökən "Rönesans Rezidans"ın podratçısı ölkəni tərk etmək istəyərkən İstanbul hava limanında saxlanılıb.

DHA -nın məlumatına görə, podratçı Mehmet Yaşar Coşkunun pullarla birlikdə İstanbul hava limanından xaricə qaçmağa cəhd etdiyi ilə bağlı xəbərdarlıq gəlib.

Bildirişdən sonra tədbir görən polis cümə günü Coşkunun İstanbul hava limanından Monteneqroya çıxışının qarşısını alıb.

Gaziosmanpaşa prokurorluğunun təlimatı əsasında tutulan Coşkun saxlanılaraq polisə aparılıb.

Hatayın Antakya qəsəbəsi İnönü bulvarında tikintisi 2013 ildə yekunlaşan və 250 mənzil olan 12 mərtəbəli "Rönesans Rezidans" zəlzələdə çöküb.

Türkiyə Vəkillər Kollegiyaları Birliyi dağılan binalara görə cinayət işi açılmasını tələb edib

Türkiyə Vəkillər Kollegiyaları Birliyi dağılan binalara görə məsuliyyət daşıyanların cinayət məsuliyyətinə cəlb olunmasını tələb edir: “Qəsdən adam öldürmə” maddəsiylə mühakimə olunsunlar.

Türkiyə Vəkillər Kollegiyaları Birliyi (Türkiyə Barolar Birliyi - TBB) zəlzələ nəticəsində dağılmış binaların tikintisində iştirak etmiş cavabdeh podratçılar haqqında, həmçinin bu binaların layihələrini təsdiqləyən və ya yoxlamayan şəxslər barəsində cinayət işi açılmasını tələb edib.

Qurum cavabdeh podratçılar, binaların layihələrini təsdiq edən və yoxlamaları lazımi səviyyədə yerinə yetirməyən vəzifəli şəxslər başda olmaqla, bütün şübhəlilərin müəyyən edilməsi və onlara qarşı mülki qaydada cinayət işi başladılması üçün müraciət etdiyini açıqlayıb.

TBB məsul şəxslərin Türkiyə Cəza Məcəlləsinin 81-ci (qəsdən adam öldürmə) və 83-cü (ehtiyatsızlıqdan qaynaqlanan qəsdən adam öldürmə) maddələriylə mühakimə olunmasını tələb edir.

Xilasetmənin 100-cü saatlarında dağıntılar altından çıxarılanlar var

DHA-nın xəbərinə görə, Hatayın Antakya qəsəbəsindəki “600 Evlər”də aparılan axtarış-xilasetmə əməliyyatlarının 100-cü saatında 30 yaşlı inşaat mühəndisi Hikmət Yiğitbaş dağıntılardan yaralı olaraq çıxarılıb və xəstəxanaya çatdırılıb.

Xəbərdə həmçinin qeyd edilir ki, o, sağ olduğu bildirilən 7 nəfərdən biridir, digər 6 nəfərin xilası üçün işlər davam etdirilir.

“Habertürk” kanalında canlı yayımlanan xəbərdə isə bir binanın dağıntıları altında sağ qalmış 9 nəfərdən 6-nın 102-ci saatda xilas edildiyi və onların eyni ailədən olduğu deyilib.

Bundan başqa, Kahramanmaraşda 1 nəfərin, Diyarbəkirdə isə ana və oğulun dağıntılar altından çıxarıldığı bildirilib.

Zəlzələ bölgəsində yenə şaxta gözlənir

Zəlzələnin baş verməsinin beşinci günündə verilən hava proqnozuna görə, zəlzələ bölgəsində cümə günü də havanın temperaturu 0 dərəcədən aşağıdır.

Meteorologiya Baş İdarəsi bildirib ki, bu gün ölkənin bir çox yerlərində şaxta və şaxta gözlənilir.

O cümlədən, Malatyada ən aşağı temperaturun -11, ən yüksək temperaturun isə -1 dərəcə olacağı gözlənilir.

Kahramanmaraşda ən aşağı temperatur -4 dərəcə, ən yüksək temperatur isə 4 dərəcədir.Hatayda ən aşağı -1, ən yüksək isə 10, Adıyamanda ən aşağı -3, ən yüksək isə 7 olacaq.

Bölgədə çalışan yüz mindən çox xilasedici heyətin xilasetmə səyləri nəqliyyat vasitələrinin çatışmazlığı və dağılmış yollar da daxil olmaqla, bir sıra maddi-texniki maneələr səbəbindən ləngiyir.

Rəsmi rəqəmlərə görə Türkiyədə zəlzələ qurbanlarının sayı 19 min 350 nəfəri ötüb, Suriyada isə ölənlərin sayı 3 min 300-dən çoxdur.

Türkiyənin Fəlakət və Fövqəladə Halların İdarəedilməsi Agentliyinin (AFAD) son bəyanatına Türkiyədə yaralı sayı 74 mini ötüb.

Zəlzələ bölgəsinə gedən Türkiyə Prezidenti Erdoğan "Belə böyük bir fəlakətə hazır olmağın mümkünsüz olduğunu" deyib.

Zəlzələdən sonra Türkiyədə 7 günlük matəm və 10 zəlzələ bölgəsində fövqəladə vəziyyət elan edilib.

Xilasedicilər zəlzələdən "üç gün sonra gəlib çatdı"

1999-cu ildə Türkiyənin şimal-qərbində baş verən zəlzələ zamanı ölənlərin sayı 17 mindən çox olub.

Türkiyə və Suriyada zəlzələlər nəticəsində evsiz qalan on minlərlə insan dördüncü gecədir ki, müvəqqəti sığınacaqlara möhtacdırlar.

Türkiyənin cənub-şərqində sağ qalan və hazırda ailəsi ilə birlikdə bir idman kompleksinin birinci mərtəbəsində yaşayan Rəşid Gözlü xilasedicilərin zəlzələdən üç gün sonra gəlib çatdığını deyib.

Onun sözlərinə görə, bir çoxları dağıntılar altında qalıb, digərləri isə hipotermiyadan ölüb.

"Əgər bu davam edərsə, ciddi sağlamlıq problemləri və xəstəliklər yarana bilər" deyə o, BBC-yə bildirib.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) sağ qalanların sığınacaq, qida, su və dərmana "çox sürətli" çıxış əldə edə bilməyəcəyi təqdirdə ikinci humanitar fəlakətin baş verəcəyi barədə xəbərdarlıq edib.

ÜST-nin Avropa üzrə regional direktoru doktor Hans Kluge BBC-yə deyib ki, təşkilatın Türkiyənin Qaziantep şəhərindəki işçiləri maşınlarda yatmalı olur, çünki "hələ yüzlərlə və yüzlərlə təkrar təkanlar ola bilər".

"4 Azərbaycan vətəndaşı həlak olub"

XİN fevralın 9-da açıqlamışdı ki, zəlzələdə 4 Azərbaycan vətəndaşından üçünün nəşinin Bakıya göndərilməsi ilə bağlı "müvafiq tədbirlər görülür". Digər bir nəfərin Türkiyədə dəfn ediləcəyi bildirilmişdi.

Azərbaycanın Türkiyədəki səfirliyinin birinci katibi Aygün Qocayeva fevralın 8-də BBC Azərbaycancaya bildirib ki, sosial mediada fotoları yayılan 4 azərbaycanlı tələbə ilə bağlı səfirlikdə heç bir məlumat yoxdur.

“Xəstəxana da daxil heç bir siyahıda onların adı yoxdur”, -deyə qurumun birinci katibi deyib.

Həmin tələbələrdən biri, Hümam İsmayıllının atası Fəxri İsmayıllı BBC News Azərbaycancaya bildirmişdi ki, oğlunun dağıntılar altından çıxarıldığı xəbərini alsa da, onunla heç cür əlaqə yarada bilməyib.

“Bütün elmi araşdırmalar İstanbulda vaxtın yetişdiyini göstərir”

Türkiyədə Elmlər Akademiyasının üzvü, professor Naci Gorur deyib ki, Kahramanmaraş zəlzələsindən sonra indi onu İstanbul narahat edir.

“Bunu ilk dəfə deyirəm, bütün Türkiyə eşitsin. Türkiyədə ən çox zəlzələ yaradan iki qırılma xətti var: Biri şimali Anadolu, digəri şərqi Anadolu qırılma xəttidir. Hər ikisinin enerjisinin böyük bir qismi boşaldı. Bu isə o deməkdir ki, qarşımızdakı bir neçə yüz il boyunca Türkiyədə çox böyük bir zəlzələ olmayacaq. Amma bizim yenə də narahat olduğumuz yerlər Bingöl ilə Karlıova arasındadır”, - deyir.

DHA-ya müsahibə verən Görür "İstanbulda vəziyyət heç yaxşı deyil”, deyib: “Necə ki 3 gün əvvəl “Maraşdan narahatıq” yazmışdım, eynilə də İstanbuldan narahatam. Bütün elmi araşdırmalar İstanbulda vaxtın yetişdiyini göstərir. Aşağı-yuxarı 30 il içərisində zəlzələnin gözlənildiyi deyilirdi, 23 il keçdiyinə görə, demək istəyirəm ki, zəlzələ artıq böyük ölçüdə yaxınlaşıb”.

O, bir neçə il öncə vaş vermiş Elazığ zəlzələsini xatırladıb:

“Elazığ zəlzələsi olan vaxt bəyanat verdim. Elazığ zəlzələsi şərqi Anadolu qırılma xətti üzərində oldu, o xətt oyandı. Daha əvvəl o qırılma xətti zəlzələ yaratmırdı. Demişdim ki, 21-ci əsrdə zəlzələ yaradaraq enerjisini boşaldacaq”, -deyə Kahramanmaraş zəlzələsi ilə bağlı 3 gün əvvəl xəbərdarlıq etdiyini vurğulayan professor Naci Görür bildirir.

“Şərqi Anadolu qırılma xətti Elazığı yardıqdan sonra Kahramanmaraş, Çelikhan, Erkenek və Hatay bölgələri təhdid vəziyyətinə gəlmişdi. Bundan sonra mən böyük zəlzələlərin bu rayonlarda olacağını düşünürəm” demişdim”, - alim əlavə edib.

Naci Görür bildirib ki, o, dəfələrlə Kahramanmaraşla bağlı xəbərdarlıq edib: “Onsuz da Maraşda önəmli bir enerji yığılıbsa, bir də siz əlavə bir enerji köçürmüsünüzsə, Maraşdan qorxmağa başlayacaqsınız. Bax, bu qorxuya, gözləntiyə görə “Maraşa diqqət edin” deyirdim. “Zəlzələ hazırlıqlarına başlayın, burada şəhər yenilənməsinə laqeyd yanaşmayın”, deyə yazdım-cızdım, dedim. Təəssüf ki, 6 fevral gəldi, 7,7 və 7,6 böyüklüyündə iki zəlzələ oldu”.

Azərbaycan 725 şəxsi heyət göndərib

Zəlzələ baş verəndən bəri Azərbaycandan Türkiyəyə xilasetmə işləri üçün 725 şəxsi heyət göndərilib. O cümlədən, Azərbaycan ordusunun 41 tibb personalı da orada xidmət edir, azərbaycanlı rəsmilər açıqlayıb.

İndiyə kimi Azərbaycan şəxsi heyət və yardımlarla birgə 7 təyyarə göndərib. Bundan başqa FHN-nin humanitar yardım aparan 12 yük maşını və bir əlavə maşın da Türkiyəyə gedib, qurum açıqlayıb.

Rəsmi məlumatlara görə, dağıntılar altındakı insanları tapmaq üçün 8 it göndərilib.

Azərbaycandan olan xilasedicilər indiyə kimi azı 37 nəfəri dağıntılardan sağ xilas ediblər onların 8-i uşaqdır, FHN bildirib.

Rəsmi Bakı bildirib ki, Azərbaycan tibbi xidmət üçün bir əsas 3 köməkçi konteynerdən ibarət tibb məntəqəsi, o cümlədən 375 sığınacaq çadırı quraşdırıb.

Dağıdıcı zəlzələnin iqtisadi zərəri milyardlarla dolları keçə bilər

Bazar ertəsi baş verən zəlzələdə 19 mindən çox insan həyatını, 10 minlərlərə insan isə evini itirib. Təbii fəlakətin bölgəyə iqtisadi təsirinin də böyük olacağından ehtiyat edilir.

Fitch reytinq agentliyi fəlakətin 4 milyard dollardan çox (təxminən 6,8 milyard manat) iqtisadi itkilərə səbəb ola biləcəyini bildirir.

Fitch agentliyi açıqlayır ki, mövcud vəziyyət "genişləndiyi üçün itqisadi itkiləri təxmin etmək çətindir, lakin onun 2 milyard dolları keçəcəyi, 4 və ya daha çox milyard dollara çatacağı ehtimalı var”.

Kredit reytinq agentlikləri mahiyyət etibari ilə ölkəni iqtisadiyyatının gücünə görə qiymətləndirirlər.

İlk yardım karvanı Suriyaya çatıb

Bazar ertəsi baş vermiş dağıdıcı zəlzələdən bu yana müxalifətin nəzarətində olan Suriyanın şimal-qərbinə ilk yardım karvanının Türkiyədən keçdiyi bildirilir.

Yolların zədələnməsi və logistika problemləri səbəbindən bölgəyə xilasedici yardımın çatdırılması dörd gün idi ki, dayandırılmışdı.

Oradakı xilasedicilər azı 1900 nəfərin öldüyünü və yüzlərlə ailənin çökmüş binaların dağıntıları altında qaldığını bildirir.

Hələ zəlzələdən əvvəl əksəriyyəti qadınlar və uşaqlardan ibarət olan 4,1 milyon sakin sağ qalmaq üçün humanitar yardıma ümid edirdi.

Azərbaycan Xarici İşlər Nazirliyindən BBC News Azərbaycancaya bildirilib ki, Azərbaycanın Suriyadakı zəlzələ qurbanlarına yardım göndərməsi hələlik nəzərdə tutulmayıb.

Dağıntılardan sağ çıxanların olacağına "ümidlər getdikcə azalır"

Ümumdünya Səhiyyə Təşkilatı sığınacaq, su, yanacaq və elektrik enerjisi olmadığı üçün dağıntılardan sağ çıxarılanların da öləcəyindən narahatdır.

Təşkilat təhlükənin hələ də qaldığını və ikinci fəlakətin yaşanacağını deyib. Qurumdan bildirilib ki, ilk zəlzələ ilə müqayisədə ikinci təbii fəlakət nəticəsində daha çox insan zərər görə bilər.

Xilasedicilər axtarışlara davam edirlər, lakin dağıntılar altında qalanların sağ olması ilə bağlı "ümidlər getdikcə azalır".

Suriyaya daha çox ehtiyac duyulan əşyaları göndərmək üçün Türkiyə əlavə iki sərhəd buraxılış məntəqəsinin açılacağına ümid etdiyini deyir.

Zəlzələdə həyatını itirən və şəxsiyyətlərinin müəyyənləşdirilməsi mümkün olmayanların nəşləri 24 saatlıq gözləmədən sonra DNT testi, barmaq izi götürülərək və fotosu çəkilərək dəfn olunacaq”, - AFAD-ın yaydığı açıqlamada bildirilir.

Zəlzələ bölgəsində olan Azərbaycan vətəndaşları “siyahıya alınır”

Azərbaycan Xarici İşlər Nazirliyinin çərşənbə axşamı yaydığı bəyanata görə qaynar xətlərə daxil olmuş vətəndaş müraciətlərinə və əldə edilmiş məlumatlara əsasən, Türkiyənin zəlzələ nəticəsində dağıntılara məruz qalmış vilayətlərində məskunlaşan və ya müvəqqəti burada olan Azərbaycan vətəndaşları “siyahıya alınır”.

“Azərbaycana təxliyyə edilmək arzusunda olan vətəndaşların bu məqsədlə ayrılmış avtobuslara yerləşdirilməsi təmin edilir. Əlverişsiz hava şərati ilə bağlı məhdudiyyətlərin təxliyyə prosesinə maneə yaratmaması üçün Türkiyə dövlət qurumları ilə bu məhdudiyyətlərin aradan qaldırılması istiqamətində danışıqlar aparılır”, - XİN-in məlumatında qeyd olunub.

Nazirliyin bildirdiyinə görə, zəlzələ zamanı sənədləri itmiş və ya yararsız vəziyyətə düşmüş Azərbaycan vətəndaşları üçün sənədləşdirmə işləri Azərbaycanın Türkiyədəki səfirlik və baş konsulluqları tərəfindən “sadələşdirilmiş qaydada” həyata keçirilir.

Nazirlik həmçinin bu gün saat 15:00-dan etibarən Türkiyənin Kahramanmaraş, Malatya, Qaziantep və Adana vilayətlərinin avtovağzallarından təxliyyə avtobuslarının Azərbaycana yola salınacağını diqqətə çatdırıb.

“İlk mərhələdə, Türkiyədə təhsil alan tələbələrin və təcili köməyə ehtiyacı olan şəxslərin təxliyyəsi həyata keçiriləcəkdir”, - qurumun rəsmi saytında qeyd olunub.

Nazirlik əlavə edib ki, təxliyyə edilmək arzusunda olan və 10 vilayətdən (Kahramanmaraş, Hatay, Adana, Malatya, Qaziantep, Adıyaman, Şanlıurfa, Kilis, Osmaniye, Diyarbakır, Elazığ və Mərsin) birində məskunlaşmış Azərbaycan vətəndaşları +90 536 459 40 35, +90 536 471 55 68, +90 501 031 80 80, +90 552 627 92 94 və +90 532 254 19 33 nömrələri ilə əlaqə saxlaya bilərlər.

Türkiyənin 10 vilayətində 3 aylıq “fövqəladə vəziyyət” elan olunub

Türkiyə Prezidenti Recep Tayyip Erdoğan AFAD mərkəzində Kahramanmaraş zəlzələsindən təsirlənmiş 10 bölgədə 3 aylıq fövqəladə vəziyyət elan edildiyini açıqlayıb.

"Zəlzələnin olduğu 10 bölgəni ümumi həyata təsir edən fəlakət bölgələri elan edirik. Konstitusiyanın 119-cu maddəsinin bizə verdiyi səlahiyyətə əsaslanaraq, fövqəladə vəziyyət elan etmək qərarına gəldik", Türkiyə Prezidenti deyib.

"3549 ölüm, 22 168 yaralı var. Ən böyük təsəllimiz odur ki, indiyədək 8 mindən çox vətəndaşımız dağıntılar altından xilas edilib", - Erdoğan əlavə edib.

Türkiyə Prezidenti indiyədək bölgəyə 53 mindən çox axtarış-xilasetmə əməkdaşının göndərildiyini açıqlayıb.

O, aidiyyatı qurumların sərəncamına 100 milyard lirə vəsait köçürüldüyünü açıqlayıb.

Erdoğan, həmçinin, “qurbanlara 54 min çadır və 102 min çarpayı, eləcə də rayonlara 5 min səhiyyə işçisi və minə yaxın təcili yardım maşını göndərildiyini” vurğulayıb.

ÜST: "Zəlzələdən milyonlarla insan zərər görüb"

Zəlzələ nəticəsində zərər görən insanların sayı ilə bağlı ehtimallar səsləndirilir.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hesablamalarına görə Türkiyə və Suriyada ümumilikdə 23 milyondan çox insan zəlzələnin təsirinə "məruz qalıb".

Onlardan 1 milyondan çoxu uşaqlardır, ÜST-nin fövqəladə hallar üzrə baş mütəxəssisi Adelheid Marschang-ın BMT-nin səhiyyə agentliyinin icra komitəsinə verdiyi məlumatda qeyd olunub.

Hər iki zəlzələnin hiss edildiyi Suriyada isə vəziyyət daha kritik həddə çatır. Belə ki, yolların dağılması nəticəsində BMT-nin Türkiyədən keçməklə Suriyaya apardığı yardımların çatdırılması qeyri-mümkün olub.

"Bu, regionda yaşanan bir neçə böhranın ən pik həddidir", - Marschang bildirib.

Onun sözlərinə görə "beynəlxalq yardımın azalması fonunda 12 ilə yaxındır davam edən mürəkkəb böhran" nəticəsində ölkənin ehtiyacları daha da artıb.

Zəlzələdən sonra suriyalı cihadçılar həbsxanadan qaçıblar - AFP xəbər agentliyi yazıb

Suriyada zəlzələdən sonra həbsxana infrastrukturunun zərər görməsi nəticəsində cihadçı olduğu deyilən ən azı 20 dustaq saxlandıqları yerdən qaçıb, France-Presse agentliyi mənbəyə istinadən bildirib.

Türkiyə sərhəddinə yaxın Rajo şəhərində yerləşən həbsxanada təxminən 2 min məhbus saxlanılır və onlardan 1300-ü İŞİD döyüşçüsü olmaqda şübhəli bilinir, həbsxana rəsmisi bildirib. Orada kürdlərin rəhbərlik etdiyi qoşunların döyüşçüləri də saxlanılır.

Bazar ertəsi baş verən 7.8 bal gücündə zəlzələ və onlarla afterşok həbsxana divarlarının və qapılarının çatlamasına və müxtəlif səviyyədə zərər görməsinə səbəb olub.

"Məhbuslar qiyama başlayıb və həbsxananın müxtəlif hissələrinə nəzarəti ələ keçiriblər. Təxminən 20 dustaq qaçıb. Onların İŞİD döyüşçüləri olduğu güman edilir", - həbsxana rəsmisi əlavə edib.

Türkiyə indiyədək "65 ölkədən kömək istəyib"

Türkiyədə bazar ertəsi səhərə yaxın baş vermiş zəlzələdə indiyədək azı 3381 nəfərin öldüyü, 20 min 426 nəfərin yaralı olduğu bildirilir.

Bu barədə AFAD-ın risklərin azaldılması üzrə baş meneceri Orhan Tatar məlumat verib.

Ölkənin Fəlakət və Fövqəladə Hallar Agentliyinin (AFAD) başqanı Yunus Sezer bir qədər əvvəl verdiyi açıqlamada bildirib ki, Türkiyə indiyədək "65 ölkədən kömək istəyib".

Bazar ertəsi səhər saatlarında, Qaziantep yaxınlığında 7.8 bal gücündə zəlzələ insanların çoxusunun yuxuda olduğu saatlarda baş verib.

Türkiyənin Suriya ilə sərhədində də zəlzələnini olması Suriyanın şimalında dağıntılara səbəb olub və ölənlərin sayı isə 1500-ü keçib.

Qurumun son açıqlamasına görə, Türkiyədə zəlzələ nəticəsində indiyədək 6 minə yaxın bina dağılıb.

Bazar ertəsi eyni ərazidə ikinci zəlzələ yerli vaxtla günorta 13.10-da baş verib və gücü 7.5 bal olub.

Türkiyədə baş vermiş ölümcül zəlzələyə görə Prezident Recep Tayyip Erdoğan ölkədə 7 günlük matəm elan edib.

Hazırda isə AFAD-ın öz əməkdaşlarının və digər yardıma gələn axtarış-xilasetmədə çalışanların sayı 24 mini keçib. "Onlar çadır və digər ehtiyaclarla təmin olunaraq zəlzələ bölgəsinə göndərilir", - Yunus Sezer deyib.

Yaralıları İskəndərun Limanından 10 gəmi ölkənin müxtəlif bölgələrindəki xəstəxanalara göndərir.

Türkiyənin zəlzələ bölgəsində hava limanlarının mülki uçuşlara bağlı olmasının ardından hava dəhlizinin yaradılması ilə zəlzələdən əziyyət çəkənlərə 300 min adyal çatdırılıb.

Türkiyəli rəsmilər zəlzələ bölgəsinə 41 mindən çox ailə çadırlarının verildiyini bildiriblər.

AFAD-ın son yeniləməsində axtarış-xilasetmə əməliyyatlarına kömək üçün 65 ölkədən 2660 personalın göndərildiyini bildirib.

Türkiyəli xilasedicilərlə birlikdə artıq 14 minə yaxın şəxs fəlakət bölgəsində işləmək üçün ayrılıb. Onlar təxminən 600 kran və 360 avtomobildən istifadə edirlər.

AFAD, həmçinin bildirir ki, hava dəhlizi yaradılıb və artıq 150-yə yaxın yardımın çatdırılması həyata keçirilib.

Ümumilikdə, bölgəyə 300 min adyal və 41 500-dən çox ailə çadırı, qızdırıcılar və mətbəx dəstləri gətirilib.

Şəhər və rayon mərkəzlərində 85 avtomobil qidalanma xidməti göstərir. Mindən çox personal 100-dən çox nəqliyyat vasitəsi ilə psixososial xidmətlər həyata keçirir.

AFAD başqanı indiyədək ölkədə "243 təkan olduğunu və 6 mindən çox binanın dağıldığını" açıqlayıb.

Orhan Tatar bu günə qədər təbii fəlakət bölgəsindəki vilayətlərə 250 milyon türk lirəsi (təxminən 22,6 milyon manat) təcili yardım göndərildiyini bildirib.

İran və İraqdan Suriyaya təcili yardım çatdırılır

İran və İraqdan gələn yardım təyyarələri çərşənbə axşamı günü səhər tezdən Dəməşq Beynəlxalq Hava Limanına gəlib.

Suriyanın dövlət mediası SANA-nın məlumatına görə, İraq təyyarələri digər təcili yardımlar arasında 70 tona yaxın ərzaq, tibbi ləvazimat və adyal daşıyıb.

İraqın Baş naziri Məhəmməd Şia əl-Sudani bazar ertəsi günü ilk yardım, sığınacaq ləvazimatları, dərman və yanacaq təmin edən bir yardım göndərəcəklərini söyləmişdi.

İran yardımı bazar ertəsi səhər gəlib. İranın xarici işlər naziri Hüseyn Əmirabdollahian bazar ertəsi bildirib ki, ölkəsi Suriyada zəlzələdən zərər çəkmiş bölgələrə humanitar yardım göndərməyə hazırdır.

Təbii fəlakətlə bağlı açıqlama verən Türkiyə Prezidenti Recep Tayyip Erdoğan bildirib ki, "axtarış-xilasetmə işləri davam etdiyi üçün ölənlərin sayının nə qədər artacağını proqnozlaşdırmaq olmur".

Bazar ertəsi ölkədə ikinci dəfə zəlzələ baş verib. Bildirilir ki, onun episentri Kahramanmaraş şəhəri yaxınlığında olub.

ABŞ Geoloji Xidməti zəlzələnin gücünün 7,5 bal gücündə olduğunu bildirir.

Bazar ertəsi səhərə yaxın baş vermiş, Türkiyənin 10 əyalətini əhatə edən 7.4 ballıq zəlzələ nəticəsində dağıntılar altında qalanlar arasında millət vəkili də olub.

AKP-nin Adıyamandan olan millət vəkili Yakup Taş və ailəsi dağıntılar altında qalıb", - onun Twitter hesabındakı açıqlamada deyilir.

Axtarış-Xilasetmə işlərinə Azərbaycan da daxil olmaqla, bir sıra ölkələr axtarış-xilasetmə işlərinə kömək üçün canlı qüvvə göndərməyə davam edir.

Suriyada da ölənlərin sayı artmaqdadır

AFP xəbər agentliyinin bildirdiyinə görə zəlzələ nəticəsində Suriyada ölənlərin sayı 1400-ə çatıb, minlərlə çox yaralı var.

Zəlzələ iki ölkə sərhədi yaxınlığında baş verib. Bu o deməkdir ki, zəlzələ nəticəsində ölənlərin sayı ümumilikdə 5 min nəfəri ötüb.

Suriyada daha onlarla yaralı var.

Hər iki ölkədə ölənlərin sayının artacağı gözlənilir.

Türkiyə və Suriyada baş vermiş zəlzələ Livan, Fələstin və Kiprdə də hiss olunub.

Zəlzələ bölgəsində yağış və qar yağması axtarış-xilasetmə işlərinə təsir edir.

Meteorologiya İdarəsinin məlumatına görə, bu təsirə məruz qalan zəlzələdən zərər görmüş 10 əyalətin əksəriyyətində havanın temperaturu 10 dərəcədən aşağıdır, yağış və qar yağır.

Bundan başqa, Türkiyə Ali Təhsil Şurası zəlzələdən zərər görmüş bölgədə təhsilə bir həftə ara verildiyini açıqlayıb.

Gənclər və İdman Naziri Mehmet Kasapoğlu ölkədə bütün milli idman təşkilatlarının ikinci bir xəbərdarlığa qədər fəaliyyətini dayandırdığını açıqlayıb.

Azərbaycanın Türkiyədəki səfirliyində operativ qərargah yaradılıb

Azərbaycanın Türkiyədəki səfirliyində, həmçinin, operativ qərargah yaradılıb. Qərargan İstanbul, Qarsdakı baş konsulluqlarla əlaqəli fəaliyyət göstərilir. Qərargah Türkiyənin daxili işlər nazirliyi, AFAD və digər əlaqəli qurumları ilə əlaqədədir.

Qərargahdan BBC News Azərbaycancaya “tələbələrlə daimi əlaqədə olduqlarını bildiriblər:

“Yaralılarla bağlı müxtəlif məlumatlar var. Dəqiqləşdirmələrdən sonra açıqlanacaq”, -deyə qurum bildirir.

Bölgədəki Azərbaycan vətəndaşlarının sayları yeri bələdiyyələrdən alınan məlumatlarla dəqiqləşdirilir:

“Zəlzələ bölgəsində həm tələbələr, həm də Azərbaycan kökənli olan Türkiyə vətəndaşları da var”, qərargahın rəhbəri səfir Rəşad Məmmədov BBC-yə bildirib.

Türkiyənin Kahramanmaraş şəhərində bazar ertəsi səhərə yaxın 7.4 bal gücündə zəlzələ baş verib. Zəlzələ Hatay, Qaziantep, Osmaniye, Adıyaman, Adana, Malatya, Şanlıurfa, Diyarbəkir və Kilis şəhərlərində də ölüm və dağıntılara səbəb olub.

Hökumət dördüncü səviyyəli həyəcan siqnalı verib, bu, beynəlxalq yardım tələbini ehtiva edir.

Beynəlxalq Qızıl Xaç Komitəsinin Türkiyə xidmətinin rəhbəri Kerem Kınık bütün ölkəboyu vətəndaşları qan verməyə çağırıb.

ABŞ Milli Təhlükəsizlik Müşaviri Jake Sullivan ölkəsinin Türkiyəyə "istənilən yardımı göstərməyə hazır" olduğunu Twitter-də yazıb.

Türkiyə Prezidenti Recep Tayyip Erdoğan Twitter hesabında zəlzələnin baş verdiyi bölgələrə xilasetmə qruplarının göndərildiyini, bütün bölmələrin həyəcan vəziyyətinə gətirildiyini açıqlayıb.

“Daxili İşlər və Səhiyyə Nazirliklərimiz, Fəlakət və Fövqəladə Hallar Agentliyi, Valiliklərimiz və digər bütün qurumlar işlərinə sürətlə başladı. Biz də zəlzələdən sonra qurumların koordinasiyasını həyata keçiririk. Yaşadığımız bu fəlakəti birlikdə ən qısa zamanda və ən az zərərlə aradan qaldırmağı ümid edir və işimizi davam etdiririk”, - Prezidentin tvitində deyilir.

Zəlzələ üzrə mütəxəssis Professor Naci Görür Twitter hesabında hökuməti etinasızlıqda günahlandıraraq “bu zəlzələ gəlir deyə-deyə dilimizdə tük bitti” yazıb.

Ölkənin şərq və cənub-şərq bölgələrində hiss olunan zəlzələnin episentrinin Kahramanmaraşın Pazarcık mahalı olduğu və zəlzələnin yerin 7 kilometr dərinliyində baş verdiyi bildirilib.

BBC Türkcə xidmətinin Diyarbakır müxbiri Hatice Kamer xəbər verir ki, Diyarbəkirin ilk ticarət mərkəzi olan Diyar Qalereyasının bir hissəsi dağılıb.

Kahramanmaraşdakı zəlzələdən dərhal sonra Qaziantep Nurdağında növbəti təkanın 6,4 bal gücündə baş verdiyini açıqlayıb.

Qaziantep valisi Davud Gül Twitter hesabında "Lütfən, panik olmadan çöldə gözləyək" deyib.