Bu cinsi məzmunlu uşaq oyunu narahatlıq yaradır

Roblox oyununun ekran görüntüsü
Şəklin alt yazısı, Roblox oyununun ekran görüntüsü
    • Müəllif, James Clayton və Jasmin Dyer
    • Vəzifə, BBC News

Xəbərdarlıq: Bu xəbərdə cinsi məzmun və açıq-saçıq görüntülər var

Əynində it xaltasından başqa heç nə olmayan kişi, barın yanında rəqs edən striptizçilər, seks məkanları və nasist formalı bir adam. Bunlar real həyatdan deyil, bir uşaq oyunu platformasındandır.

Roblox son zamanların ən populyar oyun platformalarından, uşaqların ən çox ziyarət etdiyi saytlardan biridir.

Bu platformadan toplam neçə nəfərin istifadə etdiyi dəqiq bilinmir, amma şirkət rəsmiləri 2020-ci ildə Bloomberg-ə açıqlamalarında demişdilər ki, 9-12 yaş aralığındakı amerikalı uşaqların üçdə ikisi bu oyunu oynayır.

Roblox istifadəçilərə oyunu birlikdə yaradıb oynamaq imkanı təqdim edir. Bu baxımdan platforma rəqəmsal dünyada real zamanda başqalarıyla bir müstəvidə görüşmək fürsətidir.

Ənənəvi oyunlardan fərqli olaraq burada məzmun istifadəçinin özü tərəfindən formalaşdırılır. Çox uğurlu biznes modelidir, amma bəzi problemlər də yaradır.

Roblox-da seks oyunları, adətən, Condo adlanır.

Bunlar istifadəçilər tərəfindən yaradılan, cinsi mövzuların danışıldığı və hətta avatarların virtual cinsi əlaqədə olduğu məkanlardır.

Bu oyunlarda Roblox-un qaydaları pozulur.

Roblox oyunundan ekran görüntüsü

Adətən, tez bitir

Roblox problemi etiraf edir.

"Biz bilirik ki, çox kiçik bir istifadəçi qrupu qəsdən qaydaları pozur" - şirkətin sözçüsü BBC-yə açıqlamasında belə deyib.

Condo oyunları, adətən, qısa olur, çox vaxt bir saatdan az çəkir.

Bu müddət ərzində onları aşkar etmək və platformadan xaric etmək çətindir.

Roblox davamlı olaraq platformanı həmin oyunlardan təmizləməyə çalışır.

Bunun üçün avtomatlaşdırılmış sistemlərdən istifadə edilir.

Şirkət bildirir ki, platformaya yüklənən hər bir şəkil, audio və video həm maşınlar, həm də əməkdaşlar tərəfindən yoxlanır.

Bununla belə, bəziləri nəzərdən qaça bilir.

"Bu, siçan-pişik oyununa bənzəyir. Sistemi aldatmaq üçün ağlasığmaz şeylər edənlər var" - internetdə uşaqların təhlükəsizliyi məsələləriylə məşğul olan ConnectSafely şirkətinin prezidenti Larry Magid belə deyir.

Roblox oyunundan ekran görüntüsü

Condo platformada insanların qarşısına çıxan oyun deyil.

Onu tapmaq üçün axtarış etməlisiz.

Magid Roblox-un uşaqlar arasında çox populyar platforma olduğunu bildirir:

"13 yaşından kiçik uşaqlara da bu platformada oynamağa icazə verilir, ona görə şirkət istifadəçilərini qorumaq üçün məsuliyyət daşıyır".

Narahatlıq doğuran mesajlar

Ən çox narahatlıq doğuran məsələlərdən biri platformada uşaqlarla böyüklərin bir-birilə əlaqə yarada bilməsi potensialıdır. Oyunda istifadəçilərin bir-biriylə və ya oyunu oynayan hər kəslə söhbət edə biləcəyi "ani mesaj" funksiyası var.

Condo-lardakı çatlarda yazılan sözlərdənsə nəinki uşaq oyunlarında, heç böyüklərə aid xəbər saytlarında da istifadə etmək olmaz.

Roblox BBC-yə bildirib ki, uşaqların mesaj göndərə biləcəyi şəxsləri və daxil ola biləcəkləri oyunları məhdudlaşdıran "Valideyn nəzarəti" alətləri hazırlanıb.

Amma valideynlər bu cür mexanizmlərdən istifadə etmək üçün texnologiyanı bilməlidirlər.

Roblox platformada Condo oyunlarını tapmağın çox çətin olduğuna diqqət çəkir. Bununla belə, BBC digər oyunlarda da cinsi məzmunlu ifadələr tapıb.

"Utancaqlıq hissi yox olur"

İnternetdəki davranışları araşdıran psixoloq Liraz Margalit deyir ki, digər platformalarda olduğu kimi, Facebook-un sahibi Meta şirkətinə məxsus metaversdə də insanlar fərqli davranırlar.

"Kimliyiniz bilinmədiyi üçün utancaqlıq hissi yox olur" - Margalit belə deyir.

Bir qadın platformada cinsi təcavüzə məruz qaldığını iddia edəndən sonra Meta şirkəti keçən həftə Horizon Venues virtual reallıq oyununa yeni məhdudiyyətlər əlavə edib.

Bu oyun istifadəçilərin müxtəlif virtual məkanlarda bir araya gəlib matçlara və konsertlərə birgə baxa biləcəyi, avatarlarıyla idmana gedə biləcəkləri platformadan ibarətdir.

"Biz seksual məzmun və davranışa qarşı sıfır dözümlülük siyasəti yürüdürük, qaydaları pozanlara qarşı dərhal tədbir görürük" - Roblox BBC-yə belə deyib.

Şirkət BBC-nin platformada aşkar etdiyi faktlarla tanış olandan sonra uşaqları qorumaq üçün nə etdikləri barədə bloq yayımlayıb.

Microsoft, Meta və Roblox kimi şirkətlər virtual kainatlar yaratmaq istiqamətində bir-biriləriylə rəqabət aparırlar. Amma artıq bu məkanları idarə etməkdə çətinlik çəkirlər.