Almaniyadan deportasiya olunanlar: onları Azərbaycanda nə gözləyir?

Şəklin mənbəyi, Getty Images
- Müəllif, İlkin Həsənov
- Vəzifə, Bakı, BBC News Azərbaycanca
Azərbaycanlı Mütəllim Orucov ötən ilin iyun ayında Almaniyadan deportasiya edildikdən sonra Azərbaycana qayıdıb. Bir neçə ay sonra o yoxa çıxıb və ailəsi ondan günlərlə xəbər ala bilməyib.
53 yaşlı Mütəllim Orucov Azərbaycana qayıtdıqdan sonra həbs olunan dörd nəfərdən biridir - onlar narkotik maddə ilə bağlı ittihamlarla həbs ediliblər.
Ailələri və müdafiəçiləri deyirlər ki, yayda Almaniyadan çıxarılan Mütəllim Orucov, Malik Rzayev və bu il həbs olunan Pünhan Kərimli və Cəfər Mirzəyev Almaniyada olarkən Azərbaycandakı hadisələrlə bağlı etiraz mitinqlərinə qatılıblar və Azərbaycana qayıtdıqdan sonra təhlükəsizlik orqanları tərəfindən sorğu-sual olunublar.
Mütəllim Orucovun vəkili onun işgəncə altında etirafa məcbur edildiyini iddia edib, Daxili İşlər Nazirliyi isə bütün iddiaları rədd edir.
"Guya atam hansısa iranlıdan narkotik alıb"
Deportasiya olunduqdan sonra Quba ərazisində yaşayan Mütəllim Orucovun oğlu Elvin Orucov BBC Azərbaycancaya deyib ki, atası 2021-ci ilin oktyabrında Quba polis şöbəsində dindirilib və ona Almaniyadakı fəaliyyəti ilə bağlı suallar verilib.
"Atamı Facebook-dan izləyiblər. Ona Əfqan Muxtarlının (mühacirətdə yaşayan jurnalist -red.) fotolarını göstəriblər, başqa adamları soruşublar, Almaniyada mitinqlərdə iştirak edib-etmədiyini souşublar," - Elvin Orucov deyib.
Onun sözlərinə görə, sorğu-sualdan sonra atası buraxılıb və bir gün sonra onu yenidən çağırıblar, amma günlərlə ondan xəbər alınmayıb, sonradan vəkili onu Bakıda istintaq təcridxanasında tapıb.
"Atam 2017-ci ildən Almaniyaya gedib, 4 il orda yaşayıb. Azərbaycana gələndən sonra guya atamı hansısa iranlıdan narkotik vasitə alarkən iş üstündə tutublar," - Elvin Orucov deyib.
2021-ci ilin iyununda Almaniyadan deportasiya olunan başqa bir azərbaycanlı Malik Rzayev də narkotik maddə ittihamı ilə həbs olunub.
"Almaniyadakı siyasi fəallar barədə sorğu-sual"
Mütəllim Orucov və Malik Rzayevin vəkili Nemət Kərimli BBC News Azərbaycancaya bildirib ki, müdafiə etdiyi şəxslər deportasiya olunub Azərbaycana gətiriləndən sonra karantin qaydalarına görə Olimpiya İdman şəhərciyində saxlanılıblar və həmin müddətdə onları özlərini təqdim etməyən adamlar və ya miqrasiya idarəsindən gəldiyini deyən adamlar tərəfindən dindiriliblər.
"Onlara Almaniyada görüşdükləri, siyasi mühacir olan adamların şəkillərin göstəriblər, onlarla bağlı suallar veriblər. Siyasi tədbirlərdə iştirak edib-etməmələri barədə sorğu-sual olunublar," - cənab Kərimli bildirib.
Vəkil deyir ki, müvəkilləri məhkəmədə ittihamları əsassız sayaraq "işgəncə altında etirafa məcbur edildiklərini" bildiriblər.
"Onlar məhkəmədə ifadələrindən imtina etdilər və dedilər ki, onlara işgəncə verilib və narkotik maddə ilə bağlı ittihamı boyunlarına götürməyə məcbur olublar. Biz məhkəməyə vəsatət vermişik ki, ittiham olunan şəxslər yenidən dindirilsin, amma məhkəmə qəbul etməyib," - vəkil Nemət Kərimli bildirib.
Vəkilin sözlərinə görə, hüquqlarımı müdafiə etdikləri şəxslər Almaniyadakı siyasi fəaliyyətlərinə görə həbs olunduqlarını düşünürlər: "Onlar Almaniyada keçirilən mitinqlərdə iştirak ediblər. Mütəllim Orucov Xalq Cəbhəsi Partiyasının üzvüdür, Malik Rzayevin isə partiya mənsubiyyəti yoxdur".
Cənab Kərimli təqsirləndirilən şəxslərin iddiları ilə bağlı Quba və Sumqayıt prokurorluqlarına təzyiqlərlə bağlı araşdırma aparılması üçün müraciət etsə də, cavab almadığını deyib.

Şəklin mənbəyi, Dövlət Miqrasiya Xidməti
Azərbaycan Baş Prokurorluğu səslənən ittihamlarla bağlı BBC News Azərbaycancanın sorğusuna cavab verməyib.
Daxili İşlər Nazirliyinin sözçüsü Elşad Hacıyev deyib ki, polis qanunu pozmayan şəxsi saxlamaqda, həbs etməkdə "maraqlı deyil" və səslənən iddialar "kökündən yanlışdır və həqiqəti əks etdirmir".
Elşad Hacıyev əlavə edib ki, əgər onlar saxlanmalarını əsassız sayırlarsa, bununla bağlı yuxarı instansiya məhkəmələrinə müraciət edə bilərlər.

"Miqrasiya Xidməti ancaq aeroportda sorğu edir"
Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri Azər Allahverənov BBC-yə deyib ki, Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuraya readmissiyadan sonra hansısa vətəndaşların təqib olunması barədə belə müraciətlər daxil olmayıb.
"Zaman-zaman belə mövzular sosial şəbəkələrdə müzakirə olunur. Dövlət Miqrasiya Xidmətinin əməkdaşları hava limanında sorğu edirlər və bu, video çəklişlə qeydə alınır. Oradakı suallar da həmin şəxsin readmissiya olunan zaman hansısa hüquq və azadlıqlarının pozulması ilə bağlı hər hansı hallar varsa, onlarla bağlı olur", - Azər Allahverənov bildirib.
Cənab Allahverənovun sözlərinə görə, əgər Dövlət Miqrasiya Xidməti və ya hər hansı bir qurum readmisssiya olunan şəxsin hüquqlarının pozulmasına rəvac verirsə, o şəxslər məhkəməyə müraciət edə bilərlər.
O əlavə edib ki, 2021-ci il ərzində Avropa ölkələrindən Azərbaycana readmissiya ilə bağlı 400-dən çox sorğu daxil olub ki, onlarla bağlı müxtəlif araşdırmalar aparılıb.
Azərbaycanla Avropa İttifaqı arasında readmissiya haqqında saziş 2014-cü ildən qüvvədədir.
Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın məlumatına görə, 2014-2022-ci illər ərzində 2020 nəfərin readmissiyası həyata keçirilib.
Onlardan böyük əksəriyyəti yəni, 83 faizi Almaniyadan readmissiya olunublar. Rəsmi məlumata görə, 2021-ci ildə Azərbaycana Avropa İttifaqından 420 nəfər readmissiya olunub.

Şəklin mənbəyi, Getty Images
"Almaniya səfirliyi məlumatlıdır"
Almaniyanın Azərbaycandakı səfirliyi deyib ki, səfirlik ölkəyə gələndən sonra həbs olunan insanlar barədə məlumatlıdır və "onlara məlum olan "bütün hallar ilə bağlı əlaqə qurulub".
Səfirlikdən BBC News Azərbaycancaya deyilib ki, "Fərdi hallar barədə məlumat verildikdə, Almaniya səfirliyi məlumat toplayır və şəxslər və ya onların qanuni nümayəndələri ilə əlaqə qurur".
Almaniya səfirliyi onu da bildirib ki, bu ölkədən Azərbaycana 2020-ci ildə 62, 2019-cu ildə isə 232 nəfər deportasiya olunub.
Azərbaycanla Avropa İttifaqı arasında imzalanan readmissya haqqında sazişə görə, tərəflər insan hüquq və azadlıqları barədə müvafiq beynəlxalq sənədlərdən irəli gələn öhdəliklərə əməl etməlidirlər.
"Azərbaycanın imicinə zərbə"
Hüquqşünas Əsabəli Mustafayev hesab edir ki, readmissiya sazişinin şərtlərinə əməl olunmamasına görə hər hansı cəza mexanizm yoxdur.
Onun fikrincə, əvvəlcə Azərbaycanın yerli məhkəmə instansiyalarında ittiham olunan şəxslərin günahsızlığı sübut olunmalı, bütün mümkün müdafiə prosesləri keçilməlidir.
Ondan sonra hüquqi addımlar Avropa İnsan Hüquqları məhkəməsində davam etdirilə bilər və bu zaman yerli instansiyadakı işlərə istinad olunur.
"Xaricdən gələn hamını mühakimə etmirlər, ancaq siyasi aktivlər həbs olunur. Bu, beynəlxalq hüquq tərəfindən hökümətin qisascılığı kimi qiymətləndirilə bilər,"- Əsabəli Mustafayev deyib.
Hüquqşünas ehtimal edir ki, belə halların olması gələcəkdə mühacirləri geri qaytaran dövlətləri belə addımlardan çəkindirəcək.
"Belə halların olması ilk növbədə Azərbaycanın imiciniə ziyan verə bilər. Bu kimi işlər Avropa Məhkəməsinə getsə, orada dövlət uduzsa, bu, maddi və hüquqi cəhətdən zərbə olacaq," - Əsabəli Mustafayev bildirib.
"Mütəllim Orucov və Malik Rzayev bizə müraciət eləsə..."
Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, millət vəkili Zahid Oruc Mütəllim Orucov və Malik Rzayevlə bağlı məsələdən məlumatsızdır və deyib ki, təmsil etdiyi quruma onlar barədə şikayət daxil olmayıb.
"Onlardan müraciət olacağı təqdirdə müvafiq icra hakimiyyəti orqanının rəhbərliyi ilə işimizin tələbləri çərçivəsində danışacağıq, ayrıca nəzarətə götürərərək həm araşdırmaq, həm də cəmiyyətə müvafiq məlumat vermək imkanlarındayıq," - Zahid Oruc deyib.
Millət vəkili hesab edir ki, istənilən halda "beyin və fiziki qüvvənin köçü" ölkənin ictimai həyatına ziyandır.
Onun sözlərinə görə, deportasiya olunmuş şəxslərin ölkədə sosial, həm digər sahələrdə yer tapması mövzusunda komitə olaraq müxtəlif müraciətlər alıblar.
"Şəxsən mənə belə məsələlərlə bağlı müraciətlər olub. Biz mümkün səviyyədə onların həlli üçün addımlar atmağa çalışmışıq," - millət vəliki Zahid Oruc deyib.
Mütəllim Orucovun oğlu Elvin Orucov deyir ki, o hələ ki, Azərbaycandakı məhkəmənin nəticəsini gözləyir və nəticədən asılı olaraq, Avropa İnsah Haqları Məhkəməsinə müraciət etməyi də düşünür.









