İran-Azərbaycan arasında yeni sərhəd-keçid məntəqəsi olacaq

sərhəd-keçid məntəqəsi

Şəklin mənbəyi, IRNA

Ərdəbil vilayətinin şimalında açılacağı gözlənən yeni sərhəd-keçid məntəqəsinin İran və Azərbaycan arasında gediş-gəlişi, xüsusilə də yük daşımalarını asanlaşdıracağına ümid edilir, 2022-ci ildə Dünya İqtisadi istehsalının həcmi ilk dəfə olaraq 100 trilyon dolları aşa bilər, Reuters Britaniyanın CEBR konsaltinq şirkətinin hesabatına istinadən bildirib, - daha ətraflı BBC News Azərbaycancanın icmalında

"Aslandüz"

İranla Azərbaycan arasında Aslandüz sərhəd-keçid məntəqəsi açılacaq.

İranın Ərdəbil valisi Hadi Ameli Aslandüz sərhəd-keçid məntəqəsinin açılacağını iki ölkə arasında iqtisadiyyatın və sərhəd əlaqələrinin rifahı baxımından əhəmiyyətli sayıb, İrna xəbərlər agentliyi yazıb.

Hadi Amelinin sözlərinə görə, vilayətin şimalındakı yeni sərhəd-keçid məntəqəsi İran və Azərbaycan arasında gediş-gəlişi, xüsusilə də yük daşımalarını asanlaşdıracaq.

"Biz ticarət və malların tranzitini asanlaşdırmaq üçün əyalət yollarını genişləndirməyi planlaşdırdığımız üçün Parsabad-Ərdəbil şəhər yolunun inkişafı hər iki ölkəyə böyük şəhərlərə çıxış yolu ilə ticarətini inkişaf etdirməyə imkan verəcək", - Hadi Ameli deyib.

Hazırda biri Naxçıvanda olmaqla Azərbaycanla İran arasında üç sərhəd-keçid məntəqəsi fəaliyyət göstərir.

COVİD-19 pandemiyası səbəbindən İranla Azərbaycan arasında quru sərhəd-keçid məntəqələri hazırda bağlıdır, yalnız yük daşımalarına icazə verilir.

Yeni açılacağı elan olunan "Aslandüz" sərhəd-keçid məntəqəsi İrandan Azərbaycana İkinci Qarabağ müharibəsi zamanı azad olunmuş ərazilərə keçid imkanı yaradacaq.

Birja

Şəklin mənbəyi, Getty Images

Dünya iqtisadiyyatının həcmi 2022-ci ildə 100 trilyon dolları üstələyə bilər

2022-ci ildə Dünya İqtisadi istehsalının həcmi ilk dəfə olaraq 100 trilyon dolları aşa bilər, Reuters Britaniyanın CEBR konsaltinq şirkətinin hesabatına istinadən bildirib.

Şirkətin təhlilçilərinə görə, cari qiymətlər əsasında hesablanmış gələn ilin dünya ÜDM-i 100 trilyon dollardan artıq olacaq.

Reuters qeyd edir ki, bundan əvvəl Beynəlxalq Valyuta Fondu da 2022-ci ildə dünya iqtisadiyyatının $100 trilyon həddini aşacağını proqnozlaşdırmışdı.

CEBR-in yaxın gələcək üçün verdiyi iqtisadi proqnoza əsasən, Çin 2030-cu ildə ABŞ-ı ötərək dünyanın aparıcı iqtisadiyyatına çevriləcək.

2019-cu ildə World Economic League Table təşkilatı bu hadisənin 2028-ci ildə baş verəcəyini proqnozlaşdırmışdı.

CEBR hesab edir ki, dünya iqtisadiyyatlarının reytinq sıralamasında Hindistan 2022- ci ildə Fransanı, 2023-cü ildə Britaniyanı ötəcək, 2031-ci ildə isə dünyanın üçüncü böyük iqtisadiyyatına çevriləcək.

Brexit-ə baxmayaraq, Britaniya iqtisadiyyatı 2036-cı ildə Fransa iqtisadiyyatından 16 faiz böyük olacaq.

Bundan başqa, 2033-cü ildə ən iri iqtisadiyyatların siyahısında Almaniyanın Yaponiyanı ötəcəyi, 2036-cı ildə isə birinci onluğa Rusiyanın da daxil ola biləcəyi proqnozlaşdırılıb.