Polşa-Belarus sərhədindəki miqrasiya böhranı 5 sualda

Şəklin mənbəyi, Getty Images
- Müəllif, Tarık Demirkan
- Vəzifə, Budapeşte
Avropa İttifaqının (Aİ) icra orqanı olan Avropa Komissiyası Belarus lideri Aleksandr Lukaşenkonu miqrantları asan giriş vədi ilə Aİ sərhədinə yönləndirməkdə ittiham edib.
Komissiya bunu "qeyri-insani və qanqstervari" yanaşma adlandırıb.
Lukaşenko isə ona qarşı irəli sürülən "problemin memarı" ittihamını rədd edir.
Hazırda Polşa-Belarus sərhədində ən azı 2000 mühacir var.
Bu böhranla bağlı ən çox maraq doğuran sualları cavablandırdıq.
1. Nə üçün Avropaya illərdir davam edən köç dalğası qitənin şimalına yönəldildi?
Avropa İttifaqı ölkələrinə 2015-ci ildə başlayan sonuncu böyük miqrasiya dalğası Əfqanıstan, Afrika və Yaxın Şərqdən qaynaqlanıb. Son illərin əsas köç marşrutu Aralıq dənizi və ya Balkan ölkələrindən keçib. 2015-ci ilin aprelində Aralıq dənizində qaçqınları daşıyan 5 gəminin batması və 1200 nəfərin həlak olmasıyla miqrant böhranı Aİ-nın əsas problemlərindən birinə çevrilib.
Başda Macarıstan olmaqla, Sloveniya və Slovakiya kimi Mərkəzi Avropa ölkələri Brüssellə konfliktdən çəkinmədən öz sərhədlərinə tikanlı məftillər çəkdilər. Avropa İttifaqı isə Avropa Sərhəd və Sahil Mühafizə Təşkilatının ("Frontex") köməyilə böhrana qarşı tədbirlər görməyə çalışdı. Əsas hədəf Aralıq dənizdən qanunsuz keçidlərə mane olmaq idi.
İtaliyanın təşkilatçılığıyla gündəmə gələn, hərbi hissələrin iştirak etdiyi Poseydon Dəniz Əməliyyatı, daha sonra isə Aralıq dənizinə nəzarəti bərpa etmək üçün Aİ-nın böyük sərmayə qoyduğu Triton Dəniz Əməliyyatı sayəsində qaçqın axınının qarşısı böyük ölçüdə alındı.
Buna paralel olaraq, "Frontex" Balkan ölkələrində də qabaqlayıcı tədbirlər gördü. Yunanıstan-Türkiyə və Bolqarıstan-Türkiyə sərhədlərində keçidləri qismən bağlayan divarlar ucaldıldı, tikanlı məftillər çəkildi. Adalardakı keçidlərə nəzarət etmək üçün Aİ fondları ilə sahil mühafizə bölmələri yaradıldı və zamanla bu bölmələr genişləndirildi.
Və nəhayət, ən mühüm hadisə 2016-cı il martın 18-də baş verdi - Aİ və Türkiyə arasında imzalanmış "Mühacir müqaviləsi" qüvvəyə mindi. Bu razılaşma Türkiyə ərazisinə daxil olmuş təxminən 3 milyon qaçqına ev və yaşayış imkanları verməklə, Türkiyə üzərindən Aİ-na qaçqın axınının qarşısını aldı.
2020-ci ildən etibarən miqrasiya dalğası Aralıq dənizindən şimala - Belarusa doğru yönəldi. Bunun arxasında 2020-ci ildə münaqişəli seçkiylə, rəqiblərini həbs edərək hakimiyyətdə qalan Belarus lideri Aleksandr Lukaşenkonun dayandığı bildirilir.

Şəklin mənbəyi, SHWAN KURD
2. Polşa və Baltikyanı ölkələr qeyri-qanuni mühacir axınına qarşı hansı addımları atdılar?
Köç marşrutu Avropanın şimalına yönələndən sonra Belarusla ortaq sərhədləri olan ölkələrin çətin vəziyyətə düşəcəyini təxmin etmək olurdu.
Ona görə də Polşa və Baltik respublikaları təcili tədbirlər görməyə başladılar. Əvvəl Polşa, ardınca da Litva sərhəd boyunca divarlar hördülər, tikanlı məftillər çəkdilər.
Polşa vaxt itirmədən sərhəd bölgəsində fövqəladə hal tətbiq etdi, mühafizə qüvvələrindən əlavə, sərhədə ordu birliklərini də cəlb edəcəyini açıqladı.
Bu zaman kəsiyində baş vermiş diqqətçəkən məqamlardan biri də rəsmi Varşavayla münaqişə vəziyyətində olan Aİ-nın sərhədlərin təhlükəsizliyi məsələsində Polşaya tam dəstək verməsiydi.
Belarusla sərhədini bağlaması üçün AB bu ölkəyə 407 milyon dollar maliyyə ayırdı. Üstəlik, sərhədlərin təhlükəsizliyini artırmaq məqsədilə "Frontex" təşkilatından kadr dəstəyi təşkil edə biləcəyini açıqladı.
Əslində, normal zamanlarda Polşa və Baltik ölkələrinin gördüyü işlər sərhədlərin təhlükəsizliyini təmin etməyə yetərdi. Amma minlərlə adamı - Belarus tərəfdən təşkilatlanmış şəkildə yönləndirilən köç dalğasını asanlıqla durdurmağa bəs etmədi.
Buna baxmayaraq, Polşa və Baltik ölkələri sərhədi tamamilə bağlayıb, sərhədə ordu birlikləri göndərərək mühacir axınını nəzarət altına almağı bacardılar.

Şəklin mənbəyi, POLISH PRIME MINISTER
3. Belarusun və bu ölkəni dəstəkləyən Rusiyanın Polşa sərhədində yaranan mühacir böhranında rolu varmı?
2020-ci il seçkilərindəki zorakılıqlarla bağlı tənqid olunan və sonra da "Ryanair" təyyarəsini göyərtəsindəki müxalif jurnalistə görə zorla yerə endirən Belarus Aİ tərəfindən sanksiyalara məruz qoyulmuşdu.
Ölkə prezidenti Lukaşenko isə Aİ-nı açıq şəkild təhdid edərək buna mühacir siyasətini dəyişdirməklə cavab verəcəyini bildirmişdi.
Belarusun bu davranışını Rusiya da dəstəkləmişdi. Putinin ən ciddi rəqiblərindən olan Aleksey Navalnının zəhərlənməsinə görə Avropa İttifaqının sanksiyalarıyla üzləşmiş Rusiya da Aİ-nı köç dalğasıyla qarşı-qarşıya qoymaq taktikasını doğru seçim sayır və bu məsələdə Belarusa dəstək verəcəyini açıq şəkildə ifadə edirdi.
"Qaçqınların Aİ ölkələrinə getməsi artıq Belarus rəsmiləri tərəfindən əngəllənməyəcək", - Lukaşenkonun 2020-ci ilin əvvəlində dediyi bu sözlərlə Belarusdan Polşa və Baltik respublikaları, xüsusilə də Litva istiqamətinə yönələn qaçqın sayının artması arasında birbaşa əlaqə var.
Aralıq və Egey dənizlərində dalğalardan, Aİ sərhədlərində mühafizəçilərdən qorunmaq cəhdləriylə davam edən çətin mühacirət yolçuluğu bu tarixdən etibarən xeyli asanlaşdı - qaçqınlar bir çox ölkəylə vizasız səyahət razılaşması olan Belarusdan keçib Polşaya və ya Baltik respublikalarına keçmək şansı qazandılar.
Litvaya 2021-ci ilin cəmi iki ayında gedən qaçqın sayı 2020-ci ildə gedənlərin toplam sayından 50 dəfə çox oldu.
4. Son böhranda Avropa Birliyi hansı siyasəti yürütdü?
2015-ci ildəki ilk köç dalğasından sonra Aİ-nın mühacir siyasətində dəyişikliklər baş verdi.
Aralıq və Egey dənizlərini qayıqlarla keçən miqrant axınının qarşısını almaq mümkün olmadığı üçün ilk aylarda Aİ-də, xüsusən Macarıstanın müdafiə etdiyi "milli sərhədlərin qorunması" siyasətini rədd edən və İttifaqın yalnız xarici sərhədlərinin təhlükəsizliyinə önəm verən strategiyadan imtina olundu.
Sonrakı illərdə Aİ bir tərəfdən xarici sərhədlərini gücləndirməyə çalışaraq üzv dövlətlər arasındakı sərhədlərə də nəzarəti gücləndirdi, miqrant filtri sistemi tətbiq etməyə çalışdı.
Digər tərəfdən, Türkiyə ilə miqrasiya müqaviləsini yeniləyərək Aİ-na mühacir axınının qarşısını almağa çalışdı.
Almaniyanın mərhələli şəkildə və çox sayda mühacir qəbul etmək syasəti digər ölkələr tərəfindən dəstəklənmədi. Aİ-nın qaçqınlar üçün kvota tövsiyəsi də reallaşmadı.
"Mühacir problemi" Aİ-nın fəaliyyəti və sabitliyi üçün ən böyük risk faktoruna çevrildi və dörd Vişeqrad ölkəsi (Çexiya, Macarıstan, Slovakiya və Polşa) rəsmi Brüsselin qəti mövqeyinə qarşı çıxaraq qaçqınları qəbul etməyəcəklərini bəyan etdilər. Nəticə etibarilə 2021-ci ildə Aİ-nın mühacir siyasətində dəyişikliklər müşahidə olundu, Polşa və Bolqarıstanda köç dalğasına qarşı sərhəd divarlarının tikintisini təsdiqləmək və hətta dəstəkləməklə yeni kurs müəyyən edildi.

Şəklin mənbəyi, Getty Images
5. Avropaya yönəlmiş qaçqın axını Aİ ölkələrindəki siyasətə necə təsir edir?
Müşahidəçilər və siyasi ekspertlər hesab edirlər ki, Avropada son 10 ildə artmaqda olan millətçilik və tənzimlənməsi heç cür baş tutmayan köç axını arasında birbaşa əlaqə var.
Başqa ölkələrdən və mədəniyyətlərdən olan insanların heç bir nəzarət olmadan birdən-birə Qərb cəmiyyətlərində ortaya çıxması sosial konsensus baxımından bu ölkələr üçün riskli hesab edilir.
Milli dəyərlərə uyğun siyasət yürüdən partiyalar ölkə sərhədlərinin bağlanmasını, əcnəbilərə yaşamaq və işləmək icazəsinin verilməməsini təklif edirlər.
Milliyyətçi siyasətçilər ölkəyə nəzarətsiz və zorla daxil olmağa çalışan əcnəbilərə qarşı qorxunu siyasi arenada səsə çevirməyə çalışır.
Əcnəbilərin sayca daha az olduğu və bu səbəbdən başqa mədəniyyətlərin yaxşı tanınmadığı Mərkəzi və Şərqi Avropa ölkələrində bu tendensiya daha qabarıq hiss olunur.








