İki yaşlı oğlan və yanında hərəkətsiz insan bədəni. Bu fotonun hekayəsi nədir?

İki yaşlı Vilder atasından ayrı düşəndən sonra bu cür vəziyyətdə Meksikada yol kənarında qalıb

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı, İki yaşlı Vilder atasından ayrı düşəndən sonra bu cür vəziyyətdə Meksikada yol kənarında qalıb
    • Müəllif, Darío Brooks
    • Vəzifə, BBC News Mundo

Bu fotoda nə görürsünüz? İki yaşlı oğlan və yanında ölmüş insan bədəni. Bu, körpə Hondurasdandır. Atası ilə birlikdə ABŞ-a köçmək üçün yola çıxan uşaq sonra atasından ayrı düşüb.

Daha sonra isə bu kiçik oğlan yarıçılpaq halda və yanında bir cəsəd Meksikadakı bir yolda tapılıb.

Uşaq

Şəklin mənbəyi, Reuters

İki yaşlı körpənin adı Vilder Ladino Qarsiyadır. Onlar Hondurasdakı Santa Rita qəsəbəsindən çıxıb ABŞ-a keçməyə çalışırdılar.

Amma yolda ata və oğul bir-birindən ayrılıb. Ata Meksikadakı bir qaçqın mərkəzinə, oğul isə yolda tapıldıqdan sonra həkimə aparılıb.

25 yaşında olan bir kişinin öldüyü təsdiqlənib

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı, 25 yaşında olan bir kişinin öldüyü təsdiqlənib

Kiçik Vilder içərisində 100-ə yaxın qaçqının olduğu bir yük maşının arxasında atası ilə birlikdə səyahət edirmiş. Onun yolda atasından niyə və hansı şəraitdə ayrıldığı məlum deyil.

Maşının içərisi həddindən artıq isti və havasız olduğundan qaçqınların çoxu susuzluq və boğulmaya məruz qalıb. 25 yaşlı kişi tab gətirməyərək ölüb.

Ata və oğul Hondurasdakı Santa Rita kəndindən çıxıb - bu region kasıblıq içərisində boğulur və 2020-ci ilə iki güclü qasırğadan sonra burada vəziyyət daha da pisləşib.

"Burada yaşamaq mümkün deyil. İş olanda İsidro günə 4 dollar qazanırdı. Amma hər gün iş olmur, ancaq tapanda işləyirdi", onun yoldaşı Lorena Qarsiya deyir.

İyunun 27-də İsidro və 2 yaşlı oğlu Qvatemala və Meksika arasında sərhədi keçib. Vilder iyunun 28-də Meksikanın Veracruz ştatında, Las Çoapas şəhəri yaxınlığındakı yolun kənarında tapılıb.

Bu, ABŞ ərazisinə keçən miqrantların hər zaman istifadə etdiyi yoldur.

Vilder Meksikada bir sosial xidmət işçisi ilə birlikdə

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı, Vilder Meksikada bir sosial xidmət işçisi ilə birlikdə

Bu il ABŞ-a Latın Amerikası ölkələrindən köçənlərin sayı sürətlə artıb. ABŞ Gömrük və Sərhəd Mühafizəsi may ayında 180 mindən çox qaçqını saxladığını bildirib. Aprel ayından 19 min uşaq, valideynlərinin müşaiyəti olmadan ABŞ-a keçib. Rəsmilərə görə bu, indiyə qədər ən yüksək aylıq rəqəmdir.

Oğlanın anası oğlunun və atasının sonunda ABŞ-a gedib çıxa bilməsinə böyük ümid bəslədiyini bildirib.

''Uşağımı ərimlə birlikdə oraya göndərin. Uşağımı yalnız göndərməyin. Amma əgər mümkün deyilsə, heç olmazsa uşağımı mənə verin'', ana deyib.