Ermənistan "daha 30-a yaxın azərbaycanlı əsgərin Sünikə girdiyini" iddia edir

Şəklin mənbəyi, Tigran Varag/armgeo.am
Ermənistan mediası kənd sakinlərinə istinadən yazır ki, mayın 20-də Azərbaycan ordusunun "daha 30-a yaxın əsgəri Sünik vilayəti Xoznavar kəndi ərazisinə daxil olub". Avropa Parlamenti tələb edir ki, Azərbaycan bütün "hərbi əsirləri" azad etsin,- bu və digər xəbərlər BBC News Azərbaycancanın icmalında
"Hazırda kənddə vəziyyət erməni tərəfin nəzarəti altındadır"
Cümə axşamı "bir qrup Azərbaycan əsgərinin Sünik vilayəti Xoznavar kəndinə girdiyi" iddia edilir.
10 günə yaxındır ki, Azərbaycanla Ermənistan sərhədinin Sünik (Zəngəzur) bölgəsində gərginlik yaşanır. Ermənistan iddia edir ki, Azərbaycan onun sərhədini pozub, Azərbaycan isə beynəlxalq səviyyədə tanınmış ərazilərində sərhədləri bərpa etdiyini deyir.
Ermənistan mediası kənd sakinlərinə istinadən yazır ki, mayın 20-də Azərbaycan ordusunun "daha 30-a yaxın əsgəri Ermənistanın Sünik vilayəti Xoznavar kəndi ərazisinə daxil olub".
Məlumatı Sünik vilayətinin qubernatoru Melikset Poğosyan da təsdiqləyib.
Azərbaycan Müdafiə Nazirliyindən BBC News Azərbaycancaya onlarda belə bir məlumatın olmadığı bildilib.
Xoznavar kəndi Ermənistan-Azərbaycan sərhədindəki Sevliç (Qaragöl) gölün yaxınlığında yerləşir.
Kənd sakinləri deyiblər ki, azərbaycanlı əsgərlər rastlaşdıqları yerli çobanları hədələyib və onları ərazini tərk etməyə məcbur ediblər.
Yerli sakinlərdən biri Mher Qriqoryan Azadlıq Radiosunun erməni redaksiyasına deyib ki, hazırda kənddə vəziyyət erməni tərəfin nəzarəti altındadır, kənd sakinləri arasında narahatlıq müşahidə olunmur.
Lakin o, eyni zamanda, təhlükəsizlik üçün, bəzi sakinlərin və uşaqların kənddən təxliyə edildiyini bildirib.
Ermənistan Müdafiə Nazirliyi mətbuat xidmətindən cümə günü verilən son məlumata görə, sərhəddə vəziyyət ümumiyyətlə stabildir, "əhəmiyyətli dərəcədə" dəyişməyib.

Şəklin mənbəyi, European Parliament
Avropa Parlamentindən qətnamə
Avropa Parlamenti Azərbaycanın erməni hərbçilərini "təcili və şərtsiz" azad etməsi ilə bağlı qətnamə qəbul edib.
Ermənistan 44 günlük İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın 200-ə qədər Ermənistan vətəndaşını əsir saxladığını bildirir. Azərbaycan isə həbsxanalarında hərbi əsirlərin olmadığını, ancaq saxladığı 72 erməni hərbçinin noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya arasındakı üçtərəfli atəşkəs razılaşmasından sonra ölkəyə "təxribat məqsədilə daxil olduğu üçün" cinayət məsuliyyəti daşıdığını deyir.
Avropa Parlamentinin cümə axşamı keçirdiyi plenar iclasında qəbul etdiyi qətnamədə tələb olunur ki, münaqişə zamanı və sonra saxlanan bütün hərbi və mülki şəxslər "təcili və şərtsiz" azadlığa buraxılsın.
Qətnamədə, həmçinin Azərbaycanın paytaxtı Bakıda açıqlanan Hərbi Qənimətlər muzeyinin açılması və burda erməni həbrçilərin obrazlarının quraşdırılması qınanılıb.
Azərbaycan parlamentinin spikeri Sahifə Qafarova Avropa Parlamentinin qətnaməsini "kağız parçası" adlandırıb. APA yazır ki, spiker bu qətnamənin Avropa İttifaqının Azərbaycana qarşı münasibətini əks etdirmədiyini bildirib və Azərbaycan Aİ ilə münasibətlərin hərtərfəli inkişafında maraqlıdır.
Azərtac xəbər verir ki, Azərbaycan prezidenti İlham Əliyev cümə axşamı erməni hərbçilərdən 14 nəfərinin "könüllü azad" edildiyini bildirib.

Şəklin mənbəyi, Azertac
"Tahir Salahov Birinci Fəxri Xiyabanda dəfn olunacaq"
Azərbaycanın Xalq rəssamı Tahir Salahov vəfat edib.
Azərbaycan Mədəniyyət Nazirliyindən BBC News Azərbaycancaya bildirilib ki, xalq rəssamı Almaniyada vəfat edib.
Tahir Salahovun bacısı Zərifə Salahova APA-ya qardaşının iki gün əvvəl müalicə məqsədi ilə Almaniyaya getdiyini və xəstəxanada yatdığınıı bildirib.
Onun sözlərinə görə, Tahir Salahov Birinci Fəxri Xiyabanda dəfn olunacaq. "Artıq bu barədə Azərbaycan Prezidentinin tapşırıqları var. Onun cənazəsi Bakıya gətiriləcək və Birinci Fəxri Xiyabanda dəfn ediləcək".
Tahir Salahov 1928-ci il noyabr ayının 29-da Bakı şəhərində anadan olub.
1945-ci ildə Bakı şəhərində orta məktəbi bitirib.
1950-ci ildə Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbini bitirən rəssam sonralar təhsilini V.İ.Surikov adına Moskva Dövlət Rəssamlıq (İncəsənət) İnstitutunda davam etdirib.
1963-cü ildə ona Azərbaycan SSR xalq rəssamı adı verilib, həmin il SSRİ Rəssamlar İttifaqı idarə heyətinin üzvü seçilib.
Müxtəlif illərdə Azərbaycan SSR Ali Sovetinin və SSRİ Ali Sovetinin deputatı olub.
Tahir Salahov Fransa İncəsənət Akademiyasının müxbir, Avropa Elm və İncəsənət Akademiyasının həqiqi üzvü, Rusiyanın xalq rəssamı, Almaniya Rəssamlar İttifaqının fəxri üzvü olub.

Şəklin mənbəyi, Reuters
İsrail-Həmas arasında atəşkəs
250 nəfərə yaxın şəxsin ölümünə səbəb olan və 11 gündür davam edən İsrail-Fələstin münaqişəsi atəşkəslə nəticələnib.
Həm İsrail təhlükəsizlik qurumları, həm də Həmas Misirin vasitəçilik etdiyi razılaşmanın şərtlərini qəbul edib. Atəşkəs yerli vaxtla saat 2-də qüvvəyə minib.
İsrail və Həmas arasında atəşkəs imzalanmasındakı prosesdə əsas rolu Misir, Qətər və BMT oynayıb.
Tərəflər nə deyib?
Həm Həmas, həm İsrail münaqişədən qalib çıxdığını deyir.
İsrail müdafiə naziri Benny Gantz Twitter-də Qəzzaya hücumun "bənzəri görülməyən hərbi qazanclar" gətirdiyini yazıb.
AP agentliyinə danışan Həmas rəsmisi Ali Barakeh İsrailin elan etdiyi atəşkəs qərarının Fələstin xalqı üçün bir zəfər və Netanyahu üçün bir məğlubiyyət olduğunu deyib.
Həmas-ın Beynəlxalq Münasibətlər Şurasından Basem Naim BBC-yə açıqlamasında atəşkəsin davam edib-etməyəcəyi barədə "şübhəli" olduğunu bildirib.
"Fələstinlilər üçün ədalət olmadan, İsrailin Qüdsdə xalqımıza qarşı təcavüzünü və qəddarlığını dayandırmadan atəşkəs kövrək olaraq qalacaq."

Şəklin mənbəyi, Reuters
ABŞ Prezidenti Joe Biden Ağ Evdəki çıxışında İsrail və Həmasın atəşkəsi qəbul etdiyini təsdiqləyib.
Biden bu gün İsrailin Baş naziri Netanyahu və Misir Prezidenti Əbdül Fəttah əs-Sisi ilə danışdığını bildirib.
Atəşkəs razılaşması qüvvəyə mindikdən sonra Qəzza sakinləri küçələrdə bayram ediblər.
İsrail və fələstinlilər arasındakı münaqişə Şərqi Qüdsdə fələstinlilərin evlərindən çıxarılması ilə başlamış və mayın 10-da Qəzza zolağını nəzarəti altında saxlayan Həmasın raket hücumları ilə böyümüşdü.
Fələstin Səhiyyə Nazirliyi münaqşə başlayandan bəri 65-i uşaq olmaqla 232 nəfərin öldüyünü bildirib.
İsrail ölkələrində 2-si uşaq olmaqla azı 12 nəfərin öldüyünü açıqlayıb.







