Azərbaycanlı və erməni deputatlar AŞPA-da Qarabağ münaqişəsi barədə çıxış ediblər

PACE iclas

Şəklin mənbəyi, PACE

Bu gün Avropa Şurası Parlament Assambleyasının (AŞPA) iclasında "Erməni hərbi əsirləri, digər əsirlər və köçkünlər" adlanan mövzu müzakirə edilib.

BBC News Azərbaycancanın bu yazısında müxtəlif tərəflərin səsləndirdiyi əsas məqamları oxuya bilərsiniz.

Erməni tərəfi 2020-ci il Qarabağ müharibəsindən sonra Azərbaycanda 200-ə qədər erməni əsirinin saxlanıldığını bildirib. Azərbaycan onların 72 nəfər olduğu və hamısının artıq qaytarıldığını bəyan edib. Rəsmi Bakı digər saxlanılan şəxsləri "terrorçu" hesab edir.

Hansı müzakirələr aparılıb?

"Qrupumuz, son Ermənistan-Azərbaycan 6 həftəlik münaqişəsindən sonra əsir və itkin düşmüş şəxslərin taleyi ilə bağlı irəliləmənin olmamasından çox narahatdır", bu sözləri çıxışının əvvəlində Birləşmiş Avropa Sol Qrupu və Ermənistanla Azərbaycan arasındakı münaqişənin humanitar nəticələri üzrə məruzəçi Paul Gavan deyib.

O deyib ki, Avropa İnsan Hüquqları Məhkəməsinin 16 mart 2021-ci il tarixli press-relizinə görə, Azərbaycan tərəfindən "əsir götürüldüyü" iddia edilən 188 erməni ilə bağlı məhkəmənin müvəqqəti tədbirləri qüvvədə qalır.

"Bu kontekstdə, qrupumuzun əsas narahatlığı odur ki, Məhkəmə Avropa Şurası Nazirlər Komitəsini xəbərdar edib ki, Azərbaycan hökuməti sözügedən şəxslər haqqında məlumat təqdim edilməsi üçün məhkəmə tərəfindən təyin olunan müddətə əməl etməyib".

Paul Gavan deyib ki, bu məsələdə "Məhkəmə ilə tam əməkdaşlıq etmək və gecikmədən onların qaytarılmasını təmin etmək Azərbaycanın borcudur."

Paul Gavan öldükləri güman edilən itkin düşənlər məsələsinə də toxunub. Onun sözlərinə görə, "1000-dən çox erməni və 28 azərbaycanlı itkin düşmüş sayılır."

O qeyd edib ki, bu statistikaya eləcə də " 3890 azərbaycanlı və 1000-ə yaxın erməni də əlavə edilməlidir."

Paul Gavan minalardan ölənlərin sayının artmasına da diqqəti çəkib.

"Münaqişə bölgəsində basdırılmış minalardan ölənlərin sayının artması da məni narahat edir. Güman olunduğuna görə, buna dair məlumatın əksəriyyətinə Ermənistan sahibdir, lakin bu tərəflərin borcudur ki, minalanmış ərazilərin xəritələrini təcili olaraq açıqlasınlar və bir-biri ilə bu məsələdə əməkdaşlıq etsinlər".

Kamal Cafarov

Şəklin mənbəyi, PACE

Azərbaycan nümayəndə heyətinin üzvü Kamal Cəfərov çıxışının əvvəlində bu məsələnin müzakirəyə çıxarılmasına Azərbaycanın etirazını bildirib: "Bu qərardan çox məyusuq."

"İkincisi, məyusluğumuzun daha böyük səbəbi odur ki, Assambleya bu müzakirəni vərdiş etdiyi qaydada apaparır. Bu diskusiyaya verilmiş ada fikir versəniz, nə demək istədiyimi anlayarsınız".

"Üçüncüsü, Ermənistan nümayəndə heyətinin səylərini siyasi motivli hesab edirəm", deyən Kamal Cəfərov tezliklə Ermənistanda seçkilərin keçiriləcəyini xatırladıb.

O qeyd edib ki, Azərbaycan diskussiyalardan qaçmır: "Biz hər an mövqeyimizi müdafiə etməyə hazırıq."

"İndi isə minalar kimi vacib məsələnin müzakirə ediləsi halda, cinayətkarlardan, həbs olunmuş cinayətkarlardan danışır. Üçtərəfli bəyanatdan bəri, azad edilmiş torpaqlarda minalardan 20 mülki azərbaycanlı ölüb. Bu, hərbi cinayətdir. Ermənistan mina xəritələrini təhvil verməkdən imtina edir."

O, avropalı həmkarlarına xitabən deyib ki, "sizin bəzi səyləriniz, bilərəkdən olsun və ya əksinə, Azərbaycanla Ermənistan arasındakı dövlətlərarası münasibətlərə zərər vura bilər, nəinki kömək edər".

Rafael Hüseynov

Şəklin mənbəyi, PACE

Şəklin alt yazısı, Rafael Hüseynov

Azərbaycandan deputat Rafael Hüseynov deyib ki, 10 noyabr bəyannaməsi müharibəyə son qoyub, lakin "Ermənistan cəmiyyətinin azərbaycanlılara qaşrı nifrət və düşmənçiliyinə son qoyulmayıb".

"Bu gün Ermənistanda Azərbaycanla sülh və əməkdaşlıqdan danışanları xəyanətkar elan edirlər", o əlavə edib.

"Ermənistan Azərbaycanla sülh sazişini imzalamaqdan boyun qaçırır", deyən cənab Hüseynov AŞPA üzvlərini Ermənistanı "düz yola qayıtmağa çağırmağa" dəvət edib.

Mikayel Melkumyan

Şəklin mənbəyi, PACE

Şəklin alt yazısı, Mikayel Melkumyan

Ermənistandan olan deputat Mikayel Melkumyan Azərbaycanda saxlanan erməni hərbçilər məsələsinə toxunaraq AŞPA-nı Azərbaycan nümayəndə heyətinə "təzyiq etməyə" çağırıb.

O, AŞPA-dan konkret addımlar gözlədiyini deyib və sual edib ki, "o hərbi əsirlər fransız və alman olsaydı nə edərdiniz?"

"Münaqişəyə fasilə verilib, münaqişə həll olunmayıb", o deyib.

Ruben Rubinyan

Şəklin mənbəyi, PACE

Şəklin alt yazısı, Ruben Rubinyan

Ermənistan nümayəndə heyətinin üzvü Ruben Rubinyan öz çıxışında deyib ki, "Azərbaycan son 80 ildə Avropada heç bir ölkənin etmədiyini edib: ermənilərə qarşı nifrəti institusionallaşdırıb."

Bu əsnada o, bu yaxınlarda Bakıda Hərbi Qənimətlər parkının açılışını qeyd edib. Erməni deputat həmin parkı Madam Tussauds muzeyinin "irqçi bir versiyası" adlandırıb.

Onun sözlərin görə, Ermənistan "saxladığı bütün hərbi əsirləri geri qaytarmasına baxmayaraq," Azərbaycan "erməni əsirlərini geri qaytarmaqdan imtina edir".

"Bu qəbuledilməzdir," - Rubinyan deyib.

"Erməni hərbi əsirləri və digər əsirləri Azərbaycan qaytarmalıdır. Bu olmalıdır, bu bir öhdəlikdir," - o deyib.

Böyük Britaniyadan parlamentari John Howell deyib ki, iki üzv dövlətin qanlı münaqişədə olması "Avropa Şurası üçün fəlakətdir". O hər iki tərəfi barışıq üçün dialoqa davam etməyə və həll edilməmiş məsələləri həllinə çağırıb.

Onun sözlərinə görə, Şura barığışın tərəfində olmalı və hansısa tərəfi dəstəkləməməlidir.

Ermənistan üzrə məruzəçi olan, finlandiyalı Kimmo KilJunen deyib ki, Ermənistan-Azərbaycan arasında bütün müharibələr humanitar fəlakətlərə səbəb olub.

"İndi barışıq mərhələsində, özünəinam yaratmaq mərhələsindəyik. Bəli, müharibə məhbuslarının saxlanılması etimadın artırılmasına kömək etmir, bu tamamilə aydındır".

O vurğulayıb ki, "bütün saxlanılan şəxslərin mübadiləsi humanitar hüquqi məsələ" olmaqla yanaşı, "üçtərəfli bəyanatın bir müddəasıdır" və "bu səbəbdən də tam şəkildə həyata keçirilməlidir".

O, məcburi köçkünlər məsələsinə də toxunaraq qeyd edib ki, minalar, yenidənqurma işləri kimi bir çox problemlər var.