Kraliça İkinci Elizabeth-in həyat yoldaşı Şahzadə Philip-in dəfn mərasimi gələn şənbə günü keçiriləcək

Şəklin mənbəyi, Getty Images
Edinburq Hersoqunun kral dəfn mərasimi gələn şənbə günü, aprelin 17-də Windsor qəsrində keçiriləcək. Qapalı rejimdə keçəcək mərasim televiziya ilə yayımlanacaq.
Dəfn mərasimində iştirak etmək üçün mərhum Hersoqun nəvəsi Şahzadə Harry ABŞ-dan gələcək. Onun həyat yoldaşı Meghan Markle həkimin tövsiyəsi ilə evdə qalacaq.
Taxt-tacın varisi Şahzadə Charles da daxil olmaqla kral ailəsinin üzvləri tabutun arxasınca hərəkət edəcəklər. Kraliça II Elizabeth St George kilsəsinə ayrıca gələcək.
Dəfn mərasimi tarixinədək Britaniyada səkkiz günlük matəm elan olunacaq. Kral ailəsi daha uzun müddət - iki həftə ərzində matəm saxlayacaq.
Baş nazir Boris Johnson koronavirus məhdudiyyətlərinə görə dəfn mərasiminə qatılmayacaq.
İngils kardinalı: Dəfn mərasimi kral ailəsində ziddiyyətləri aradan qaldıra bilər

Şəklin mənbəyi, Harpo Productions/Joe Pugliese/Handout
Edinburq Hersoqunun dəfn mərasimi kral ailəsi üzvləri ilə Şahzadə Harry arasında fikir ayrılığının həllinə kömək edə bilər, İngiltərə və Uelsdə Katolik Kilsəsinin rəhbəri, Kardinal Vincent Nichols hesab edir.
O, bu fikrini Times Radio-ya müsahibəsində söyləyib.
Kardinalın sözlərinə görə, görə Şahzadə Harry-nin babasının dəfn mərasimində iştirak etməsi və qohumları ilə vaxt keçirməsi mübahisələrin həllinə kömək edə bilər.
Şahzadə Harry-nin həyat yoldaşı Meghan Markle, həkimin tövsiyəsi ilə evdə qalacaq. O, iİkinci dəfə hamilədir.
"Düşünürəm ki, bu, kral ailəsi üçün bir təsəlli ola bilər, çünki bu, onlara bir araya gəlmək, bir yerdə olmaq, ünsiyyət şəraitində olmaq imkanı verəcək," - katolik xadim deyib.
"Dəfn mərasimləri zamanı bir çox ailələr bir araya gəlir və mövcud ziddiyyətlləri aradan qaldırır, pozulmuş münasibətlər düzələr. Daha dərin duyğylar onları yenidən birləşdirir. Əminəm ki, bu ailədə də belə ola bilər."
Kral ailəsi daxilində fikir ayrılıqlarının mövcudluğu Harry və Meghan-ın mart ayının əvvəlində The Oprah Winfrey Show proqramına verdikləri qalmaqallı müsahibədən sonra məlum olub.
Şahzadə Philip-in xatirəsinə Britaniyada top atəşləri açılıb
Kraliça İkinci Elizabeth-in həyat yoldaşı Edinburgh Hersoqu, Şahzadə Philip-in vəfatı ilə bağlı ənənəvi mərasimə uyğun olaraq, ötən gün Britaniyanın müxtəlif bölgələrində və dənizdə yerləşən hərbi gəmilərin göyərtəsindəki toplardan atəş açılıb.
Şənbə günü Windsor Qəsri qarşısında Edinburgh Hersoqunun xatirəsi iki dəqiqəlik sükutla yad edilib, ölkə boyunca dövlət və rəsmi binaların üzərindəki bayraqlar endirilib.
Edinburgh Hersoqu 99 yaşında vəfat edib. Şahzadə Philip-in dəfn mərasimi ilə bağlı məlumat bu həftəsonu elan olunmalıdır.
Şənbə günü yerli vaxtla saat 12:00-də London, Edinburgh, Cardiff və Belfast şəhərləri də daxil olmaqla, müxtəlif yerlərdəki artilleriya bölmələri 41 dəfə atəş açıblar. Bundan əvvəl belə mərasim yalnız iki dəfə - 1901-ci ildə Kraliça Victorianın və 1965-ci ildə Winston Churchill-in ölümündən sonra baş tutub.
Koronavirus pandemiyası ilə bağlı məhdudiyyətlərə görə, mərasimi televiziya və ya internet üzərindən izləmək tövsiyə olunur.

Şəklin mənbəyi, PA Media
Şahzadə Philip cümə günü, 100 yaşına iki ay qalmış vəfat edib.
Ötən gün Buckingham Sarayının verdiyi açıqlamada deyilir: "Əlahəzrət Kraliça dərin kədərlə sevimli əri, Edinburgh Hersoqu Əlahəzrət Şahzadə Philip-in vəfat etdiyini elan edib. Əlahəzrət bu səhər Windsor qəsrində dinc şəkildə vəfat edib".
Şahzadə Philip Şahzadə Elizabeth-lə, onun Kraliça olmasından 5 il əvvəl, 1947-ci ildə ailə qurub. O, Birləşmiş Krallığın ən uzun müddətli şahzadə-konsortu (monarxın həyat yoldaşının titulu-red.) olub. Cütlüyün dörd övladı, səkkiz nəvəsi və 10 nəticəsi var.
Qarşıdan gələn günlərdə nə baş verəcək?
BBC-nin Kraliyyət müxbirinin məlumatına görə, Şahzadə Philip-in dəfn mərasimi ilə bağlı əvvəlcədən işlənib hazırlanan plan mövcuddur və o sabah açıqlanacaq.
Məlumata görə, dəfn vaxtı koronavirusla bağlı tətbiq edilən məhdudiyyətlərə əməl olunacaq və ictimai vidalaşma mərasimi nəzərdə tutulmur.
Hazırda Edinburgh Hersoqunun cənazəsi Windsor Qəsrindədir. Dəfn mərasiminin Müqəddəs George kilsəsində keçiriləcəyi bildirilir.
Ötən gün Britaniyanın Baş Naziri Edinburgh Hersoqunun II Dünya Müharibəsində döyüşən son veteranlardan biri olduğunu xatırladıb.
"Bu illər ərzində o, müharibədən sonrakı dövrdə misli görünməmiş dəyişikliklər zamanı faydalandığı hərbi xidmətin etikasına sahib oldu," - Boris Johnson deyib.
Şotlandiyanın Birinci naziri Nicola Sturgeon hersoqun ölüm xəbərindən son dərəcə kədərləndiyini bildirib.

Şəklin mənbəyi, Getty Images/Tim Graham
"Əlahəzrət Kraliça və onun ailəsinə, eyni dərəcədə - Şotlandiya höküməti və xalqı adından dərin hüzn hissi ilə başsağlığı verirəm," - o öz Twitter hesabında yazıb.
Ötən gün Azərbaycan Prezidenti İlham Əliyev də Britaniya hökumətinin rəhbərinə başsağlığı verib.
"Edinburq Hersoqu, Şahzadə Filipin vəfatı xəbərini dərin kədər hissi ilə qarşıladım. Bu ağır itki ilə əlaqədar Sizə, mərhumun ailəsinə, Birləşmiş Krallığın bütün xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm".

Şəklin mənbəyi, Tim Graham/PA
"Əlahəzrət Edinburgh Hersoqunun vəfatı barədə xəbər məni və Kraliçanı çox kədərləndirib. "Şahzadə Philip uzun illər ailəmizin yaxın dostu idi və bu münasibət bizim üçün çox dəyərlidir," - İsveç kralı Karl Gustaf başsağlığı verərkən deyib.
ABŞ-ın keçmiş prezidenti George W. Bush deyib ki, Şahzadə Philip ömrünü insanlara xidmət etməyə, layiqli vəzifələrə həsr edib və ölkəsinə sonsuz dəstəyini əsirgəməyib.
"Edinburgh Hersoqu, Şahzadə Philip hərbi sahədə xüsusi karyeraya sahib idi və bir çox ictimai təşəbbüslərin başında dururdu. Nur içində yat," - Hindistanın Baş naziri Narendra Modi Twitter-də yazıb.
Avstraliyada Şahzadə Philip-in vəfatı ilə bağlı milli bayraqlar endirilib.
"Birlik, Şahzadə Philip-in ölümündən kədərlənir və uzun müddət bizimlə birlikdə olduğu üçün ona minnətdardır," - deyən Avstraliyanın Baş Naziri Scott Morrison Şahzadə Philip-in "artıq görməyəcəyimiz" bir nəsli təcəssüm etdiyini bildirib.

Şəklin mənbəyi, Empics
Windsor-a insanlar toplaşır
Helena Wilkinson, BBC müxbiri
Windsor Qəsri
Şahzadə Philipin xəstəxanadan çıxdıqdan sonra Kraliça ilə həyatının son həftələrini keçirdiyi Windsor Qəsri yaxınlığına insanlar toplaşmağa başlayıb.

Şəklin mənbəyi, Reuters
Bir kiçik qız da daxil olmaqla yerli sakinlər, kraliçaya və bütün ailəyə başsağlığı verərək, buraya gül dəstələri və açıqcalar gətirirlər.
Gül dəstələrindən birinin üstündəki açıqcada "Nur içində yat, Şahzadə Philip" deyilir. O birisində kraliçaya başsağlığı bildirilir.
Qəsrin ətrafında sakitlik yaranıb, insanlar demək olar ki, heç nə demirlər, səssizcə gəlirlər, kədərli əhval-ruhiyyə hökm sürür.







