Dünya liderləri ABŞ parlamentinə hücuma necə reaksiya verdi?

konqres binas;

Şəklin mənbəyi, EPA

Dünya liderləri Donald Trump tərəfdarlarının çərşənbə günü Washington-da parlamentin yerləşdiyi Kapitoli binasına hücumunu qınayıb.

Hadisəyə görə Konqresin Joe Biden-in ABŞ Prezidentliyi yarışındakı qələbəsinin elan olunacağı iclas dayandırılmalı olub.

Bir çox dünya liderləri sülhə çağırış edib və hakimiyyətin nizamlı ötürülməsinə çağırış edib, baş verənləri "dəhşətli" və "demokratiyaya hücum" adlandırıblar.

"ABŞ dünyada demokratiyanın tərəfdarıdır və hakimiyyətin dinc və nizamlı bir şəkildə ötürülməsi çox vacibdir", - Britaniya Baş naziri Boris Johnson Twitter-də yazıb.

Böyük Britaniyanın digər siyasətçiləri də şiddəti tənqid etməkdə ona qatılıb.

Müxalifət lideri Keir Starmer bunu "demokratiyaya birbaşa hücum" adlandırıb.

Şotlandiyanın Birinci naziri Nicola Sturgeon Twitter-də Kapitolidəki hadisələrin "tamamilə dəhşətli" olduğunu bildirib.

ABŞ-ın NATO müttəfiqi Türkiyə "bütün tərəfləri təmkin və sağlam düşüncə" göstərməyə dəvət etdiyini söyləyib.

İspaniya Baş naziri Pedro Sanchez "ABŞ demokratiyasının gücünə etibar edirəm. Joe Biden-in yeni prezidentliyi Amerika xalqını birləşdirərək bu gərgin mərhələni aşacaq" deyib.

Twitter-də yayımladığı videoda Fransa Prezidenti Emmanuel Macron deyib: "Dünyanın ən qədim demokratik ölkələrindən birində, gedən bir prezidentin tərəfdarları bir seçkinin qanuni nəticələrinə meydan oxumaq üçün silah götürdükdə universal ideya olan "bir nəfər, bir səs" zəifləyir".

"Bu gün Washington-da baş verənlər qətiliklə Amerika deyil. Biz demokratiyalarımızın gücünə inanırıq. Amerika demokratiyasının gücünə inanırıq" - o əlavə edib.

İsveç Baş Naziri Stefan Lofven hadisəni "narahatedici" olaraq xarakterizə edib və bunun "demokratiyaya hücum" olduğunu söyləyib.

Almaniyanın xarici işlər naziri Heiko Maas deyib ki, "cənab Trump və tərəfdarları amerikalı seçicilərin qərarını nəhayət qəbul etməli və demokratiyanı tapdalamağa son qoymalıdırlar".

Avropa İttifaqı liderləri də məsələyə reaksiya bildiriblər. Avropa Şurasının Prezidenti Charles Michel ABŞ-ın cənab Baydenə "hakimiyyətin sülh yolu ilə ötürülməsini təmin edəcəyinə" inandığını, Avropa Komissiyası Prezidenti Ursula von der Leyen isə "seçimi qazanan" Demokratla işləmək üçün səbirsizliklə gözlədiyini söyləyib.

NATO hərbi ittifaqının Baş katibi Jens Stoltenberg seçkilərin nəticələrinə "hörmət edilməli" olduğunu deyib.

BMT Baş katibi António Guterresin hadisələrə görə "kədərləndiyini" söyləyib.

Hadisələr Amerikanın yaxın müttəfiqi və şimalındakı qonşusunu da şoka salıb. Baş nazir Justin Trudeau Kanadalıların "demokratiyaya edilən hücumdan çox narahat olduqlarını və kədərləndiklərini" söyləyib.

"Şiddət heç vaxt insanların iradəsini alt-üst etməkdə müvəffəq olmayacaq. ABŞ-da demokratiya dəstəklənməlidir - bu da olacaq" deyə Twitter-də yazıb.

Yeni Zelandiyadan Baş nazir Jacinda Ardern "demokratiya - insanların bir səs istifadə etmə hüququ, səslərini eşitdirmək və sonra bu qərarı sülh yolu ilə dəstəkləmək hüququ bir dəstə tərəfindən əsla geri alınmamalıdır" deyib.

ABŞ-ın digər bir yaxın müttəfiqi Avstraliyanın Baş naziri Scott Morrison "sıxıcı səhnələri" qınayıb və hakimiyyətin dinc yolla ötürülməsini səbirsizliklə gözlədiyini bildirib.

Dünyanın ən böyük demokratiyası olan Hindistanda Prezident Trump ilə yaxşı münasibətdə olan Baş nazir Narendra Modi da ABŞ paytaxtında"iğtişaşlar və şiddət xəbərlərini görməkdən məyus olduğunu" söyləyib.

O, Twitter-də "İqtidarın nizamlı və dinc yolla ötürülməsi davam etməlidir" deyib.

ABŞ-ın qanuni olaraq tanımadığı Venesuela hökuməti "bu təəssüf doğuran epizodla ABŞ təcavüzkarlıq siyasəti ilə digər ölkələrdə yaratdığı ilə eyni əziyyəti çəkir" deyib.

Argentina prezidenti Alberto Fernández və Çili prezidenti Sebastián Piñera da Twitter-dəki açıqlamalarında Washington-dakı mənzərələri qınayıblar.

Cənab Piñera Çilinin "qanunun aliliyinə zəmanət vermək üçün ABŞ demokratiyasının möhkəmliyinə etibar etdiyini" söyləyib.

Amerikanın yaxın müttəfiqlərindən və ortaqlarından biri olan Yaponiyada Ali Nazirlər Kabineti Katibi Katsunobu Kato hökumətin ABŞ-da "hakimiyyətin dinc yolla ötürülməsinə" ümid etdiyini söyləyib.

2006-cı ildə Ficidə çevrilişə rəhbərlik edən Baş nazir Frank Bainimarama da baş verən hadisələrə hiddətini dilə gətirib.

Sinqapurda Ali nazir Teo Chee Hean "şokedici" səhnələrin baş verdiyini izlədiyini söyləyərək onu "kədərli bir gün" adlandırıb.