Dövlət Sərhəd Xidmətinin polkovniki qəzada həlak olub, Ayasofyada necə namaz qılınacaq? Kişilər niyə maska taxmaq istəmir?

Dövət Sərhəd Xidmətinin qərargah rəisi qəzada həlak olub, Ayasofyada namaz qılınanda mozaikalar və freskalar pərdə ilə örtüləcək,Kişilərin maska taxmaq istəməməsi araşdırılıb, Türkiyə Prezidenti Recep Tayyip Erdoğan məscid statusu alan Ayasofyanı ziyarət edib, Azərbaycan vətəndaşları ölkəyə gətirilib - bu və başqa xəbərlər BBC News Azərbaycancanın icmalında.

Dövlət Sərhəd Xidməti

Şəklin mənbəyi, Dövlət Sərhəd Xidməti

Şəklin alt yazısı, Foto: Arxiv

DSX-nin qərargah rəisi həlak olub

İyulun 20-də Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qo­şunlarının "Xudat" sərhəd dəstəsinin "UAZ" markalı xidməti avtomobil qəzaya uğrayıb.

Hadisə nəticəsində hərbi qərargah rəisi pol­­kovnik Mirzəyev Şahin İbrahim oğlu vəfat edib, digər hərbi qulluqçular müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

DSX-nin məlumatına görə, sərhəd dəstəsi Quba rayonunun Xınalıq kəndi yaxın­lığındakı sərhəd zasta­vasına xidməti tapşırığın icrası ilə əlaqədar hərəkət edib.

Hadisə ilə əlaqədar DSX-nin Sərhəd Qoşunlarının və Hərbi Prokurorluğun nümayəndələri tərəfindən araşdırma aparıldığı bildirilib.

bu gün Ayasofya

Şəklin mənbəyi, Getty Images

Ayasofyada necə namaz qılınacaq?

Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın bu cümə günü Ayasofyada ilk namaz qılınacağı zaman tarixi mozaikalar və freskaların pərdə sistemi ilə örtüləcəyini söyləyib.

"İşıq sistemi olmayacaq. Hal-hazırda onları bağlamaq üçün pərdə sistemi üzərində iş gedir, işlər başa çatmaq üzrədir. Burada əsas prinsip bu mozaikalara, təsvirlərə, binanın tarixi quruluşuna və memarlığına xələl gətirməməkdir."

Ayasofyada ilk namaza neçə nəfərin qatılacağı ilə bağlı rəqəm verməyən Kalın söyləyib ki, orada koronavirus tədbirləri çərçivəsində məhdud sayda insan olacaq.

"İndi bir rəqəm vermək istəmirəm... Çünki bu məsələ, gigiyenik tələblərə uyğun şəkildə təmin olunur. Əvvəla, cümə namazına və Ayasofya məscidinin məbəd olmasına böyük bir məhəbbətə uyğun, o günün şanına, şərəfinə uyğun bir şəkildə, ləyaqətlə və sakit bir şəkildə bu açılışın gerçəkləşməsi nəzərdə tutulur. Hörmətli Prezidentimiz təbii ki qatlacaq. Vətəndaşlarımızla birlikdə müəyyən sayda camaat orada olacaq. Bu, Cümənin şərtlərindən biridir. Əsas yer olaraq Cümə namazı ilk növbədə giriş qatında qılınacaq".

Erdoğan Ayasofyanı ziyarət edib

Şəklin mənbəyi, Anadolu Agency

Erdoğan Ayasofyanı ziyarət edib

Türkiyə Prezidenti Recep Tayyip Erdoğan bazar günü İstanbuldakı Ayasofya məscidini ziyarət edib.

Bu tarixi və mədəniyyət abidəsinin rəsmi adı artıq "böyük məscid Ayasofya"-dır.

Prezident Erdoğan bu ilin iyulunda Ayasofyanın statusunun dəyişməsi ilə bağlı sərəncam verib.

Məsciddə ilk kütləvi namaz mərasiminin iyulun 24-də keçiriləcəyi bildirilib.

AZAL uçuşlar

Şəklin mənbəyi, AZAL

200-ə yaxın azərbaycanlı gətirilib

Azərbaycan Hava Yolları (AZAL) şirkəti bildirib ki, iyulun 19-da Moskva-Bakı çarter reysi ilə 197 Azərbaycanlı ölkəyə qaytarılıb.

Şirkətin məlumatına görə, reysə "COVID-19" testinin mənfi nəticəsini bildirən arayış təqdim edən sərnişinlər buraxılıb.

Qaydalara əsasən, Bakıya gəldikdən sonra bütün sərnişinlər iki həftə müddətində özünütəcrid rejimində qalırlar

Kişilər niyə maska taxmaq istəmir?

Şəklin mənbəyi, Getty Images

Kişilər niyə maska taxmaq istəmir?

Tədqiqatlar göstərib ki, kişilər qadınlara nisbətən fərdi qoruyucu vasitələr və üz örtüklərini taxmaqdan daha istəksizdirlər və bu, əvvəlki epidemiyalarda da müşahidə olunan bir tendensiyadır.

John Hopkins Universitetinin məlumat bazasına əsasən, Covid-19 infeksiyasına dünyada 13.8 milyondan çox şəxs yoluxub, 590 mindən çoxu ölüb.

Məlumatların mövcud olduğu ölkələrin böyük əksəriyyətində ölüm nisbəti kişilər arasında daha yüksəkdir.

Bəs, kişilər niyə maska taxmaqda istəksizdirlər?

ABŞ-ın Middlesex Universitetinin baş müəllimi Valerio Capraro və Riyaziyyat Elmi Tədqiqat İnstitutunun kanadalı riyaziyyatçısı Helene Barcelo bu sahədə araşdırma aparıb.

2500-ə yaxın adam arasında aparılan araşdırma göstərib ki, kişilər maska taxmağı "utancverici, dəbsiz və zəiflik əlaməti" kimi qəbul edirlər.

Araşdırma həm də göstərib ki, qadınlar maskanı daha könüllü taxsalar da, kişilər bu xəstəliyin onlara qadınlara nisbətən "daha az" təsir edəcəyini düşündükləri üçün maska taxmamağa üstünlük verirlər.

"Bu, bir növ ironik haldır, çünki rəsmi statistika göstərir ki, koronavirus kişilərə qadınlardan daha ciddi təsir edir", - araşdırmada deyilir.