Erkən menopauza “deyildiyi qədər qorxuludurmu?”

Şəklin mənbəyi, Getty Images
Hər ölkədə müəyyən fərqliliklər olsa da, menstruasiya dövrünün 40-45 yaşlardan tez başa çatması erkən menopauza hesab edilir.
Yumurtalıqların fəaliyyətinin daha tez bitməsi qadınlara necə təsir edir, proses hansı dəyişikliklərlə müşayət olunur? Bu mövzuda kitab hazırlayan Pınar Mavi şəxsi təcrübəsini BBC Türkcə üçün qələmə alıb.

Şəklin mənbəyi, PINAR MAVI
"Nəyi səhv etmişəm?"
Mən ana olmaq ümidimi 9 addımda itirdim - gözləmə salonundan ginekoloqun kabinetinə qədər olan məsafədə. Addımlarımın sayını ona görə bilirəm ki, yeriməsəm, donub qalacaqdım.
Testin nəticələrini masanın üstünə qoyanda həkimin üzündən bir kədər dalğası keçdi. Amma sakit və yumşaq səslə danışmağa başladı, dediklərinin çox az qismini eşidə bildim: "Menopauza, səbəbini anlaya bilmirik, genetik, travma, ağır metal. Üzgünəm, kaş ki..."
Dərin bir nəfəs alandan onra başımdakı bütün səslərin birləşərək qışqırdığı cümləni dedim: "Nəyi səhv etmişəm?"
Aylardır başqalarının yanında görünmələrinə icazə vermədiyim göz yaşlarım bu dəfə iradəmə güc gəlib yanaqlarımdan süzüldü. Doğuşdan sonra içimə çəkə biləcəyim o sehirli iy bir anda uçub getdi - övladlarımın bacı-qardaşlarımın uşaqlarıyla birlikdə Egey qumsallığında qala tikməsinin, doğumdan əvvəl anamla birlikdə körpəyə pal-paltar alış-verişinə çıxdığımızın, atamın öz böyük əlləriylə nəvəsinə ilk dəfə yemək yedirməsinin təsəvvürümdəki görüntüləriylə birlikdə əriyib havaya qarışdı. Bacım körpəmi ilk dəfə qucağına alanda ona "Artıq sən də ana əvəzisən" deyə bilməyəcəyimi də düşündüm, az qaldı nəfəsim kəsilsin...
Küçəyə çıxanda ilk dəfə hara gedəcəyimi bilmədən irəlilədim. Həyatımda heç nə mənim nəzarətim altında deyildi. Həyat yanımdan ötüb getmişdi, indi onun üçün mən bir yadıydım. Bundan sonra normal olmayacaqdım. Təkcə ana olmaq ehtimalını deyil, eyni zamanda qadınlığın da harasında durduğumu bilmədən 32 yaşında dişiliyimi itirmişdim.
Hara getdiyimin fərqinə varmadan, yerə baxaraq irəlilədiyim o dəqiqələrdə çox uzun sürəcək yas dönəminin lap başlanğıcında olduğumu bilmirdim. Xəyal etdiyim uşaqlarımınmı, yoxsa qadınlığımınmı yasını tutduğumu da uzun müddət anlamayacaqdım.

Şəklin mənbəyi, Getty Images
"Cəmi bir neçə ay əvvəl həkim yumurtalıqlarımın çox sağlam olduğunu demişdi"
Hər şey o qədər sürətlə baş vermişdi ki, iki ay minstruasiya olmamağı streslə əlaqələndirib əminlik üçün qan testi etdirmiş, nəticənin "postmeno" pauza aralığında olduğunu görüb inanmamışdım. Bu nəticənin menopauzdan sonrakı dövrün diaqnozu olması mümkün deyildi, yüz faiz səhv anlamışdım. Ancaq internetdə baxdığım hər səhifədə təxminən eyni şeylər yazılmışdı.
Bəlkə menopauzanın 50 yaşından sonra anamın rəfiqələriylə zarafat mövzusuna çevirdiyi, vaxtı gələndə maraqlanaram deyə çox da diqqət etmədiyim məsələdən - minstruasiyanın bitməsindən başqa da bir mənası vardı? Hələ 32 yaşındaydım və yumurtalıqlarım hormon "kranlarını" həmişəlik bağlaya bilməzdi, elə deyilmi? Cəmi bir neçə ay əvvəl ginekoloqum onların çox sağlam göründüyünü və hamilə qalmaq üçün yaxşı məqamı olduğunu demişdi. Demək ki, ortada nəsə bir səhv vardı.
Sonrakı həftələrdə testin nəticələrinə aid fərqli bir açıqlama tapmaq ümidiylə baxdığım bütün internet saytlarında, bütün mənbələrdə eyni şeylər yazılmışdı - menopauza geri dönüşü olmayan prosesdir və 40 yaşdan əvvəl başlayanına prematur, 45 yaşdan əvvəl başlayana erkən menopauza deyilirmiş.
Prematur menapoz 100 qadından birində rast gəlinən halmış. Yaşı 35-dən az olanlarda daha az olar düşüncəyilə əlavə qan testləri də etdirdim. Məlum oldu ki, menopauzaya səbəb olacaq hər hansı xəstəliyim yoxdur. Ginekoloqum dedi ki, hormon müalicəsi almadan və sonra da yumurta sayını ölçən AMH testindən keçmədən diaqnoz qoymaq doğru deyil. Onun sözləri məni xeyli ümidləndirdi.
Ancaq bu testin nəticələrinin də əvvəlkilərlə eyni olduğunu görüb gözləmə salonundan həkimin otağına qədər olan doqquz addımlıq məsafəni qət edəndən sonra qaçmağa yer qalmadı.

Şəklin mənbəyi, Getty Images
"Sən də, nəhayət, bir uşaq doğ"
Vicdan əzabı, dərin kədər, utanmaq, təklik, itki, yarımçıqlıq hisslərinin biri gedib o biri gəlirdi, ancaq mən ətrafdakılara ancaq gülən üzümü göstərdim. Sağlam və xoşbəxt yaşamaq üçün mütləq hormon müalicəsi almalı olduğumu deyən həkimlərə; "Artıq yaşın keçir, sən də bir uşaq doğ" deyən taksi sürücülərinə, qonşu xalalara; təsadüfən yanlarına əyləşdiyim insanların təkrar etməkdən yorulmadıqları "Neçə uşağın var" sualına ya yayındırıcı zarafatlarla, ya da yalançı təbəssümlərlə cavab verdim.
Həyatın mənə qarşı ədalətsizliyinə qəzəbləndim, insanların "sabahın xeyir" deyirmiş kimi çox asanlıqla "Sən də, nəhayət, bir uşaq doğ" sözünə illər boyu doğru cavab verməkdən yayındım. Nə kədərimlə, nə də içimdəki travmayla üzləşə bildim.
Buna hardan başlayacağımı bilmədim. Başqa üsullara əl atdım - övladlığa götürmək cəhdləri, yumurta nəqli əməliyyatı, yumurtalığı oyandıracaq möcüzəli əməliyyat...
Amma bir gün hamısından yoruldum. Sanki niyə qaçdığımı bilmədən dünyanın ən uzun marafonuna qoşulmuş, onsuz da yorğun olan ruhumu lap da əldən salmışdım. Əslində, bu marafon menopauzaya girəndən sonra yox, qız olaraq dünyaya gəldiyim gündən ana olmağa proqramlaşdırılmağımla başlamışdı. Uşaq vaxtı - hələ yumurtanın təkcə toyuqdan əmələ gəldiyini düşündüyüm vaxtlarda elə hey məndən "Böyüyəndə qızının, yoxsa oğlunun olmasını istəyirsən?" soruşmuşdular. "Yalın ayaqla gəzmə, yumurtalıqların soyuqlayar, uşağın olmaz", "Ana olanda başa düşəcəksən", "Ancaq o zaman özündən çox başqasını düşünməyi öyrənəcəksən" dedimişdilər... Hətta cənnət də anaların ayaqlarının altındaydı!

Şəklin mənbəyi, Getty Images
Menapauza deyildiyi qədər qorxuncdurmu?
Marafona avtomatik olaraq qoşulmuşdum, ancaq gözlənilməz menopauza ilə yanaşı, əl atdığım bütün üsullar da boşa çıxdıqdan sonra artıq analıqdan diskvalifikasiya olunmuşdum. Ana ola bilmədiyim üçün ailə də qura bilməyəcək və bütünləşmədən, tək öləcəkdim. Üstəlik, qadınlığın ən pis xəstəliyinə bu qədər tez ücrah olmağımın verdiyi ağrı...
Menopauza haqqında yazılanların hamısında eyni şey vurğulanırdı:
"Menopauza qadınların qaçılmaz kabusudur", "Menepoz qocaldır, kökəldir, cinsi istəyi azaldır, bədənin formasını dəyişir, göbəyin ətrafında piy qatı yaradır, əzələləri və sümükləri əridir, sümük qırıqları ölümə səbəb ola bilir, əsəbləri tama korlayır, üzü pörtdürüb ictimaiyyət arasında utandırır, gecələr tərlədib yuxunu haram edir, yaddaşı korşaldır, adamı içinə qapandırır, vaginanı genişləndirir, dərini nazikləşdirir, qırışları çoxaldır, hormon müalicəsində də, bu müalicədən imtina edəndə də xərçəng riski yaradır" və sairə və sairə bu kimi qorxuducu fikirlər...
Hamısında eyni adam yazıbmış kimi, "məlumat" adıyla fəlakət dəllallığı edən saytlarda eyni şeyləri təkrar-təkrar oxuyandan sonra içimdən bir səs yüksəldi: "Olmaz olsun belə qadınlığı".
Gec-tez hər bir qadının üzləşəcəyi menopauza, doğrudanmı, bu qədər qorxuncuydu? Söhbət qocalmaqdan gedirdi, yoxsa orqanizmdə estrogen və progesteron hormonlarının çatışmazlığındanmı? Bütün cəhdlərimə rəğmən ana ola bilməyib xəstəxanadan evə gəldiyim zamanlarda çəkdiyim əzablar azmış kimi, gecələr yuxuya gedə bilsəm, bir səhər oyananda bədənimi tamam başqa şəkildə, özümü əsəbi və depressiyada görəcəkdimmi?

Şəklin mənbəyi, Getty Images
Yenidən öyrənmək
Yox, burda da nəsə bir səhv vardı. Yəni mən həyata uşaqlığımdan bəri proqramlaşdırılmış konsepsiyaların, təriflərin içində qalaraq yaşamağa gəlmişəmmi? Həyat bu qədər məhdud ola bilməzdi. Bəlkə də bəzi şeyləri əvvəldən öyrənməm lazım gələcəkdi. Mənə öyrədilən, mütləq həqiqət kimi qəbul etdiyim şeylər- heç şübhə etmədiyim şeylər bəlkə o qədər də doğru deyildi.
Menopauza əslində nədir?
Menopauzadan sonra estrogen ve progesteron hormonlarının azalması o deməkdir ki, orqanizm onları artıq başqa məqsədlər üçün istifadə etməyə başlayıb. Şərq cəmiyyətlərində menopauza qocalma kimi yox, müdrikliyin ən yüksək həddə çatdığı dövr olaraq qiymətləndirilir. Bəs bizdə niyə belə qorxunc şeylər yazılır?
Bizə deyildiyi kimi, mərhəmətli olmaq üçün ana olmamız lazım gəlsəydi və ancaq öz uşaqlarımızı çox sevsəydik, başqalarının - məsələn, ciddi xəstəliyə tutulmuş gənc insanların həyat hekayəsini eşidəndə ağlaya bilərdikmi? Minimum əməkhaqqı alan biri qənaət edib yığdığı pulla iki ibtidai məktəb şagirdinə təqaüd verərdimi? Çuxura düşən bir küçüyü xilas etmək üçün on nəfər səfərbər olradımı? Bizi şəfqətlə gülümsədən, gözlərimizi yaşardan belə hadisələr saysız-hesab deyilmi?

Şəklin mənbəyi, Getty Images
Ətrafımdakı qadınlardan yardım istəyə bilmədim
İndi 41 yaşındayam və görürəm ki, menopauza nə qadınlıqla, nə də ana ola bilməməklə əlaqəlidir.
Amma o ağır günlərimdə heç bir qadından bu haqda heç nə soruşmadım. Bir küncə sıxılıb menopauzaya girdiyim üçün utandım, öz qınıma çəkildim. Qadınlığın nə olduğunu bilmədən, hisslərimin hələ qalıb-qalmadığına əmin olmadan içimdə böyük bir boşluqla yaşadım. Ətrafımdakı qadınların bildikləri hikmətləri soruşmaqdan çəkindim.
Halbuki menopauzaya girdiyimi öyrəndiyim gün özümün də dəyişəcəyini təxmin etməmişdim.Anlaya bilməmişdim ki, həyatında hər şeyə nəzarət etdiyinə inanan, içindəki gücdən xəbərsiz bir şəkildə heç durmadan çalışan, heç nəyin incidə bilməyəcəyi qadın olaraq yuxuya gedib sabahısı gün içimdəki həssaslıq və kövrəkliklə üzləşəcəyim böyük bir yolşuluğa oyanacam. Sən demə, mən ana olmaq ehtimalını itirəndən sonra ana olmağın nə demək olduğunu başa düşmüşdüm; qəlbim qapılarını həm özümə, həm də ətrafımdakılara açmışdı. Sən demə, ürəyimin sevdiyim insanlarçün vurduğunu sarsıldıqdan sonra anlaya bilmişdim. Sən demə, həyatım məcburi şəkildə mənə əzbərlədilən təriflərdən çox-çox böyükmüş...
Son və vacib qeyd: menopauza yan təsirləri dərman vərəqində yazılmalı olan məcburi qeydlər kimidir.
İstilik basması istisna olmaqla, mən menopauzaya girdikdən 10 il sonra da onun yan təsirlərini hiss etmədim. Heç itilik halları da təsvir edildiyi qədər qorxulu olmadı - həmin an sakit olmaq kifayət edir ki, menopauzanın bu xüsusiyyəti sizinçün problem yaratmaq gücünü itirsin. Bir səhər oyanıb qarnımda yağ təbəqələri görmədim, son 15 ildir ki, təxminən eyni çəkidəyəm. Həyatım hərəkətli, enerjili keçdi, internet saytlarındakı məlumatların mənim timsalımda gerçəkləşməsinə imkan vermədim.
Menopauzanı "xəstəlik" kimi təqdim edərək həyatınıza mənfi təsir edəcəyini yazan, sizin orqanizminizi sizdən yaxşı bildiyini iddia edən sağlamlıq saytlarıyla əlaqə yaradıbonlardan leksikonlarını dəyişmələrini istəyin. O cür danışan həkimləri, tibb bacılarını, qadınları, kişiləri dediklərini təkrar götür-qoy etməyə ürəkləndirin. Orqanizminizə nələrin faydalı olduğunu ən yaxşı bilən siz özünüzsünüz, ona görə də əvvəlcə onu dinləyin.
Həyat bizə öyrədilən təriflərdən çox-çox dərindir.







