Menstruasiya məzuniyyəti tətbiq olunmalıdırmı?

Şəklin mənbəyi, Getty Images
Qadınlara menstruasiya zamanı işdən icazə verilməsi fikri cəmiyyətdə birmənalı qarşılanmayıb. Bəs qadın işçilərə dəstək olmaq üçün işəgötürənlər nə edə bilərlər?
Bex Baxter bir gün ofisə gələrkən şirkətin katibəsini masasında "ikiqat" oturan görür. Müştəriyə xidmət etməyə çalışan katibənin rəngi "kağız kimi ağarmışdı və ağrı çəkdiyi aydın idi".
"Dərhal ona evə getməsi üçün icazəsi olduğunu dedim," o vaxt şirkətin direktoru olan Baxter deyir.
"O, utandı və "sadəcə olaraq aybaşı olmuşam və bir azdan keçər" deyərək təklifimi rədd etdi."
O günə qədər Baxter, Bristolda işlədiyi İngiltərənin cənub-qərbində yaşayış yerləri yaradan Coexist adlı şirkətin korporativ 'menstruasiya siyasətindən' xəbərsiz olub.
Deyir ki, həmin vaxt o bunu adi insan haqqı kimi dəyərləndirmişdi. Ona görə, standart bioloji proses heç vaxt utandırıcı ola bilməz.
Menstruasiya məzuniyyəti, kəskin aybaşı ağrısı yaşayan qadınların bir və ya iki gün evdə qalmaq hüququ deməkdir. Artıq dünyanın bir neçə ölkələrində tətbiq olunsa da, daha çox qeyri-məhsuldar addım kimi tənqidlərə məruz qalır və qadın işçilərlə bağlı neqativ stereotiplərə yol açır.

Şəklin mənbəyi, Getty Images
Yaponiya, İndoneziya, Tayvan, Cənubi Koreya və Çinin bir neçə əyaləti də daxil olmaqla bəzi Asiya ölkələrində aybaşı ərzində qadınların müəyyən günlərdə evdə qalmaq icazəsi var. Bu icazədən isə çox az qadın yararlanır. Əksər qadınları qorxudan səbəblər seksual təcavüz və zəif təsiri bağışlamaqdır.
Mart ayında İtaliya parlamenti milli menstruasiya məzuniyyəti layihəsini müzakirəyə çıxarıb. Bir çoxu hər ay ödənişli üç məzuniyyət gününün işəgötürənlərin qadınları işə götürməməsi kimi riskə yol açacağını dilə gətiriblər.
Tabu mövzusu
Aybaşı vaxtı stiqma - aybaşının murdar, utandırıcı və narahatedici olması fikri - qız və qadınları məktəb və iş yerlərindən uzaqlaşdıra bilər. Məsələn, sanitar məhsullar əlçatan olmazsa, qadın aybaşı zamanı evdə qalmağa üstünlük verər. Geyim işçisi isə fasilədən əvvəl bezini dəyişmək üçün ayaq yoluna gedərək işini riskə almaq istəməz.
Hətta, rahat tualeti olan və iş qrafiki tez-tez ayaq yoluna getmək üçün əlverişli ofis şəraitində işləyən qadınlar belə, aybaşını gizli tuta bilmək üçün əziyyət çəkirlər. Nisbətən yeni bir araşdırma qadınların aybaşısının onlara qarşı ictimai münasibətə necə təsir göstərdiyi tədqiq olunub. 2002-ci ildə aparılan bit tədqiqatda tampondan istifadə edən qadınlara daha az səriştəli, daha az xoşagəlimli və fiziki baxımdan daha az cəlbedici münasibət bəsləndiyi ortaya çıxıb.

Şəklin mənbəyi, Getty Images
Dünya üzrə işçi qüvvəsinin 40%-ni qadınlar təşkil edir və onların da 20%-i aybaşının ilk günlərində kəskin sancılar yaşayırlar. Bu, dismenoreya adlanır. Belə qadınlar üçün aybaşı məzuniyyəti rahatlıq kimi səslənə bilər, əgər bu onları işlərindən geri salmırsa. Bəs bunu necə həll etmək olar?
"Korporativ bizneslərdə menstruasiya ilə bağlı təlimlər keçirilməli, onun məqsədi aydın izah olunmalı və qadınlara heç bir stiqma olmadan qadın kimi davrana biləcəkləri aşılanmalıdır," Coexist-dən ayrılsa da, hələ də Coexist-in aybaşı siyasəti üzrə müşavir olan Baxter deyir.
Bu isə tabuları dilə gətirmək üçün müzakirə imkanı yaradır. Ən azından aybaşı məzuniyyəti insanların o haqda danışmasına səbəb olur. Burada əsas məsələ, qadınların işçi qüvvəsindəki roluna xələl gəlmədən əlverişli tətbiq üsulunu tapmaqdan ibarətdir.
Tətbiq
Şirkətin bunu tətbiq etməsi onun ölçüsü və quruluşundan asılıdır, amma bir neçə əsas ümumi müddəa mövcuddur. Onlardan biri dildir. Bunu iş yerində menstruasiya və menopoz üzrə məsləhətçi və Avstraliyanın Melburn şəhərində yerləşən Monash Biznes məktəbinin elmlər namizədi Lara Owen deyir.
Menstruasiya məzuniyyəti əslində yüklü ifadədir və heç vaxt kəskin sancı yaşamayan insanların əsassız fərziyyələr yürütməsinə səbəb ola bilər. Məsələn, "problem sayılmayan bir şey üçün qadınlara icazə veriləcək" fikri, Owen deyir. "Menstruasiya məzuniyyəti" ifadəsinin əvəzinə o, qadınlar üçün ofis şəraitində münasib otağın təşkilini ifadə edən terminologiyaya üstünlük verir.

Şəklin mənbəyi, Lara Owen
Texas Rice Universitetinin psixologiya üzrə dosenti Eden King iş yerindəki ayrı-seçkiliyi öyrənir. O da, bu cür siyasətlərin qadınlar üçün mühüm olduğu fikri ilə razıdır. King təklif edir ki, gender bərabərliyi tam təmin olunarsa, dismenoreyadən əziyyət çəkənlər rahat olar bilərlər.
"Təşkilatın bütün işçilərə şamil olunan elə bir məzuniyyət siyasəti olmalıdır ki, səbəbindən asılı olmayaraq özünü xəstə hiss edən işçi icazə ala bilsin," o deyir.
"Beləliklə, hər kəsə qarşı eyni münasibət formalaşacaq. Əks halda müəyyən qrup üçün xüsusi siyasət tətbiq etməklə, onların digərlərindən daha zəif olduğu fikrini irəli sürmüş oluruq. Bu da gender stereotiplərini daha da gücləndirir."
Əgər aybaşı məzuniyyətinin məqsədi tabuları dəf etməkdirsə, menstruasiya sözünü işlətməyə nə hacət? Menstruasiya xəstəlik deyil, Owen vurğulayır. Tam əksi, daimi sikl sağlamlığın sübutudur. Uyğunluq mühüm olduğu qədər, o deyir, şirkətlərin aybaşını icazə üçün anlaşılan səbəb kimi siyahıya salması da ağlabatandır.

Şəklin mənbəyi, Getty Images
"Problemi utanmadan uca səslə dilə gətirmək, stiqmaya birbaşa müraciətdir və həlli də uzun vaxt apara bilər," VaterAid America-nın siyasət və müdafiə üzrə direktoru Lisa Schechtman deyir. Lakin qadınlar aktiv olmalıdırlar deyə o əlavə edir.
"Qadınlar üçün bu cür siyasətləri kişilər tərtib edə bilməzlər. Menstruasiya ilə bağlı proqramın tərtibi, tətbiqi və nəzarəti mütləq və mütləq bunu yaşayan insanlar tərəfindən olmalıdır."
Baxter-in məqsədi də budur: işçilərdən məlumat toplayaraq o, Coexist üçün yeni bir proqram hazırlayır. Proqramda müştəri ilə daimi ünsiyyətdə olan işçinin ofis işçisinə nisbətən, fərqli ehtiyaclarını da təmin olunacaq.
Gələn ay Coexist yeni menstruasiya siyasətini təqdim edəcək. Baxter deyir ki, qadın işçilər aybaşı əsnasında yaşadıqları narahatlıqları professional cədvəllərinə daxil edə biləcəklər.
Owen ilə tez-tez işləyən Baxter aybaşını pozitiv təqdim etmək uğrunda çalışır - "optimal sağlamlıq və artım üçün bir vasitə," o deyir.
- Yazının orijinalını ingilis dilində BBC Capital səhifəsində oxuyun.
- Dərgidəki digər yazıları dərgi bölməsindən oxuya bilərsiniz.







