İran: “Rominə Əşrəfinin sevgilisi adam oğurluğu ittihamı ilə həbs edilib”

Rominə

Şəklin mənbəyi, Twitter

Şəklin alt yazısı, Rominə, həyatı üçün qorxduğunu polisə söylədiyinə baxmayaraq, evinə göndərilb.

İran agentlikləri 14 yaşlı Rominə Əşrəfi ilə evdən qaçdığı deyilən Bəhmən Xavəri adlı şəxsin həbs olunduğunu bildirir.

Gilan əyalətindən olan "28 yaşlı" kişinin adam oğurluğu ittihamı ilə dünən gecə yaxalandığı xəbər verilib. Onun dəqiq yaşı barədə məlumatlar ziddiyyətlidir. Bəzi mənbələrdə saxlanılan şəxsin 34 yaşında olduğu göstərilir.

Bundan əvvəl 14 yaşlı qızını "namus üstündə öldürməkdə" ittiham olunan kişi həbs edilib.

Bu qətl hadisəsi İranda geniş hiddət doğurub.

Atası Rominə Əşrəfinin "35 yaşlı" sevgilisi ilə evliliyinə etiraz edəndən sonra o, Gilan əyalətindəki evindən qaçıb.

Cütlük polis tərəfindən aşkar edildikdən sonra Rominə, həyatı üçün qorxduğunu söylədiyinə baxmayaraq, evinə göndərilb.

Keçən cümə axşamı güman edildiyinə görə, atası ona yataq otağında hücum edib.

Gilkhabar.ir portalının bildirdiyinə görə, atası Rominənin başını oraqla kəsib və bundan sonra əlində oraq evdən çıxaraq əməlini etiraf edib".

Çərşənbə günü İranda bir sıra qəzetlər Rominənin əhvalatını ön səhifədə dərc ediblər.

İslahatpərəst Ebtekar qəzeti bu əhvalat barədə məqaləyə "Təhlükəsiz olmayan ata evi" başlığı verərək qeyd edib ki, mövcud qanunvericilik qadınları və qızları müdafiə etməkdə acizdir.

Eyni zamanda, farsca #Romina_Ashrafi həştəqi 50.000-dən çox dəfə Twitter-də istifadə edilib,

istifadəçilərin əksəriyyəti qətlləri və bütövlükdə İran cəmiyyətində patriarxal qaydaları pisləyiblər.

İran qadın və ailə işləri üzrə keçmiş vitse-prezident və qadınların hüquqlarının müdafiəsi cəmiyyətinin katibi Şahindoxt Molaverdi yazıb: "Rominə namus qətllərinin nə birinci, nə də sonuncu qurbanıdır".

O əlavə edib ki, "nə qədər ki, qanun və yerli və qlobal icmalarda dominant mədəniyyətlər belə halların qarşısını almayacaq", bu cür qətllər davam edəcək

İranın İslam cinayət məcəlləsində məişət zorakılığı və ya "namus qətli" nəticəsində uşaqlara fiziki ziyan vurulması və ya onların qətlinə görə məhkum edilmiş atalara və digər ailə üzvlərinə qarşı cəza tədbirləri nisbətən yüngüldür.

Əgər kişi qızının öldürülməsində təqsirli bilinibsə, ona qarşı 3 ildən 10 ilədək azadlıqdan məhrumetmə cəzasının kəsiləcəyi ehtimalı daha yüksəkdir.

İranda "namus qətlləri"nin statistikasına dair məlumat yoxdur, lakin ABŞ Dövlət Departamentinin məlumatına görə, ötən il hüquq müdafiəçiləri bildiriblər ki, bu cür hadisələr xüsusilə kənd əhalisi arasında və tayfalar daxilində baş verməkdə davam edir.